Bakıda “kazino mafiyası”nın daha bir obyektində şıdırğı qumar – Video
12-01-2018, 11:37
Bakıda aşkar şəkildə kazinolar fəaliyyət göstərirlər.
AzEuroNews.com-un məlumatına görə, onlardan biri Yeni Yasamalda Dadaş Bünyadzadə küçəsində yerləşir.
“Gülüstan” şadlıq sarayı ilə üzbəüz, vida mərasim zallarının birinci mərtəbəsində qanunsuz fəaliyyət göstərən kazinodan görüntülər yayılıb.
Video çəkilişdə danışanlardan biri qeyd edir ki, qumarxana bir aydan çoxdur işləyir. Mərasim zalının 1-ci mərtəbəsində yerləşən kazinoya istənilən şəxs daxil olub pul uduşu qoya bilir.
Şəhərin müxtəlif ünvanlarında çayxana adı altında kazinolar açılıb. Azərbaycanda kazino fəaliyyəti rəsmi olaraq yasaqdır.
Belə ki, mərhum dövlət başçısı Heydər Əliyev Azərbaycanda bütün kazino və qumarxanaların bağlanması barədə 1998-ci ildə qərar verib.
Amma son illər Bakıda qanunsuz kazino biznesi sürətlə çiçəklənməyə başlayıb. Belə obyektlər adətən çay evləri, internet klubları kimi maskalanmaqla fəaliyyət göstərir.
Bəzi məntəqələr isə ümumiyyətlə adsızdır. Bakıda fəaliyyət göstərən əksər kazinolar bir neçə şəxsin əlində cəmlənib.
Onlar özlərini “toxunulmaz şəxs” statusunda aparır, himayədarları olduqlarını bəyan edir, lotu dəstələri saxlayırlar.
Qumarxana işlədənlər polis təhlükəsi olan kimi kompüterləri elektrik şəbəkəsindən ayırır. Belə olan halda nəyisə sübut etmək çətin olur. Çünki proqram avtomatik itir.
Hər ay milyonlarla manatın qanunsuz olaraq qəsb edildiyi bu kazinolar neçə-neçə ailənin də bədbəxt olmasına yol açıb.
Bu kazinolarda bir gecənin içində hər şeyini- evini, maşınını, obyektlərini uduzanların sayı təxmin edə biləcəyinizdən də çoxdur.
Gizli kazinolar əsasən Bakı, Xırdalan və Sumqayıt ərazilərində, habelə bir çox rayonlarda fəaliyyət göstərir.
Bakıda hər ay milyonların dövr etdiyi qumar biznesinin yetərli hissəsinə “Qara Vəzir” kimi tanınan şəxs başçılıq edir. “Qara Vəzir” əsasən metroların çıxışına yaxın yerlərdəki zirzəmiləri icarəyə götürərək orada qumarxana açır.
Adı çəkilən şəxsin fikirlərini dinləməyə hazırıq!
teref.az