“Şamaxinka”da açıq-aşkar narkotik satışı - GİZLİ ÇƏKİLİŞ - VİDEO
21-10-2017, 09:35
Bakının "Şamaxinka" adlanan ərazisində apteklərdən birində uyuşdurucu tərkibli, satışı qadağan olunmuş dərman preparatları satılır.
Bu barədə məlumat Azerinfo.az-a daxil olduqdan sonra əməkdaşlarımız həmin əraziyə yollandı.
Öncə Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 11 A ünvanında (3-cü mikrorayon dairəsinin yaxınlığı) yerləşən "Optika" adlı apteki bir qədər kənardan müşahidə etmək qərarı veririk. Obyektin jalüzü yarıya qədər endirilib və girişində apteklərə xas olmayan izdiham yaşanır. Adətən belə növbə çox az hallarda paytaxtda pulsuz keçirilən satış kampaniyalarında müşahidə edilir.
Aptek ola və belə sıxlıq ola, təkcə bu məqam işin içində əmma olduğunu anlamağa kifayət edir.
Kənardan qısa müşahidəmizdən sonra aptekə daxil oluruq. Müştərilərin əksəriyyəti gənclərdir. Aralarında orta yaşlı şəxslərə də rast gəlmək olurdu.
Aptekdəki mənzərə detektiv filmlərindəki səhnələri xatırladır. Sadəcə, bu dəfə belə səhnələri ekran arxasından yox, real həyatda izləyirsən, özün də iştirakçısına çevrilirsən. Ətrafı diqqətlə süzərək üzərində dayanan baxışlar, növbəyə duran müştərilərin pıçıltılı danışıqları, ürkək davranışları səni də ehtiyatlı olmağa sövq edir. Əlbəttə, ifşa olunmaq qorxusu da hakim kəsilir qəlbinə. Bu səbəbdən də naşı olmadığını nümayiş etdirmək üçün digərləri kimi davranmaq məcburiyyətindəsən.
Yaxzınlaşıb müştəri qismində "Contramal" dərmanı alırıq. Dənəsi 1,50-yə. Satıcı təəcüblənir. Adətən bu dərmandan 30-40 dənə alır müştəri. Ancaq pulu alı verir. Heç kassaya da vurmur pulu. Nə də çek verir.
[media=https://www.youtube.com/watch?v=aoyOmu1Khk8]
Başqa bir gənc "Tramadol" alır.Qoxmadan, hürkmədən.
İndi isə oxuculara qısa arayış verək.
Qısacası, dövriyyəsi qadağan edilmiş "Contramal" və yalnız həkim resepti ilə verilməli olan "Tramadol"u adını qeyd etdiyimiz ünvandan çox asanlıqla əldə etmək mümkündür. "Tramadol" psixotrop dərmandır. "Tramadol" tərkibli həblərin satışı qadağan edilməyib, lakin bu dərman güclü psixotrop təsirə malik olduğundan yalnız həkim göstərişi əsasında satıla bilər. Bu dərmanın reseptsiz satışı Səhiyyə Nazirliyi tərəfindən qadağan edilib. Bu preparatdan ancaq güclü ağrısı olanlar, məsələn, xərçəng xəstələri istifadə edə bilərlər. Həmin dərmanın əlavə təsirindən biri də bu dərmanın asılılıq yaratmasıdır. Bu dərmanlar eyforiya yaradır, onu qəbul edən şəxs reallığı görə bilmir, şüur pozğunluğuna səbəb olur. "Tramadol" dərmanlarını yalnız 14 yaşından yuxarı xəstələr qəbul edə bilərlər. "Tramadol" güclü narkosərxoşluq və asılılıq yaradan narkotik vasitə kimi Ukraynada, Belarusda dövriyyəsi qadağan olunub. Qanunla "Tramadol"un ancaq 50 mg-na icazə verilib, o da yalnız həkim resepti ilə. "Contramal"ın isə dövriyyəsi qadağan edilib.
Apteklərdə monitorinqlər Nazirliyin Analitik Ekspertiza şöbəsi tərəfindən aparılır. Əgər belə hallar aşkarlanırsa, onlar hüquq mühafizə orqanlarına məlumat verirlər. Ona görə buradan Daxili işlər, səhiyyə və vergilər nazirliyinə müraciət edərək həmin apteklə bağlı tədbirlər görülməsini xahiş edirik.