Təhlükəli kimyəvi maddələr daşıyan gəmi batdı - Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ
Bu gün, 00:09

Hindistan sahillərində təhlükəli kimyəvi maddələr daşıyan konteyner gəmisi batıb.
"Referans" xəbər verir ki, Liberiya bayrağı altında üzən "MSC ELSA 3" konteyner gəmisi Hindistanın Kerala əyaləti sahillərində Ərəbistan dənizində batıb.
Gəmidəki 24 dənizçinin hamısı xilas edilib. Gəminin kapitanı Rusiya vətəndaşıdır. Ekipajda, həmçinin iyirmi Filippin, iki Ukrayna və bir Gürcüstan vətəndaşı var
Hindistan Sahil Mühafizəsinin yaydığı məlumata görə, gəmidə ümumilikdə 640 konteyner olub. Onlardan 13-də təhlükəli maddələr, 12-də kalsium karbid olduğu bildirilir. Bundan əlavə, gəminin yanacaq çənlərində 84 tondan çox dizel yanacağı və 367 tona yaxın mazut olub ki, bu da ciddi ekoloji fəlakət təhlükəsi yaradır.
Hindistan hakimiyyəti neftin sızması ehtimalını istisna etmir. Hazırda xüsusi ekoloji protokol işə salınıb və həyəcan siqnalı verilib. Xüsusi sistemlərlə təchiz edilmiş təyyarələrdən istifadə edərək vəziyyət havadan izlənilir. Hazırda yanacaq sızmasının vizual əlamətləri yoxdur, lakin monitorinq davam edir.
Hindistanın Fəlakətlərin İdarə Olunması İdarəsi yerli əhaliyə diqqətli olmaları barədə xəbərdarlıq edib. Onlara batmış gəminin bir hissəsi ola biləcək və dalğalar vasitəsilə sahilə çıxa biləcək obyektlərə yaxınlaşmamaq tövsiyə olunub.
Qeyd edək ki, batan konteyner gəmisi 1997-ci ildə inşa edilib. Onun uzunluğu 184 metr, eni 25,3 metr idi.