Firdovsi Hadıyev və Abid Məmmədov cütlüyü Qazaxda at oynadır - Dövlət malını talayan yenə iş başında

14-10-2016, 14:23           
Firdovsi Hadıyev və Abid Məmmədov cütlüyü Qazaxda at oynadır - Dövlət malını talayan yenə iş başında
Xatırlayırsınızsa, hələ bir neçə il bundan öncə Qazax konserv zavodunun bağlanması respublika səviyyəsində səs-küylü qalmaqalla müşahidə olunmuşdu. Bu barədə ölkə mətbuatına təqdim olunan məlumatlarda isə, zavodun əmlakının talan olunması, milyon manatlarla vəsaitlərin mənimsənilməsinə dair iddialar ortaya qoyulmuşdu. Zavod fəaliyyətini dayandıranda Dövlət Əmlak Komitəsi tərəfindən o vaxtkı pulla 9 milyard 250 milyon manat dəyərində qiymətləndirilib. 460 işçisi olan müəssisənin avadanlıqları, o cümlədən tutumu 50 ton olan şərab termosları xaricə satılıb. Zavodun bütün əmlakı talan edilib. O dövrdə konserv zavodunun direktoru Firdovsi Hadıyev adlı şəxs olub. Zavodun hüquqşünası Kərəm Əhmədov məsələ ilə bağlı 1995-2000-ci illər arasında baş prokuror Eldar Həsənova müraciət edib. O zaman dövlət əmlakının dağıdılması ilə bağlı barələrində cinayət işi açılan şəxslər sonradan amnistiyaya düşüblər. Bir müddət sonra isə, bu qalmaqal ətrafında yaşanan ehtiraslar getdikcə soyudu və nəticə olaraq, mövzu mətbuatın da gündəmindən düşdü. Amma görünür bu müəssisənin, daha dəqiq desək zavodun keçmiş direktoru Firdovsi Hadıyevin “qismətində” yenidən gündəmə gəlmək varmış. Əlbəttə ki, milyon manatlarla vəsaitləri mənimsəmək, sonradan heç bir şey olmayıb kimi yenidən, həm də məhz talan etdiyin zavodun bazasında başqa bir müəssisə açıb fəaliyyətə başlamaq və nəticə etibarı ilə özünə diqqət cəlb etməmək mümkün deyil. Hətta yeni yaratdığın müəssisənin adını gizli saxlamağa nə qədər cəhd etsən də...

Amma gəlin olub-bitənlərlə mənbənin təqdim etdiyi məlumatlardan tanış olaq. Belə ki, dünən redaksiyamıza müraciət etmiş Qazax sakini Nəsibova Sevda Akif qızı həm Firdovsi Hadıyev, həm də onun yaxın ətrafı, şərikləri barədə olduqca maraqlı açıqlamalar təqdim etmişdir. Qeyd edək ki, Sevda Nəsibova görkəmli saz ifaçısı, əməkdar incəsənət xadimi Aşıq Ədalətin gəlinidir. Beləliklə, öz ərizəsində Sevda Nəsibova yazır: “Bu gün Qazaxda Firdovsi Hadıyev və onun şəriki, mənim şikayətçi olduğum Abid Məmmədov sözün əsil mənasında yenidən at oynadırlar. Nəyə görə yenidən? Çünki hələ təxminən 10-15 il bundan əvvəl də Firdovsi Hadıyevin rayonda qılıncının hər iki üzü kəsirdi. O zaman Firdovsi Hadıyev Qazax konserv zavodunun direktoru idi. Sonra zavodu talan etdiyinə, əmlakı satıb pullarını mənimsədiyinə görə barəsində cinayət işi də açıldı. Sonradan bəxtimi gətirdi, ya necə oldusa aministiyaya düşdü. Yəni, sudan quru çıxa bildi. Bu gün isə, həmin mənimsədiyi pulların hesabına, elə köhnə konserv zavodunun yerindəcə özünə yeni müəssisə, MMC yaradıb. Amma bu müəssisənin adı rayonda heç kəsə bəlli deyil. Məlumat var ki, Firdovsi Hadıyev vergi ödəmələri ilə törətdiyi çoxsaylı maxinasiyalar, büdcəyə vergi ödənişlərindən yayınmalar kimi halları ört-basdır etmək məqsədilə bu müəssisənin adını gizli saxlamağa çalışır. Həm də bir çox digər məsələlərdən fərqli olaraq, bu adı gizli saxlamağı bacarır da. Amma onun rəhbərlik etdiyi müəssisədə nə işlə məşğul olması, hətta şəxsi həyatı ilə biznesini də bir-birinə qatması barədə Qazax sakinlərinə çox şey məlumdur. Məsələn, rayonda hamı bilir ki, Firdovsi Hadıyev öz həyat yoldaşını rəsmi olaraq boşayıb və katibəsi ilə yeni ailə qurub. Bununla belə, köhnə həyat yoldaşının da maddi təminatı yenə də onun boynundadır. Həmçinin hamı bilir ki, Firdovsi Hadıyev yeni həyat yoldaşının atasını öz şirkətinə sürücü vəzifəsinə işə götürüb və bu da sadəcə kağız üzərindədir. Amma bu təfərrüatlar dediyim kimi, onun şəxsi həyatına aiddir. Biznesə gəlincə isə, Firdovsi Hadıyevin rəhbərlik etdiyi müəssisə hazırda gəc, əhəng, alçı (şpatlyovka) və sairə bu kimi tikinti materialları istehsalı ilə məşğuldur. Bu məqsədlə həmin müəssisədə Qazaxın Daş Salahlı kəndi ərazisində yerləşən Avey dağından gətirilən daşlardan xammal kimi istifadə olunur. Qeyd edim ki, müəssisənin biznesi kifayət qədər gəlir gətirsə də, Firdovsi Hadıyev dövlət tərəfindən sahibkarlığın inkişafı üçün ayrılan kreditlərlə müxtəlif maxinasiyalar həyata keçirməkdən də çəkinmir. Bu barədə müəssisənin daxilində olan şəxslər məlumat verirlər. Müəssisədə istehsal olunan məhsullara gəlincə isə, onların satışı əsasən Bakıda həyata keçirilir. Yeri gəlmişkən, məhz bu yönümdə Firdovsi Hadıyevin yaxın dostu Abidin şərikliyi onun karına gəlir.

Qeyd edim ki, mənim şikayətçi olduğum həmin bu Abid Məmmədovun bu günkü var-dövlətinin, zənginliyinin mənşəyi Firdovsi Hadıyevdə olduğundan bir qədər fərqlidir. Yəni son nəticə etibarı ilə, bu dostların hər ikisi haram maya ilə öz bizneslərini qursalar da, Abidin birdən-dirə böyük bir müəssisəni talayıb varlanmaq imkanı olmayıb. Bunun əvəzində isə, o, mənim kimi ayrı-ayrı vətəndaşları aldatmaq və onların pullarını ələ keçirmək yolunu tutub. Təxminən 10-12 il bundan əvvəl, Abid heç də indiki kimi zəngin deyildi. O zaman müəyyən işləri görmək və ayağa qalxmaq üçün o, başqa-başqa insanlardan borc almaq məcburiyyətində idi. O cümlədən, 2005-ci ildə Abid bir gün bizə də belə bir xahişlə müraciət etdi (o zaman rəhmətlik həyat yoldaşım da həyatda idi). Həm də təklif etdi ki, onun quracağı biznesdə bizim də payımız olacaq. Fikirləşdik ki, dolanışığımıza kömək olar. Buna görə də əlimizdə olub-qalanı yığıb verdik Abidə. Olub qalanımız isə, 3500 manat nəğd pul, 2500 manatlıq qızıl-zinyət əşyaları və o zaman hələ qiyməti olan “QAZ-31” markalı avtomobil idi. Dediyim kimi, bütün bunları yığıb verdik Abidə. Artıq aradan 11 il keçib. Bu gün Abid artıq çox zəngin olmağı bacarıb. Hazırda onun nəzarətində tikinti işləri ilə məşğul olan şirkətlər var. Qazaxda ən bahalı binaların inşaatını da o həyata keçirir. Məndə olan məlumata görə, təkcə Qazaxda deyil, Bakıda da Abidin şirkətləri tikinti aparırlar. Məsələn, Təhsil Nazirliyinin və Səhiyyə Nazirliyinin inşaat işlərinə dair sifarişlərinin də çox hissəsini məhz Abidin şirkətləri həyata keçirir. Bundan başqa isə, Abid Məmmədov (və ya onun şirkətləri) hər iki nazirliyin keçirdiyi satınalmalar üzrə tenderlərə də mütəmadi olaraq qatılır. Həm də davamlı olaraq bu tenderlərdə qalib olur. Buna görə də, Təhsil Nazirliyinin və Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrə çeşidli mal-materialların, müxtəlif məhsul və avadanlıqların satışını da məhz Abid Məmmədov həyata keçirir. Hətta bəzi məlumatlara görə, Abid “Kral” adlı ət məhsullarını (sosiska, kolbasa və sairə) istehsal edən müəssisəyə də şərikdir. Amma bütün bunların müqabilində bu şəxs aradan artıq 11 il keçməsinə baxmayaraq, bu gün də mənim pulumu qaytarmaq istəmir. Hətta həyat yoldaşımın rəhmətə getməsindən sonra da Abid Məmmədov insafa gəlib, artıq tənha qadın olduğumu nəzərə alıb borcumu qaytarmadı. Qazaxda isə, bu gün nə Abid Məmmədova, nə də Firdovsi Hadıyevə heç kim gözün üstə qaşın var deyə bilmir. Çünki bu şəxslər, xüsusən də Firdovsi Hadıyev bəzi yüksək vəzifəli dövlət məmurlarının, hətta ölkə prokurorunun adından elə məharətlə sui-istifadə edir, özünü bu şəxslərin yaxın adamı kimi elə qələmə verir ki, nəticədə hamı onlardan çəkinir. Mənim kimi kimsəsiz, arxasız insanları isə, bunlar heç hesaba da almırlar. Buna görə də mən nəhayət bütün bu olanları ictimailəşdirib, mətbuat vasitəsilə ölkə rəhbərliyinin diqqətinə çatdırmaq istədim. Çox ümid edirəm ki, bundan sonra müvafiq orqanlar bu problemin həllində mənə köməklik göstərəcəklər.”

Öz tərəfimizdən qeyd edək ki, bizdə olan məlumata görə, Qazaxda fəaliyyət göstərən və konserv zavodu kimi tanınan müəssisənin tam adı Qazax-Konserv ASC (VÖEN 4200005531)-dir. Lakin məhz bu müəssisənin Firdovsi Hadıyevin hazırda rəhbərlik etdiyi şirkət olub-olmadığına dair dəqiq məlumatımız yoxdur. Digər tərəfdən də, Firdovsi Hadıyevə məxsus şirkətin tikinti materiallarının istehsalı ilə məşğul olması bu müəssisənin çoxprofilli olmasından xəbər verir. Bunu da qeyd edək ki, əldə etdiyimiz məlumatlarda Firdovsi Hadıyevin həmçinin Gəncə sement zavodu ilə də sıx əlaqələrinin olduğu, eləcə də hazırda bu zavodun Firdovsi Hadıyevə 300000 (üç yüz min) manat civarında borcu olduğu da bildirilir.

Hər halda bütün bu məsələlərə qarşı tərəfin də münasibətini öyrənmək çox maraqlı olardı.
teref.az olaraq adları çəkilən hər bir şəxsin fikirlərini dinləyib, səhifəmizdə\ yerləşdirməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.