Apteki, “zapravkası” və bazarı olmayan rayon – İcra başçısı Aslanov isə bundan məmnun görünür…

8-01-2018, 00:28           

Təqvim ilinin dəyişməsi ilə bağlı yola saldığımız 2017-ci ilin sonu və qarşıladığımız 2018-ci ilin ilk günlərində bizə verilən bir neçə günlük qeyri iş günü fürsətindən yararlanmaq qərarına gəldim. Bu Yeni İldə Bakıya qarın da yağmaması məndə “bəlkə orada qar oldu” həvəsini oyatdı. Bakıya nisbətən yaxın olan dağ royunu sayılan Xızıya yola düşməyi planlaşdırdım. Hava proqnozunda Xızının Altıağac bölgəsində qarın yağa biləcəyi ehtimalı da, səslənmişdi. Bu səbəbdən də, Altıağacdakı “Cənnət bağı” adlanan istirahət məkanını seçdim ki, bəlkə uşaqlara qar sevincini yaşada bildim. Bu yazını yazmaqda məqsəsdim heç də, Xızı rayonunda olduğum iki günlük təəssüratımı bölüşməklə insanlara romantik hislər yaşatmaqdan ibarət deyil. Çünki Xızıda rastlaşdığım mənzərə məndə bu həvəsi kökündən dəfn etmiş oldu. Səfərdən sonra qələmlə yenidən Xızıya ekskurs etməyimin başlıca səbəbi həmin rayonda şahidi olduğum və müasir Azərbaycanın inkişaf tempi ilə uzlaşmayan bəzi ciddi problemlərə işıq salmaq, onların həllinə nail olmaq istəyi ilə bağlıdır. Bakıdan Xızının rayon mərkəzinə aparan yolun ideal olmasa da, yaxşı vəziyyətdə olduğunu söyləmək olar. Xızının mərkəzindən Altağaca qədər olan məsafə 15-18 kilometrdir. Bakıdan yola çıxanda avtomobilimdə Altıağaca çata biləcəkdən də artıq miqdarda yanacaq vardı. Ancaq qərara gəldim ki, Xızı rayonunda avtomobilə əlavə yanacaq doldurum ki, orada olduğum müddətdə mənim lazım olan ehtiyacımı ödəsin.

Rayonun mərkəzi bir küçədən ibarətdir. Çox səliqəli şəkildə yolun hər iki tərəfində müasir üslubda tikilən dövlət qurumlarının binaları görünür. Hətta bu birküçəlik inzibati rayon mərkəzində işıqforun da olduğunu görəndə ilk baxışdan bu təəssürat yarandı ki, yəqin icra başçısı yaxşı işləyən adamdır. Həmin mərkəzi küçə boyu maşını “zapravka” etmək üçün bir dənə də olsun yanacaqdoldurma məntəqsi gözümə dəymədi. Fikirləşdim ki, yəqin arxa küçələrdən birində olar. Gözümə mərkəzi küçənin sonunda istirahət mərkəzlərindən gələn- gedən avtomobillərin hərəkətini “izləyən” DYP əməkdaşları dəydi. Avtomobili onların yanında saxlayıb, haradan yanacaq doldura biləcəyimi soruşdum. Gördüm ki, mənə ironik tərzdə cavab verdilər:
”Müəllim,yəqin buralara yaxşı bələd deyilsiniz. Xızıda bir dənə də olsun yanacaqdoldurma məntəqəsi yoxdur. Benzini həyətlərdə satırlar. Ən yaxın “zaprafka” isə 30 kilometr burdan aralıda olan Giləzidədir”. Təəccüb məni bürüdüyü üçün, onlara “Altıağac tərəfdə də yoxdur?” sualını verdim.

Yenə gülərək mənə “rayonun mərkəzində yoxdursa, Altağacda “zaprafka” nə gəzir?” cavabını verdilər. Əlacsızlıqdan onlardan benzin satılan həyətin yerini öyrəndim. İzah etdilər ki, həmin mərkəzi küçə ilə üzü Bakıya tərəf qayıdanda işıqfordan sola dönüb, bir az getdikdən sonra həyətlərdən birinin qabağında “benzin satılır” elanı qarşıma çıxacaq. Getdim, həmin həyəti tapdım. Gördüm ki, məndən qabaqda iki cavan oğlan da benzin almaq üçün ev sahibini adı ilə çağırırlar. Həmin anda başa düşdüm ki, onlar yerli adamlardı. Onlarla etdiyim qısa söhbət əsnasında başa düşdüm ki, rayonda “zapravkanın” olmamağı onları da ciddi narahat edir. Ev yiyəsi arxasında “polis” sözü yazılan bir gödəkcə ilə qarşımıza çıxdı. Yerli cavanlardan soruşdum ki, benzini satan polisdi? Dedilər ki, yox, kişi müəllimdir, oğlu polisdə işləyir, yəqin onun gödəkcəsini geyinib. Kişi bildirdi ki, benizinin litrin 1 manata satır. Düzü, plastik qablara doldurulan mayenin hansı keyfiyyətdə benzin olduğunu yoxlamaq imkanım yox idi. Bu səbəbdən də, hər litri üçün dövlət qiymətindən 10 qəpik baha qiymətə benzini alıb maşınıma doldurdum. Kişi bir söz də dedi ki, o nisbətən insaflıdır, Altıağacda bundan aşağı keyfiyyətdə olan benzinin litrini 1 manat 20 qəpiyə satırlar.

Belə başa düşdüm ki, Xızı rayonu ərazisində benzin satışı ilə hansısa bir mütəşəkil dəstə məşğul olur və bundan yerli polisin, hətta icra hakiminin özünün də xəbəri var. Əslində, bu “qara” biznesdən külli miqdarda qazanc əldə olunur. Xızı rayonunun benzinə olan tələbatını və rayon ərazisində bir dənə də olsun yanacaqdoldurma məntəqəsinin yoxluğunu nəzərə aldıqda məlum olur ki, yerli sakinlər hər litri üçün 10-30 qəpik arasında baha qiymətə kefiyyəti məlum olmayan benzini almağa vadar edilir. Onda sual olunur: “yerli əhalinin narazılığına, rayon rəhbərliyinin isə narahatçılığına belə səbəb olmayan bu vəziyyət kimə sərf edir?” Cavab birmənalı olaraq bəllidir. Həmin “qara” biznesin arxasında duranlara. Yerli əhaliylə bu xüsusda etdiyim söhbət əsnasında onu da öyrənə bildim ki, Xızının girəcəyində “zapravka” olub. Sadəcə, icra başçısı ilə həmin iş adamı arasında yaşanan konflikt səbəbindən yeganə yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb. Bir sözlə, Xızı əhalisi kimlərinsə prinsipinə görə, bu cür əziyyət çəkməyə vadar edilib. Qanı qaralmış vəziyyətdə istirahət mərkəzinə yollandım. Havanın soyuluğu və Bakıdakı qrip epidemiyasının təsirindən qalan vəziyyət uşağın hərətini qaldırdı. İstirahət mərkəzində dərman tapa bilmədim. Məcbur qalıb, dumanlı və olduqca risqli havada avtomobilə minib yenidən rayon mərkəzinə yollandım.

Mən nə biləydim ki, sən demə, Xızı rayonu “zaprafka” ilə yanaşı, həm də aptek dərdini yaşayırmış. Sən demə, uzun illərdi ki, Xızıda bir yerdə də olsun aptek fəaliyyət göstərmir. Bayram günləri olduğu üçün, xəstəxana da işləmirdi. Növbəti sürprizlərlə rastlaşmamaq üçün məcbur qalıb ailə -uşağımı da götürərək, istirahətimi yarımçıq saxlayıb, Xızını tərk etməli oldum. Xızıdakı yerli əhaliylə etdiyim söhbətlərdən sonra mənə o da məlum oldu ki, rayon mərkəzində bazar da fəaliyyət göstərmir ki, bu da kənd təsərrüfatının geniş inkişaf etdiyi rayon əhalisinin istehsal etdiyi məhsulların realizə olunmasına çətinlik yaradır. Çox maraqlıdır ki, Xızı rayonunun icra başçısı Xəzər Aslanov etdiyi bütün çıxışlarında rəhbərlik etdiyi rayonun yüksək templə inkişaf etdiyindən danışır. Onda isə biz ona belə bir sual ünvanlayırıq: “Bazarı, apteki, yanacaqdoldurma məntəqəsi olmayan bir rayonda hansı inkişafdan danışmaq olar?”
Düşünürəm ki, əlaqədar qurumlar Xızıdakı bu acınacaqlı vəziyyəti aradan qaldırmaq üçün əməli fəaliyyətə keçəcəklər.(Azinform.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.