Cavid Qurbanovun “hücum” planı iflasa uğradı? - VİDEO
17-10-2016, 12:30
Oktyabrın 13-dən bəri, Azərbaycan mətbuatının, eləcə də sosial şəbəkələrin gündəmini “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, millət vəkili Cavid Qurbanov işğal edib. Mətbuatın “şok” açıqlamalara görə “silkələndiyi” məlumdur. Amma sosial şəbəkələri titrədən başqa şey oldu: “Getdim, girdim… şey… şeyi yoxudu, vilkası yoxudu, şey… məftilnən soxmuşdu ora… türkün məsəli”.
Yüzlərlə istifadəçi elmi dərəcəsi olan məmur-deputat Cavid Qurbanovun çıxışından kəsilmiş videonu paylaşır və onun nitqinə “heyranlığını” ifadə edir. Az qalmışdı ki, Cavid Qurbanov bir anlıq Nelson Mandela kimi ürəklərə girsin, “nümunəvi məmur”, “Dəmiryollarının xilaskarı”, “korrupsiyanın qənimi” kimi nominasiyalarda laureat olsun… Amma alınmadı.
Düzdür, “Azərbaycan Dəmir Yolları”nda vəziyyət Arif Əsgərovun (nədənsə, bu mövzuda danışan bəzi jurnalist həmkarlarımız nəqliyyat nazirinin müavinini Nəsimi RİH başçısı Asif Əsgərovla səhv saldı, amma olsun… – red.) dövründəkindən xeyli yaxşılaşıb. Həm xidmət baxımından müəyyən irəliləyiş hiss olunur, həm də vaqonlardan tarakanların “yoxa çıxması” barədə məlumatlar alırıq və bu eşitdiklərimiz bizi sevindirir.
Amma Cavid Qurbanov bu QSC-yə “monastır”dan gəlməyib. Yol layihələrinə milyonlarla manat vəsaitin xərcləndiyi zamanlarda nəqliyyat sistemində yüksək vəzifələr tutub.
Cavid Qəmbər oğlu Qurbanov 1995-ci ildə “Azərərzaqnəqliyyat” Birliyində direktor, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Təchizat şöbəsində rəis, 1997-2001-ci illərdə “Azərdəmiryolservis” İstehsalat Birliyində rəis kimi çalışmışdır. 2003-cü ildən “Yolnəqliyyatservis” Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi “Yolnəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi olmuşdur. 2007-ci ilin fevral ayından 2015-ci ilin fevralına qədər “Yolnəqliyyatservis” Departamentinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar olaraq, “Azəryolservis” ASC-nin sədri vəzifəsini tutmuşdur. Texniki elmlər namizədidir (mənbə: vikipediya).
Bir sözlə, Cavid Qurbanov da Ziya Məmmədovun “köynəyindən çıxan” kadrlardandır. Bu kadrlar isə heç də Azərbaycan cəmiyyətində birmənalı qəbul olunmur. Ümumiyyətlə, oxucular da razılaşar ki, Ziya Məmmədov özünün illər ərzində nəqliyyat sistemindəki “idarəçiliyi” ilə vətəndaşlarda ən çox ikraha səbəb olan məmurlardan biri və hətta birincisidir. Bu xalq hələ dünən “Ziya Məmmədovun qoçuları”ndan ürək yanğısıyla danışırdı. Həmin “dünən” isə Z.Məmmədov və C.Qurbanov əl-ələ verən iki “nəqliyyat nəhəngi” hesab olunurdular. Bu gün Ziya Məmmədovun əli-qolu sanki bağlanıb, səlahiyyətləri azaldılıb, Cavid Qurbanov isə öz karyerasında yüksəliş dövrünü yaşayır. Əlbəttə, bu karyera yolunda özünün köhnə komandası ilə və ya yeni komanda ilə irəliləməsi mümkündür. Lakin həm mətbuatın, həm də cəmiyyətin cavab tapa bilmədiyi suallar var: Cavid müəllim vəzifəyə gələndən bəri, dəmiryolu sistemindəki problemlərdən danışır. Amma söhbət faktlardan, konkret tədbirlərdən düşdüksə isə… QSC-nin mətbuat katibi Nadir Əzməmmədov mətbuata deyir ki, bunlar hamısı zarafat idi, “seryoznı” qəbul eləmək olmaz və s.
Yox, əgər uzaqdan bizi kamera da çəkirsə, əl eləyək… Bəlkə, Cavid Qurbanov “Just for laughs” və ya “Çəkirəm ha” tipində bir proqram hazırlayır, biz də bu proqramın “təsadüfi” qonaqlarıyıq? Kim bilir, bəlkə də Cavid Qurbanov ciddi bir “hücum” planı qurmuşdu… Amma mətbuat və cəmiyyətin sualları çox olacaqdı. Bəlkə də, “Azəryolservis”in arxivindən bəzi sənədlər mətbuata sıza bilərdi. Məsələn, bu gördüyünüz fərman çoxdandır ki, “e-qanun.az” saytının bazasında var. Burda mərhum prezident, Ümummilli Lider Heydər Əliyevin imzaladığı bir fərmandan söz gedir.Həmin fərmanın mətnini oxuculara təqdim edirik:
“C. Q. Qurbanovun Azərbaycan Respublikası “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Cavid Qəmbər oğlu Qurbanov işdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə Azərbaycan Respublikası “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsin. Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV Bakı şəhəri, 15 noyabr 1994-cü il № 237”.
Oktyabrın 14-də Qafqaznews.az-da dərc olunan yazıda Cavid Qurbanovun çıxışında qeyd etdiyi “yeyinti” məqamlarıyla bağlı araşdırma aparmağa çalışmışdıq. Amma “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədov bildirdi ki, “heç bir “yeyinti” olmayıb, hamısı zarafat idi”.
Nadir Əzməmmədovu da qınamırıq. Mətbuat xidmətinin rəhbərinin vəzifə borcu təmsil etdiyi qurumun maraqlarını müdafiə etməkdir. Daha doğrusu, rəhbərliyin maraqlarını müdafiə etməkdir. Lakin mətbuat xidmətinin rəhbəri də qurumun rəhbəri kimi ədəbi dildə danışmağa çətinlik çəkirsə, hər iki sözündən biri cəmiyyətdə gülüşə səbəb olursa, nə etmək olar? Nadir Əzməmmədov həmin adamdır ki, bir müddət əvvəl Qafqaznews.az-a açıqlamasında “bələdçilərə pul hörmət mənasında verilir… kim istəyir, bələdçilərə hörmət edə bilər” demişdi. Və o, həmin Nadir Əzməmmədovdur ki, Qafqaznews.az əməkdaşına “Maykl Ceksonla dost olduğunu” da demişdi. Ötən gün isə “Cavid Qurbanov zarafat edirdi, “seryoznı” qəbul etməyin” deyən Nadir Əzməmmədov bizim obyektivliyimizdən qəzəblənib, redaksiyamızı zəng bombardımanına tutub. “Ayıb olsun sizə… Başlığı dəyişin… O yazını yazan Rüfət Əhmədzadənin yaşı qədər kino çəkmişəm” və s.
Əgər bir şəxsin akt zalında, rəsmi tədbirdəki çıxışı öz rəhbərlik etdiyi qurumun mətbuat katibi tərəfindən “seryoznı” qəbul olunmursa… Burda artıq başlıq davası etməyin yeri də yoxdur. Nadir Əzməmmədov daha bizə açıqlama verməyəcəyini də bildirdi, amma biz də qeyd etdik ki, bu onun vəzifə borcudur. Görünür ki, “Azərbaycan Dəmir Yolları” QSC-də problemlər hələ çox davam edəcək. Belə ki, Cavid Qurbanovun QSC-yə sədr gəlməsi ilə Yanacaq və Sürtkü Materiallarının Təchizatı İdarəsindəki rəis vəzifəsindən ayrılan Adil Məhərrəmov nəqliyyyat naziri Ziya Məmmədovun yeznəsidir. Və bu günlərdə Adil Məhərrəmovdan Qafqaz Xəbər Agentliyinə şikayət edən Gökhan Yazıcı adlı Türkiyə vətəndaşı çox maraqlı açıqlamalar dilə gətirib.
G.Yazıcının sözlərinə görə, A.Məhərrəmov 2014-cü ildə hələ idarə rəisi olarkən, onu və rəhbərlik etdiyi usta briqadasını “Milyonçular məhəlləsi” deyilən yerdə, M.Əlizadə küçəsi 67 ünvanında yeləşən villasında 8-9 ay işlədib, amma sonda 40 min manat “ataraq”, ustaların zəhmət haqqını verməkdən boyun qaçırıb.
Əlbəttə, hazırda sahibkarlıqla məşğul olan A.Məhərrəmovun köməkçisi Rəşad Əzimov da bildirib ki, G.Yazıcı onları 40 min manat ziyana salıb, lakin məsələ məlumdur… Hər halda, bizdə də sual yaranır ki, görəsən, kimsə, ələlxüsus da Cavid Qurbanov Adil Məhərrəmovun hələ idarə rəisi olarkən, “lüks” həyat tərzi sürməsindən, milyonluq villa almasından, on minlərlə ölçülən təmir işləri aparmasından xəbərdar idimi? Yox, xəbərdar deyildisə, görəsən, “Azərbaycan Dəmir Yolları” QSC-də bu və digər “bozbaş iyi verən” məsələlərlə bağlı hansı tədbirlər görülüb?
Məlum olur ki, heç bir tədbir görülməyib… Bundan sonra da, kim dövlət malını çapıb-talamaq istəsə, sadəcə işdən azad olunar, bununla da söhbət bitər… Bizim hər hansı qurumla və ya məmurla şəxsi qərəzimiz yoxdur. Lakin biz də inanmaq istərdik ki, məmurlarımız üçün də ancaq iş və nəticə maraqlıdır. Və çox istərdik inanaq ki, bundan sonra məmurlarımız akt zallarında, rəsmi tədbirlərdə öz zarafatlarını azca azaldacaqlar.
teref.az olaraq adları çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq!