İlham Əliyev baş nazirin müavinlərini istefaya göndərir - siyahı

3-06-2017, 08:48           

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilib. Dəyişikliyə əsasən, prezidentin yeni köməkçiləri təyin olunub.

Dilarə Seyidzadə Prezidentin Katibliyinin rəisi, prezidentin köməkçisi, Azər Əmiraslanov prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi, Zeynal Nağdəliyev prezidentin ərazi-təşkilati məsələləri üzrə köməkçisi, Fuad Ələsgərov prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, Novruz Məmmədov prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi təyin edilib.

Eyni zamanda, PA-nın 3 şöbəsi və 1 dövlət müşaviri postu ləğv edilib. Humanitar Siyasət Şöbəsinin müdiri Fatma Abdullazadə, İqtisadi Siyasət Şöbəsinin müdiri Mail Rəhimov və Müdafiə Məsələləri Şöbəsinin müdiri Məhərrəm Əliyev vəzifələrini itirib və bu xidmətlər ləğv edilib. Eyni zamanda prezident müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev vəmultikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev də postlarını itirib.

Struktur islahatları növbəti mərhələdə Nazirlər Kabinetini əhatə edəcək. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, baş nazirin 6 müavini postu ləğv ediləcək.

Mənbənin bildirdiyinə görə, baş nazirin müavini postları ləğv ediləcək, onların funksiyaları prezidentin köməkçilərinə ötürüləcək. Yalnız baş nazir və onun köməkçiləri ştatları saxlanılacaq. Bundan başqa, bir neçə nazirlik və dövlət komitəsinin yenidən təşkili və birləşdirilməsi nəzərdə tutulur. Bununla bağlı layihə artıq hazırdır və refendumdan sonra ictimaiyyətə açıqlanacaq.

Hazırda baş nazirin biri birinci müavin (Yaqub Eyyubov) olmaqla 6 müavini (Elçin Əfəndiyev, Əli Həsənov, Abid Şərifov, Əli Əhmədov və İsmət Abasov) var. Onların çoxu pensiya yaşını artıq haqlayıb: Yaqub Eyyubov- 72 yaş (1945-ci il təvəllüdlü), Elçin Əfəndiyev 74 yaş (1943), Əli Həsənov 69 yaş (1948), Abid Şərifov 77 yaş (1940), Əli Əhmədov 63 yaş (1953), İsmət Abbasov 63 yaş (1954). Baş nazir Artur Rəsi-zadənin isə 82 yaşı var (1935).

Mənbənin sözlərinə görə, müavinlərin çoxu pensiyaya göndəriləcək, bəziləri isə (Əli Əhmədov və Əli Həsənov) yeni kabinetdə yer alacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.