Aytac Tapdıq həbsdə qalıb

Bu gün, 16:38           
Aytac Tapdıq həbsdə qalıb
Martın 12-i Bakı Apelyasiya Məhkəməsində jurnalist Aytac Əhmədovanın (Tapdıq) şikayəti üzrə vəsatətə baxılıb. Vəkil Cavad Cavadov mətbuata bildirib ki, məhkəmə birinci instansiyanın qərarını qüvvədə saxlayıb.

Bundan öncə martın 8-də Xətai Rayon Məhkəməsi Aytac Tapdığın ev dustaqlığına buraxılması haqqında vəsatətini təmin etməmişdi.

Cavadovun sözlərinə görə, jurnalist özü də məhkəmədə iştirak edib və günahsız olduğunu, yalnız jurnalist fəaliyyətinə görə həbs olunduğunu təkrar edib. O əlavə edib ki, məhkəmədən müsbət gözləntisi yoxdur.

Vəkil bildirib ki, məhkəmənin qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət veriləcək.

Dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko, media əməkdaşı Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Fevral ayında isə jurnalistlər Şəmşad Ağa, Nurlan Qəhrəmanlı və Fatimə Mövlamlı da eyni maddələrlə “Meydan TV” işi çərçivəsində həbs olunublar.

Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir. “Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib.

“Fəaliyyətə başladığımız gündən jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub”, bəyanatda qeyd edilib.

“Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edib. Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.
amerikaninsesi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.