"AMBASADOR" OTELİNDƏ BAŞ VERƏN DƏHŞƏTLİ HADİSƏNİN SORAĞI BAŞ PROKURORLUQDA
27-10-2017, 09:45
Rəsmi nümayəndə Vaqif Əhmədov: "Hüquqlarını müdafiə etdiyim azyaşlı Aidə Həsənli (ad şərtidir) Azərbaycan İdman Akademiyasının tələbəsi Fərid Cəfərli tərəfindən "Ambasador" Otelinə aparılıb və orada təcavüzə məruz qalıb, bu cinayət hərəkəti 8 aydır prokurorluq və polis orqanlarında çək-çevirdədir"
"AMBASADOR" OTELİNDƏ BAŞ VERƏN DƏHŞƏTLİ HADİSƏNİN SORAĞI BAŞ PROKURORLUQDA
Bu gün "Təzadlar"da "Qızlar, sözüm sizədir" başlıqlı müəllif yazısı dərc olunub. Yazıda hədəf gənc qızlar və oğlanlardır. Müəllif son illər Azərbaycanda boşanmaların sayının durmadan artması fonunda gənc oğlanların evlənmək üçün qızlar arasında seçim etməkdə tərəddüd etmələri və s. səbəblər diqqətə çəkilir.
Yazının əsas hədəflərindən biri də valideynlərdir. Yaşı 30-u keçən oğlanların hələ də subay qalmasının elə əsas günahkarı da valideynlərdir. Bir hissə gənc oğlanlar qızlara bəlli səbəblərdən etibar edə bilmirsə, bbir qismi də bəzi valideyn nəzarətindən kənar qızlara qoşulub ailə qurmağa hazır illərini gənclik həvəsi ilə boşa verir. Bəs valideynlər oğlanlarının bu həyat tərzini görmürlərmi? Niyə görmürlər, yaxud, görürlərsə, niyə ərköyün övladlarının bu həyat tərzinə susurlar?
Bakıdakı məşhur "Ambasador" Otelində baş verənlərin səsi Baş Prokurorluğa gedib çıxdı
Aşağıda bəhs edəcəyimiz ailə faciəsi də valideynlərin oğullarının ərköyün həyat tərzinə göz yummasının nəticəsində baş verib. Bəlkə də sadəlövhlük edərək gələcəyini riskə atan tələbə qızın həyatı ömürlük olaraq başqa bir universitetin tələbəsi olan, valideynləri pullu və imkanlı oğlan tərəfindən məhv edilir. Həyata zarafat kimi baxan gənc-tələbə oğlanın valideynləri, xüsusən də Bakıdakı tanınmış məktəblərdən birinin direktoru işləyən anasının da onun şıltaq həyat tərzinə zarafat kimi baxıb seyr etməsi sonda hər iki ailənin gün-güzəranını zəhərə döndərib…
Qızın atası F.Nəsibov neçə gündür "Təzadlar"a yazdığı şikayət məktubu ilə bağlı redaksiyamızda olur. Ziyalı insandır. Amma qürur onu hövsələdən çıxarır, ailəsinin pozulmuş, nəinki pozulmuş, məhv edilmiş, təcavüzə məruz qalmış hüquqlarını bərpa etmək üçün hər şeyə getməyə hazır kimidir… Təəssüflə deməliyik ki, qızının başına gələn müsibətlər onun vəzifə başında olarkən baş vermiş bir anlaşılmazlıqla əlaqədar həbsə atılması zamanı baş verir (O, artıq bəraət alıb). "Məni yandıran da budur ki, ailəmizə faciələr gətirmiş Fərid Cəfərlinin anası Firəngiz Həsənova Bakıdakı 53 nömrəli məktəbin direktoru, atası Ramil Cəfərov isə SOCAR-da auidit işləyir. Onlar oğlanlarının hansı əməllərə əl atdıqlarını bildikləri halda, onu bu yoldan çəkindirməyiblər… Mən həbsdə olan zaman Ramil Cəfərli evimizə basqın edir, həyat yoldaşımı döyür, qızımı şantaj edərək onu evdən aparır… İndi bir ailə başçısı kimi mənim vəziyyətimi qiymətləndirin… Ən pisi budur ki, Ramil Cəfərlinin valideynləri vəzifə və pul imkanları qarşılığında istintaqa təsir edirlər və bilə-bilə ki bunun sonu yoxdur, pozulmuş hüquqlarımızı nəyin bahasına olursa-olsun bərpa etməliyəm, günahkar və qudurğan gənc oğlan qanunun bütün gücü ilə cəzasını almalıdır, bu ləkə ən azı bu yolla üzərimizdən silinməlidir…", - deyən atanın psixoloji durumunu başa düşmək çətin deyil…
Prezident məmurlara övladlarının tərbiyəsi ilə ciddi məşğul olmağı tapşırsa da…
Məlum olduğu kimi, Prezident İlham Əliyev dəfələrlə çıxışlarında məmurlara və onların övladlarına xəbərdarlıq edib, onların özbaşınalığa son qoymasını, vətəndaşları incitməməyi, qudurğanlıq və harınlıq etməməyi, əyləncəli həyatlarını gözə soxmamağı, sadə olmağı tövsiyə edib. Lakin təəssüflər olsun ki, cəmiyyət hələ də ərköyün məmur övladlarının özbaşınalıqlarından yaxa qurtarmayıb. Prezidentin sərt reaksiyasından sonra təkcə son bir ildə 4 yüksək rütbəli məmur oğlu həbs edilib, özləri isə vəzifələri ilə vidalaşmalı olublar… Ən sonuncu hadisə, Baş nazirin mavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin Bakıda avtoşluq etdiyinə görə həbsi də bəzi məmurlara dərs olmadı!?
Bakı şəhər sakini F.Nəsibovun hüquqi nümayəndəsi Vaqif Əhmədovun faciə ilə üz-üzə qalmış ailənin Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova və surəti "Təzadlar" qəzeti redaksiyasına ünvanlı müraciətini oxuyanda bir daha cənab prezidentin məmurlara və onların övladlarına tövsiyələrini xatırladıq.
Bakının Səbail rayonunda yaşayan F.Nəsibovun hüquqi nümayəndəsi V.Əhmədovun müraciətində deyilir:
"Hörmətli cənab Baş Prokuror!
Sizə müraciət edərək bir dəhşətli cinayətin səbəbkarlarına və onlara himayədarlıq edən hüquq-mühafızə orqanı əməkdaşlarına qanunla ən ciddi cəzanın verilməsini xahiş edirəm. Ulu Öndərimiz Heydər Əliyev demişdir ki, "Dövlət bir neçə sütun üzərində dayanır. Bu sütunlardan biri də Prokurorluq orqanlarıdır". Eyni zamanda, qeyd etmişdir ki, "Dövlət iki halda sarsıla bilər: günahsıza cəza veriləndə, günahkar cəzasız qalanda".
Hörmətli cənab Baş Prokuror!
Hal-hazırda hüquqlarını müdafiə etdiyim müvəkkilim F.Nəsibovun ailə üzvlərinə qarşı baş vermiş görünməmiş dəhşətli cinayətə aylardır hüquq-mühafızə orqanlarının göz yumması və barədə heç bir tədbir görülməməsi hüquq- mühafizə orqanı əməkdaşlarının qanunsuzluğu, cinayəti öz şəxsi maraqları ilə ört-basdır etməsi, süründürməçiliyə yol vermələri, 8 aydan artıqdır ağır cinayət törətmiş şəxs barəsində hal-hazıra kimi həbs-qətimkan tədbiri seçilməməsi çox təəssüf doğuran haldır. Bunun səbəbi isə cinayət törətmiş şəxsin valideynlərinin vəzifəli şəxs və zəngin ailə olmalarıdır.
Hörmətli cənab Baş Prokuror!
İndi isə baş vermiş və bağışlanılmaz cinayətin təfsilatı barədə bildirirəm. Müvəkkilimin qızı Aidə Həsənli (Müraciət Baş Prokurorluğa və redaksiyamıza təqdim olunduğu üçün ad şərtidir - red.) 2015-ci ildə tanınmış Universitetlərdən birinə qəbul olub. Həmin il o, qrup yoldaşları ilə birlikdə universitetin yaxınlığındakı kafelərin birində çay və şirə içirmişlər. Orada hansısa bir formada zühur edən Bakı şəhər sakini Cəfərli Fərid Ramil oğlu A.Həsənlinin içdiyi çaya yuxu gətirən hansısa məhlul atıb və qız orada yuxuya gedib. Qeyd edim ki, Fərid Cəfərlinin anası Firəngiz Həsənova Bakıda 53 nömrəli məktəbin direktoru, atası Ramil Cəfərov isə Dövlət Neft Şirkətinin auditorudur.
Fərid Cəfərli əvvəlcədən düşünülmüş şəkildə çirkin niyyətini həyata keçirərək həmin kafedən qızı yardım etmək adı altında şəxsi avtomobilinə mindirərək evlərinə aparıb və orada qıza qarşı cinsi zorakılıq edib. Eyni zamanda öz mənzillərində təxminən bir neçə saat saxlayıb və onunla yenə də qeyri-insani hərəkətlər edərək, ağır cinayət törədib. Hadisədən bir neçə saat sonra qız yuxudan ayılarkən başqa bir ünvanda özünü tam çılpaq vəziyyətdə və Cəfərli Fərid tərəfindən ona qarşı cinsi zorakılıq törədildiyini görüb. Aidə qışqıraraq kömək istəsə də, Cəfərli Fərid tərəfındən ona qarşı təzyiq və ölüm hədələri edilib. "Bu hadisə barədə bir kəsə məlumat versən, əlimdə olan çılpaq video görüntülərini universitetdə və yaşadığın ərazidə yayaraq səni rüsvay edəcəyəm, kiçik qardaşını öldürəcəyik" deyə qıza hədə-qorxu gəlib. Hazırkı vəziyyətindən qorxan və qardaşını ölüm təhlükəsindən qorumaq məqsədi ilə bu hadisəni heç kimə söyləməyəcəyinə söz verən Aidə həmin gün Cəfərli Fəridin əlindən qurtarmağa nail olub. O, qorxu içində olduğundan bu hadisədən sonra evdə dəfələrlə intihara cəhd etsə də, anası və tibb işçilərinin səyi nəticəsində hadisənin qarşısı alınıb.
Buna baxmayaraq, yenə də Cəfərli Fərid qızın oxuduğu universitetə gələrək onu təhdid edib ki, onunla vacib söhbəti var, məlum problemi yoluna qoyacaq, onu istəyir və s. Odur ki, onunla getməsə əlindəki video çəkilişi universitetin tələbələrinə paylayacaq, sonra da qardaşını oxuduğu məktəbdən oğurlayıb öldürücək. Fərid Cəfərli qorxu və həyəcan içərisində olan Aidəni idarə etdiyi maşına zorla oturdaraq əvvəlcədən danışdığı "Ambasador" otelinə aparıb və orada yenə öz çirkin niyyətinə nail olub… İstintaq isə oteldə çəkilişlər aparıb, baxış keçirilib, mühüm sübutlar toplanıb. Lakin bu günə kimi istintaqa dair prokurorluğun hansı qərar qəbul etməsındən xəbərsizik və nəticəsizlik bizi ciddi narahat edir… İnanırıq ki, təqdim etdiyimiz əlavə maddi sübutlar cinayət işinə əlavə olunacaq və istintaqın fərqli səmtə yönəldilməsində əli olanlar ciddi cəzalandırılacaq..."
(Davamı var)
"Təzadlar"ın Araşdırma Qrupu
Redaksiyadan: Bu gün məsələyə münasibətini öyrənmək üçün «Ambasador» Otel Kompleksinin rəhbərliyinə zəng vurduq. Telefona cavab verən şəxsə məsələ ilə bağlı məlumat verdik. Söz verdi ki, bir neçə dəqiqəyə rəhbərlik özü zəng vuraraq mövqeyini açıqlayacanq… Sonra az keçmiş bizə başqa bir mobil nömrədən zəng gəldi və özünü otelin rəsmisi kimi təqdim edən şəxs bildirdi ki, rəhbərlik iclasdadır, az sonra sizinlə əlaqə saxlanılacaq… Yarım saat sonra yenidən həmin şəxs redaksiyaya zəng vurdu və bildirdi ki, "Bizim "Ambasador" otelinin İrşad adlı hüquqşünası var və "Azərbaycan" nəşriyyatında oturur, nə sualınız varsa, ona müraciət edin…".
Lakin biz həmin şəxsin diqqətinə oteldə baş verdiyi ehtimal edilən ağır cinayətin detallarını hansısa hüquqşünasla deyil, rəhbərliklə çözməliyik. Çünki gecə saatlarında həmin otelə sənədsiz gənclər necə daxil olublar və sair…
Sonda: Azərbaycanda olduqca tanınmış bir şəxsin olan «Ambasador» Otelində belə bir hadisənin baş verməsindən təəssüflənirik…