Lənkəranda Heydər Əliyevin fototablosu kimin qurbanı olub - İTTİHAM
17-10-2016, 07:13
Prezident İlham Əliyev: "Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.
Biriləri "Xan Lənkəran”, biriləri "Cənub mirvarisi”, digərləri qədim, basılmaz şəhər adlandırar Lənkəranı. Çəkilən adlara layiq olan Lənkəran, Allahın verdiyi gözəl təbiəti ilə də diqqət mərkəzindədir. Qonaqpərvər və qəhrəman sakinləri ilə böyük tarix yazan şəhərin hazırda acı günlər yaşadığını görməmək olmur.
Lənkəran bir neçə məmurun özbaşınalığı və şəxsi maraqlarının əsirinə çevrilib. Şəhərin problemlərlə zəngin açılan günlərini yaşayan lənkəranlıların haqlı narazılıqları şəhəri talayan məmurları naraht etmir. 14 aprel 2012 – ci ildə Lənkərana icra hakimiyyəti başçısı təyin olunan Taleh Qaraşovun şəhərin sosial həyatında formalaşdırdığı problemlər indi xoşagəlməz mənzərəyə səbəb olub. İcra başçısı vətəndaşların narazılıqlarına öz qaydaları ilə münasibət bildirməsi adi hala çevrilməkdədir. Cəzasızlıq mühitindən və "arxalı” olmasından yararlanaraq özünə və övladlarına qanunların belə tanımadığı səlahiyyət verən icra başçısı ölkə rəhbərliyinin tapşırıq və tövsiyyələrinə məhəl qoymur. Taleh Qaraşovun keçdiyi həyat yoluna nəzər salanda, onun uzun illər icra hakimiyyəti başçısı vəzifəsində möhkəmləndiyinin şahidiyik:
Qaraşov Taleh Azay oğlu 20 may 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 1987-ci ildə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunu bitirmişdir. İxtisası inşaatçı-mühəndis və Politoloqdur.
1981-1982-ci illərdə Kürdəmir rayonundakı 4 saylı "Şirvanmeliosutikinti” trestində mühəndis, 1982-1983-cü illərdə Kürdəmir KP rayon Komitəsində təlimatçı, 1983-1986-cı illərdə Kürdəmir rayon Komsomol Komitəsinin birinci katibi, 1986-1991-ci illərdə Azərbaycan KP Kürdəmir rayon Komitəsində şöbə müdiri, 1991-1996-cı illərdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, 1996-2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikasının Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.
1996-cı ildən indiyədək yüksək vəzifələrdə yer tutan Taleh Qaraşovun Lənkəran "nəaliyyətləri” onu bitirmək ərəfəsindədir. İcra başçısının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla yaxınlıq münasibəti gerçəklərin gizlədilməsinə və onun yüksək məqamda müdafiə olunmasına rəğmən cənub mərkəzində baş verənlərin bağışlanacağına inanmaq çətindir.
Taleh Qaraşova Lənkəranın "əzazil xan”ı deyənlər də az deyil. Özünün və oğlanları – Seymur və Vüsal Qaraşovların rayonda "qoçu” dəstələr yaratmaları və onlar vasitəsilə sadə sahibkarları hədələmələri medianın gündəmində əsas müzakirə mövzusuna çevrilib. Icra başçısının "Hacı” ləqəbli oğlu Seymur Qaraşovun gündə bir xarici və bahalı avtomobildə şəhərin küçələrində "at oynatması” lənkəranlaıların haqlı narazılığına səbəb olub. Realliq.info qeyd edir ki, Lənkəranda satışa çıxarılan bir qarış torpaq belə icra başçısının oğlunun icazəsi olmadan realizə edilə bilməz. Üstəlik, tender yolu ilə "qalib” gəldiyi işləri də həyata keçirməkdə davam edən Lənkəranın "Hacı” bəlası icra başçısının müavinləri ilə birlikdə rayonun mərkəzindəki yeni bazarın dükanlarını da satmaqla məşğuldur. Təbii ki, bu qədər imkana sahib olan birinin bahalı maşın sürməsi elə də təəccüblü deyil. Elə buna görədir ki, Taleh Qaraşovun oğlu səhərlər «Lexus», günortadan sonra eyni dövlət nömrə nişanlı (010) «Porşe» sürür.
Lənkərandan Realliq.info –ya daxil olan bir məlumatda qeyd olunur ki, icra başçısının gül balası şəhərin küçə və prospektlərində reklam lövhələrini də öz şəxsi maraqlarına istifadə edir. Hətta, reklam lövhələri azmış kimi onun bu yaxında etdiyi özbaşınalıq diqqətdən yayınmayıb. Şəhərin Ləvəngi ərazisində yerləşən və Ulu Öndər Heydər Əliyevin fotosu vurulmuş lövhə Taleh Qaraşovun oğlunun xoşuna gəlməyib. Və onun tapşırığı ilə Heydər Əliyevin fotosu lövhədən çıxarılıb. Həmin fotonun yerinə isə Qaraşovlara məxsus firmanın reklamı yerləşdirilib. Görünür icra başçısı oğluna verdiyi səlahiyyət belə qərarların qəbul olunmasında onlarda narahatlıq yaratmır.
Taleh Qaraşovun digər oğlu Vüsal Qaraşov polis olsa da, adı biznes qalmaqallarında hallanır. Belə ki, ən son onun Beyləqan bazarını aldığına dair xəbərlər yayılıb.
Mediada bir müddət öncə yayılan xəbərdə isə bildirilirdi ki, icra başçısı və övladları tez-tez xarici ölkələrdə istirahət edirlər: "Taleh Qaraşov bu il məzuniyyətini öz ailə üzvləri ilə birlikdə Çexiyanın məşhur Karlovı Varı kurort şəhərində keçirib. Azərbaycandan gedən və aylıq maaşı 2 min manata yaxın olan bir məmurun xərclədiyi pulların məbləğinin yüz minlərlə dolları aşması faktı çexiyalı jurnalistlərin də diqqətini cəlb edib və onlar həmin informasiyanı bizimlə bölüşüblər”.
Məlumatda deyilir ki, T.Qaraşov və onun 11 nəfər ailə üzvü (övladları və nəvələri) AZAL şirkətinin Bakı-Praqa reysi ilə Çexiyaya uçub. Qaraşovlar ailəsi Praqadan da Karlovı Varı şəhərinə gedib. Maraqlıdır ki, Qaraşovların bütün aviabiletləri biznes-klassa alınıb. Yəni, icra başçısı təyyarənin biznes-klass salonuna faktiki olaraq bütün biletləri alıb. AZAL-da bir biznes-klass biletinin qiyməti 1500 manatdır. Deməli, aylıq maaşı 2 min manata yaxın olan məmur təkcə aviabiletlərə 165000 manat xərcləyib.
Saytın araşdırmalarına görə Taleh Qaraşov və ailə üzvləri Karlovı Varıdakı dəbdəbəli "Carlsbad Plaza” otelində yerləşiblər. Bu oteldə bir nömrənin sutkalıq qiyməti 2 min dollardır. Qaraşovlar ailəsi oteldə 6 otaq götürüblər. Yəni ailənin gündəlik otel xərci 12 min dollar təşkil edib. İcra başçısı və ailə üzvləri bu oteldə 21 gün qalıb.
Ailənin otel xərclərini hesablamaq çətin deyil. Amma buna bilirsinizmi nə qədər xərclənib? 251 min dollar!
T.Qaraşovun Çexiyada digər xərcləri təbii ki, otel xərclərindən az deyil.
Prezident İlham Əliyevin məmurlar və onların övladlarının dəbdəbəli həyat tərzi keçirməsi və xalqa ədalətsiz davranışları ilə bağlı mesajlarına məhəl qoymayan Taleh Qaraşovun və oğlanlarının Lənkəranda etdiyi özbaşınalıqlar bunlarla bitmir.
Hətta şəhərin məmurlarının tez-tez toplaşdıqları yemək-içmək məclislərində Taleh Qaraşovun və Kəmaləddin Heydərovun şəninə ayaqüstə sağlıqlar dedikləri dillərdən düşmür. /Realliq.info/
Bu barədə növbəti yazımızda.
teref.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
teref.az