Abutalıbova ittiham VAR - İLGİNC

19-10-2016, 19:14           
Abutalıbova ittiham VAR - İLGİNC
““Google”da kiçik axtarış aparmaq kifayətdir ki, onun adının mənzil dələduzluğuna dair saysız-hesabsız qalmaqallarda çəkildiyinə, tikinti kooperativləri tərəfindən aldadılaraq pulları əllərindən alınmış çoxsaylı vətəndaşların müxtəlif instansiyalardan başlamış ölkə prezidentinə qədər yazdıqları saysız-hesabsız şikayətlərdə baş rolda yer aldığına şahid olasan...” Bu ifadə “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov barəsində ölkə mətbuatında dərc olunan çoxsaylı yazılardan birində yer almışdır. Bircə cümlə bir zamanlar az qala ölkənin ən nüfuzlu inşaat maqnatı kimi qəbul edilən bu iş adamının demək olar ki, bütün xarakteristikasını vermişdir. Ötən saylarımızdan birində dərc etdiyimiz materialda biz də İsfəndiyar Axundovun maxinasiyalarından bəhs edərək, əslində onun fəaliyyətində indiyədək diqqətləri daha az cəlb edən məqamlardan birinə toxunmuşduq. Məsələ bundadır ki, “Şərur” MTK-nın fəaliyyətindən bəhs olunan əksər tənqidi yazılarda ilk növbədə məhz mənzil satışı xüsusunda törədilən maxinasiyalar diqqət mərkəzinə gətirilir, hüquqları pozulmuş, aldadılaraq pulları alınmış vətəndaşların şikayətləri müzakirəyə çıxarılır. Biz isə, dərc etdiyimiz materialda bir qədər fərqli problemi ictimaiyyətin diqqətinə təqdim etməyə çalışmışdıq. Həm də təkcə ictimaiyyətin yox. Əslində biz ümid edirdik ki, həmin yazının dərcindən sonra, məqalədə yer alan iddialara Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən də müəyyən reaksiya veriləcək. Ən azından biz İsfəndiyar Axundovun əməllərinə məhz bu qurum tərəfindən qiymət verilməsini zəruri hesab edirik. Eyni zamanda “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun da məsələyə münasibət bildirəcəyi gözlənilən idi. Lakin bu iki qurumun heç biri “sükunəti” pozmadı. Niyə? Məgər yazıda təqdim olunan faktlar mübahisəlidir? Yoxsa qeyd olunan ərazilərdə baş verənləri görməmək də mümkündür? Bəlkə İsfəndiyar Axundovun keçmiş himayədarının xofu hələ də kimlərinsə canından çıxmayıb?

Sözügedən yazıda isə, biz iki məsələni vurğulamışdıq. Bunlardan biri İsfəndiyar Axundov tərəfindən metro stansiyalarına aid olan ərazilərdə tikinti işlərinin aparılmasına dair qadağanın pozulması, digəri isə, bu şəxsin istirahət parklarının ərazilərini zəbt etməsi (və ya alması) barədə idi. Artıq qeyd etdiyimiz kimi, bir müddət bundan əvvəl, “Bakı Metropoliteni” QSC yaradılandan və Zaur Hüseynov quruma sədr vəzifəsinə təyin olunandan sonra, metronun qadağan olunmuş ərazilərində tikilən obyektlərin söküləcəyi haqda xəbərlər yayıldı. Lakin aradan kifayət qədər müddət keçsə də, bu xəbərlər hələ də öz təsdiqini tapmayıb. Belə ki, metronun “Azadlıq prospekti” stansiyasının üstündə, ilk zamanlar istirahət parkı kimi nəzərdə tutulmuş ərazidə indi də İsfəndiyar Axundovun inşa etdiyi çoxsaylı ticarət obyektləri durmaqdadır.

Digər tərəfdən isə, redaksiyamıza daxil olmuş növbəti məlumatlardan birində, “Şərur” MTK-nın rəhbəri tərəfindən akademik Zərifə Əliyevanın adını daşıyan parkın da bir hissəsinin alındığı bildirilir. İddiaya görə, İsfəndiyar Axundov aldığı ərazinin müqabilində artıq Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə müəyyən məbləğdə pul ödədiyini, indi isə, ondan həmin əraziyə görə əlavə olaraq daha 1 milyon manat tələb olunduğunu bəyan edib. Guya ki, məhz bu səbəbdən də “Şərur” MTK-nın rəhbəri artıq həmin ərazini almaqdan imtina edib və əvvəl ödədiyi pulları da geri tələb edir.

Göründüyü kimi, redaksiyamıza təqdim olunan açıqlamalardan dolayı, bizim bu məsələlərə Bakı meri cənab Hacıbala Abutalıbovun da, “Bakı Metropoliteni” QSC-nin sədri cənab Zaur Hüseynovun da münasibət bildirmələrini gözləməyimiz heç də əsassız deyil.dia.az

Qarşı tərəfin də öz mövqeyini bildirmək hüququ vardır.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.