Bakı və Gəncə şəhərlərində gizli kazinolar peyda olub
15-10-2016, 00:05
Həmin qumarxanaların sahiblərini nüfuzlu şəxslərdən birinin himayə etdiyi bildirilir Hüquq-mühafizə orqanları, o cümlədən digər dövlət qurumları gizli kazinolarda olub-bitənləri görməzdən gəlir Təxminən, 1990-cı illərin sonlarından etibarən ölkə ərazisində qumarxanaların, mərc oyunlarının fəaliyyətinə son qoyulsa da, nədənsə son zamanlar Bakıda, o cümlədən Gəncə şəhərində qeyri-qanuni kazinolar fəaliyyətlərini bərpa ediblər. Belə ki, bu tip obyektlərin müxtəlif ad altında maskalandıqlarını iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, kizinoların əksəriyyəti gizli fəaliyyət göstərir. Beləliklə, hazırda paytaxtda və ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə bəzi yerlərdə kompüter vasitəsilə qumar oyunlarının təşkil olunduğunu vurğulayan mənbənin sözlərinə görə, qanunsuz qumarxana işlətməklə külli miqdarda gəlir əldə edən şəxslərin arxasında yüksək çinli məmurlardan birinin dayanır: «Deyilənlərə görə, məhz elə bu səbəbdən də gizli qumarxana işlədənlər heç nədən və heç kimdən çəkinmədən öz bildiklərini etməyə, qanunsuz yollarla külli miqdarda gəlir əldə etməyə davam edirlər. Məsələnin maraqlı tərəfi ondadır ki, bu gün həm Bakıda, həm də Gəncədə çoxlu sayda qanunsuz qumarxana işlədən şəxslər müxtəlif yollara baş vurmaqla vergidən yayınır, himayəsində olduğu şəxslərin yardımları ilə qanunlara məhəl qoymadan kazino işlədirlər. Lakin buna baxmayaraq, nədənsə ölkənin hüquq-mühafizə orqanları bu cür obyektlərlə mübarizədə yetərincə sərt tədbirlərə baş vurmaqda maraqlı görünmürlər. Deyilənlərə görə, hüquq-mühafizə orqanları, o cümlədən digər dövlət qurumları gizli kazino biznesilə məşğul olan şəxslərin himayədarlarından ehtiyat etdikləri üçün olub-bitənləri görməzdən gəlməyə üstünlük verirlər». Son zamanlar Gəncədə gizli kazinoların sayının ciddi şəkildə artdığını deyən mənbə bildirir ki, onların arasında yetərincə məşhur olanı da var, adı heç çəkilməyənlər də mövcuddur: «Deyilənlərə görə, Gəncə sakinləri bununla bağlı müvafiq dövlət qurumlarına dəfələrlə şikayət etsələr də şəhərin hüquq-mühafizə orqanları, polis əməkdaşları indiyədək gizli kazinolar, qanunsuz fəaliyyət göstərən qumarxanalarla bağlı müvafiq tədbir görməyib. Bildirilir ki, son dövrlər Gəncə şəhərində çay evləri adı altında yaradılan qumarxanaların sayında ciddi artım müşahidə olunur. Deyilənlərə görə, həmin kazinoların sahibləri ölkədə qumarxanaların fəaliyyəti qadağan olunsa da, müxtəlif yollarla, əsasən də gizli şəkildə nəhəng qumarxana şəbəkəsi qurub. Qeyd olunur ki, milyonların dövr etdiyi bu biznesin başında duran şəxslər məhz himayədarları vasitəsilə qonşu Gürcüstanda da kazino işlədirlər. Nəzərinizə çatdırım ki, hazırda Bakıda və Gəncə şəhərində gizli kazinolar sahibinə çevrilən şəxslər uzun müddətdir paytaxtda, həmçinin ölkənin digər bölgələrində qanunsuz qumar oyunları, loto, kaziona təşkil edirlər». Bu arada, hazırda Gəncə şəhərində fəaliyyət göstərən gizli kazino və totalizatorların günün bütün saatlarında işlədiyini iddia edən məlumatlı şəxsin sözlərinə görə, rus lotoları isə yalnız gecə saatlarında fəaliyyət göstərir: «Deyilənlərə görə, axşam tərəfi saat 5 ərəfəsində açılan lotolar gecə 3-ə qədər davam edir. Uduşa qoyulan məbləğləri gördükdən sonra isə obyektdən yan keçmək mümkün deyil. Elə insanları da ora aparan vəd edilmiş həmin pullardır. Onu da qeyd edim ki, gizli quramxana işlədənlər bu gün həm Bakıda, həm də Gəncədə virtual kazino oyunları və totalizator da təşkil edirlər. Nəzərinizə çatdırım ki, həmin gizli kazinolara gələnlər arasında bəzi məmurlarının övladlarına rast gəlinir. Deyilənlərə görə, onların bir qismi narkotik maddələrin istifadəçiləridir. Belə ki, həmin məmur övladları vaxt tapan kimi azarlarını öldürmək üçün Bakı və Gəncədəki gizli qumarxanalara üz tuturlar. Bildirilir ki, həmin gizli kazinoların sahibləri təhlükə hiss etdiyi anda himayədarları olan nüfuzlu şəxslərin yardımlarına baş vurur, məhz bu yolla üzləşdikləri problemləri asasnlıqla yoluna qoymağı bacarırlar». Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
teref.az