Jurnalistlər Aysel Umudova və Aytac Tapdıq ev dustaqlığına buraxılmayıb

7-03-2025, 09:38           
Jurnalistlər Aysel Umudova və Aytac Tapdıq ev dustaqlığına buraxılmayıb
Martın 5-i Xətai Rayon Məhkəməsində “Meydan TV”-in həbsdə olan jurnalisti Aysel Umudovanın ev dustaqlığına buraxılması haqqında vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.

Bu barədə Umudovanın vəkili Rövşanə Rəhimli Amerikanın Səsinə deyib. O bildirib ki, jurnalist məhkəmədə çıxışında vəsatətin təmin olunacağına inanmadığını deyib. Vəkil qeyd edib ki, qərardan appelyasiya verməyə hazırlaşır.

Martın 6-i isə Xətai Rayon Məhkəməsində “Meydan TV”-in həbsdə olan digər jurnalisti Aytac Tapdığın ev dustaqlığına buraxılması haqqında vəsatətə baxılıb. Vəkili Cavad Cavadov məhkəmədən sonra mətbuata açıqlamasında bildirib ki, müdafiə tərəfinin bütün dəlillərinə baxmayaraq, məhkəmə vəsatəti təmin etməyib.

“Qarşıdan Beynəlxalq Qadınlar Günü gəldiyinə görə ümid edirdik ki, bəlkə məhkəmə vəsatəti təmin edər. Bütün hallarda biz appelyasiya şikayəti verəcəyik”, - deyə o qeyd edib.

Dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko, media əməkdaşı Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Fevral ayında isə jurnalistlər Şəmşad Ağa və Nurlan Qəhrəmanlı da eyni maddələrlə “Meydan TV” işi çərçivəsində həbs olunublar.

Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir. “Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib.

“Fəaliyyətə başladığımız gündən jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub”, bəyanatda qeyd edilib.

“Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edib. Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.

2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.

Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.

2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabına dəfələrlə kiberhücum olunub, materialları silinib.

2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum olub ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefonlarını dinləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.