Heydər Əsədovun uğursuz pambıq siyasəti - Pambıq pul gətirmir

12-01-2018, 10:17           
Heydər Əsədovun uğursuz pambıq siyasəti - Pambıq pul gətirmir
“Neft bumu” bitdikdən sonra hökumət qeyri-neft sektorunun inkişafını prioritet elan etdi. Qeyri-neft sektorunun inkişafı üçün hazırlanan proqramlar və görüləcək işlər aidiyyatı üzrə qurumlara tapşırıldı. 2017-ci ildə müəyyən işlər görüldü və nəticələr də əldə edildi. Xüsusi diqqət ayrılan sahələrdən biri də pampıqçılığın inkişafı idi. Bu sahənin inkişafı ilə valyuta ehtiyatlarının artırılacağı gözlənilirdi.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə 2017-ci ildə yığılan pambıq 2016-c illə müqayisədə 2 dəfə çoxdur. Cari ilin yanvarın 9-dək ölkə üzrə 207 min 155 ton pambıq tədarük olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Ancaq tədarük olunan pambıq ölkəyə valyuta gətirəcək səviyyədə deyil. Bu isə sahənin inkişafına məsuliyyət daşıyan qurumun-Kənd Təsərrüfatı Nazirliyinin işinin öhdəsindən gəlmədiyi anlamına gəlir. Təsadüfi deyil ki, 2018-ci il büdcə daxilolmalarında da Kənd Təsərüffatı Nazirliyinin adı yoxdur. Nəzərə alsaq ki, ötən il kənd təsərrüfatının inkişafı üçün dövlət büdcəsindən külli miqdarda vəsait ayrılıb, görülən işlərin ayrılan vəsaitə adekvat olduğunu demək mümkün deyil. Ölkənin valyuta ehtiyatları və büdcə gəlirləri aidiyyatı üzrə yenə də digər dövlət qurumlarının hesabına formalaşıb. Kənd Təsərrüfatı Nazirliyi isə heç ölkənin valyuta ehtiyatlarını belə artıra bilmədi.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında yığılan pambığın valyuta ehtiyatlarını artırmağa adekvat olmadığını deyib:

“Əslində Azərbaycanda pambıq sevdası doğru-dürüst yanaşma ilə aparılmır. Yenidən sovet vaxtında olduğu kimi bu sahədə işlər dövlət nəzarəti və dəstəyi ilə aparılmağa çalışılır. Pambıqçılığın inkişafı üçün təməl şərtlər: sərbəstlik, özünü stimullaşdırma, məhsulların xarici bazara çıxarılmasına şərait yaradılmadı. Ancaq dövlət nəzarəti altında, bir proqram kimi aparıldı. Bu cür yanaşma isə çox vaxt effekt vermir. Ölkədə pampıqçılığın məhsuldarlığı isə orta dünya səviyyəsindən təxminən 2 dəfə aşağı səviyyədədir. Digər tərəfdən 2004-cü ildə də təqribən 200 min ton pampıq yığılmışdı. Yəni, təxminən 2017-ci illə müqayisədə məhsuldarlıq eyni olmuşdu. Həmin yığılan pampıq Azərbaycan büdcəsində də, xarici ticarətdə də, valyuta gətirilməsində də heç cür özünü göstərmədi. 2004-cü ilin məlumatları hələ də Maliyyə Nazirliyi və Dövlət Statistika Komitəsinin saytında var və kim istəsə, açıb baxa bilər. Ciddi bir dəyişiklik olmadı. Yəni, 2017-ci ildə 200 min ton civarında pampıq yığılması valyuta gətirəcək səviyyədə deyildi. Ondan əlavə, nə qədər qəribə səslənsə də pambıqçılıq hələ uzun illər valyuta gətirən deyil, aparan sahəyə çevriləcək. Çünki Azərbaycanda bu sahəyə xidmət edən heç bir texnika, avadanlıq istehsal olunmur, toxum, gübrə xaricdən gətirilir. Yəni, hələ pampıqçılıq uzun müddət valyuta gətirəcək sahə olmayacaq. Nə qədər ki, bu kommersiya əsasları, biznes məntiqi ilə işləmir, nə qədər ki, insanların öz marağı çərçivəsində bu sahə inkişaf etdirilməyəcəksə, bunun rentabelliyindən danışmaq çox çətin məsələdir. Çünki Özbəkistandan başqa dünyanın heç bir ölkəsində dövlət birbaşa pambıqçılıqla məşğul olmur. Yeri gəlmişkən Özbəkistandan hər il təqribən 2.5 milyon ton pambıq yığılır. Bunun da dövlət büdcəsinə gətirdiyi gəlir 1 milyard dollardan bir az çoxdur. Bizdə pambığa böyük ümidlər bəslənilirdi, ancaq bu ümidlər özünü doğrultmayıb və doğrultmayacaq da. O, zamana qədər ki, bu sahədə biznes məntiqi çalışmayacaq. Biznes məntiqi çalışanda, fermerlərin özünün marağı olanda, birbaşa bazara çıxış əldə edəndə bu sahənin inkişafını, insanlara gəlir gətirdiyini demək mümkün olacaq. Hələlik, ancaq sovetdən qalan təfəkkürlər, icra başçılarının basqısı ilə, büdcə təşkilatlarının bu sahəyə məcburi cəlb olunması ilə bu sahəni inkişaf etdirməyə çalışılır. Bu isə rentabelli və effektli bir yanaşma deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.