Bakının ən bahalı beş villası - Sahibləri kimlərdir?
19-08-2015, 10:26
Neftin dünya bazarında ucuzlaşması ölkənin mənzil bazarında qiymətlərə mənfi təsir göstərib. Daha dəqiq desək, neftin uculaşması daşınmaz əmlak bazarını "vurub”.
Ötən ay təkrar yaşayış mənzil bazarında təklif olunan ən bahalı mənzil "yeni tikili” layihəli 4 otaqlıda qeydə alınıb. Bu da "28 May” metro stansiyası yaxınlığında yerləşən 160 kv.m sahəyə malik yaxşı təmirli mənzil olub. Mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 4100 dollardır. Lakin qiyməti milyon manatdan yuxarı olan fərdi yaşayış evləri də var.
Publika.az satışa çıxarılan ən bahalı 5 malikanənin qiymətini təqdim edir.
1-ci yer
Siyahıya Məmməd Araz küçəsində yerləşən villa liderlik edir. Beşmərtəbəli ev 5 sot ərazidə yerləşir. Evin yaşayış sahəsi - 240 kvadratmetrdir. Qiyməti - 3 500 000 manat.
2-ci yer
Qiyməti boğazları qurudan villa Bakıda Atatürk prospektində yerləşir. Evin sahəsi 630 kvadratmetdir. İkimərtəbəlidir, 12 sot ərazidə yerləşir. Tavanın hündürlüyü 4,2 metrdir. İki buxarı, iki geniş eyvanı var. Abadlaşdırılmış həyətində meyvə və ekzotik ağaclar əkilib. Qiyməti - 3 500 000 manatdır.
3-cü yer
25 sot ərazidə inşa edilən tam şəraitli villa siyahının 3-cü pilləsində qərarlaşıb. Tikilinin sahəsi 850 kv.m-dir. Bina mebel ilə tam təchiz edilib. Həyətdə hovuz, yay mətbəxi var. Qiyməti - 3 200 000 manatdır.
4-ci yer
Bakida "Neftçilər” metrosu yaxınlığında yerləşən üçmərtəbəli bina. Binanın eyni zamanda mansardı var. 12 sot ərazidə yerləşən mülkün qapalı hovuzu və saunası var. Ev yaşayış üçün lazım olan müasir sistemlə təchiz edilib. Qiyməti - 2 500 000 manat.
5-ci yer
Məmməd Əmin Rəsulzadə qəsəbəsində yerləşən üçmərtəbəli villa siyahının 5-ci pilləsindədir. 5 sot sahədə yerləşən evin yaşayış sahəsi – 480 kvadratmetrdir. Villada 8 yataq otağı var, evin döşəməsinə şabalıd ağacından hazırlanmış parket döşənib. Həyət abadlaşdırılıb. Qiymət - 2 300 000 manatdır.
Ekspertlər deyir ki, Azərbaycanın demək olar bütün elit daşınmaz əmlakı Bakının mərkəzində yerləşir. Bununla belə göstərilən evlər ən bahalılar sayılmır. Çünki elit daşınmaz əmlak bazarı qapalı olur və cəmiyyətə məlumat verilmir.