Arif Alışanov Mehriban Əliyevaya qarşı
2-11-2017, 08:18
AzTV sədri Arif Alışanov Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanımın nəcib təşəbbüslərindən birinə kölgə salmaqla məşğuldur.
AFN xəbər verir ki, A.Alışanov Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən muğam müsabiqəsinin qalibi olan gənc xanəndələrə əngəl yaradır. Bu barədə həmin xanəndələrdən bir neçəsi ilə söhbətdən aydın olub. Gənc muğam ifaçıları bildirirlər ki, müsabiqə bitdikdən sonra onlarla müqavilə bağlanıb AzTV-yə solist kimi işə götürülüblər: “Rəsmi əmək müqaviləsi bağlandı işə götürüldük. Lakin bir müddətdən sonra bizə bildirildi ki, ictimai əsaslarla iş prinsipinə keçilir. Bizə verilən əməkhaqları (420 manat yazılıb 350 manat verilirmiş-red.) kəsildi, il yarımdır əməkhaqqı almırıq. Müqaviləmiz olan vaxt bizə AzTV, “İctimai” TV, “Mədəniyyət” və “İdman” kanallarından başqa heç bir kanala çıxmağa icazə vermirdilər. İctimai əsaslara keçdikdən sonra bu barədə heç bir qadağa tətbiq olunmadı, biz də müxtəlif kanallardan gələn dəvətləri dəyərləndirməyə başladıq. Bu müddət ərzində AzTV-yə dəfələrlə müraciət etməyimizə baxmayaraq, bizi verilişlərə çıxartmırlar. Adları çəkilən digər kanallar isə bizdən pul istəyirlər, xüsusilə də “İctimai” TV. İndi bizə Az.TV-dən zəng edib deyirlər ki, sədr əmr edib, yuxarıda adları qeyd edilən TV-lərdən başqa heç bir TV-yə çıxmamalıyıq. Bizə bu haqda Az.TV-müvafiq qurumlarından zəng edərək bildiriblər. Bu, Arif Alışanovun özbaşınalığından başqa bir şey deyil. Adımızı solist siyahısına yazıb, heç bir əməkhaqqı ödəmədən, verilişlərə çıxarmadan bizi inkişaf etməyə, tanınmağa qoymamaq cəhdinə başqa ad verə bilmirik. Mehriban xanım, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu çox uğurlu bir təşəbbüs irəli sürüb, gözəl layihə reallaşdırılıb. Amma təəssüflər olsun ki, Arif Alışanov kimiləri bu uğura, nəcib təşəbbüsə kölgə salırlar, uğurunu azaltmağa çalışırlar”.
Gənc xanəndələr üzləşdikləri problemlə bağlı Heydər Əliyev Fonduna və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etməyə hazırlaşdıqlarını deyirlər. 20-yə yaxın sənətçinin bu problemlə üzləşdiyini deyən həmsöhbətlərimiz hesab edirlər ki, M.Əliyeva onlara növbəti dəfə dəstək göstərəcək və A.Alışanovun özbaşınalığının qarşısını alacaq: “Bizim heç olmasa Az.TV-də, İTV-də proqramlara çıxışımızı təmin etsələr, bu kanalların səsyazma studiyalarında lentlərimizin yazılmasına şərait yaratsalar, qoyduqları qadağada haqlı saymaq olar. Arif Alışanov nəzərə almalıdır ki, biz xalqın sənətkarı olmaq, səsimizi, istedadımızı xalqa həsr etmək istəyirik. Bizə qadağa tətbiq edərək o, nəcib təşəbbüsü dəyərdən sala bilməz!”
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.