Zəngəzur dəhlizi Türkiyənin nəzarətinə keçəcək?

Bu gün, 00:03           
Zəngəzur dəhlizi Türkiyənin nəzarətinə keçəcək?
Zəngəzur dəhlizi ilə bağlı daha bir iddia yayılıb.

Belə ki, erməni politoloq Benyamin Matevosyanın sözlərinə görə, Zəngəzur dəhlizinə nəzarətin Türkiyəyə verilməsi də gündəmdədir:

“Ermənistan kommunikasiyaların dəhliz statusunda açılmasını istəyir. Bu çərçivədə yola nəzarətin ABŞ şirkətinə verilə biləcəyi müzakirə olunur. Əslində, nəzarətin bu ad altında Türkiyəyə verilməsi planlaşdırılır.

Artıq Prezident Vaaqn Xaçaturyan sosial media və yerli telekanallarda bu kontekstdə təbliğata başlayıb. O, dəhlizin ABŞ-Türkiyəyə təhvil verilməsini təbliğ edir, bunu iqtisadi səmərə və ticarətlə bağlı bəyanatlarla ört-basdır edir”.

Maraqlıdır, Zəngəzur dəhlizi Türkiyənin nəzarətinə verilə bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı səsləndirilən son iddialar bölgədə informasiya manipulyasiyasının yeni mərhələyə keçdiyini göstərir:

“Erməni politoloqu Benyamin Matevosyanın nəzarətin Türkiyəyə verilməsi yönündə açıqlamaları əsassız olmaqla yanaşı, ictimai rəyə təsir göstərmək məqsədi daşıyır. Ermənistan ictimaiyyətində Türkiyəyə qarşı formalaşdırılmış tarixi qorxuları canlandırmaq, real sülh gündəmini kölgədə qoymaq üçün bu cür tezislər zaman-zaman tirajlanır. Əslində, Azərbaycanın mövqeyi dəfələrlə aydın şəkildə ifadə olunub.

Zəngəzur dəhlizi Azərbaycanın suverenliyi və regionda dayanıqlı nəqliyyat əlaqələrinin qurulması ilə bağlıdır. Dəhlizin kimə “təslim olunması” kimi yanaşma kökündən yanlışdır və Azərbaycanın razılığı olmadan heç bir xarici qüvvə bu ərazidə funksional rol ala bilməz”.

Ekspert qeyd edib ki, əgər hər hansı beynəlxalq şirkətin iştirakı nəzərdən keçirilirsə belə, bu, texniki və logistik xidmətlərlə məhdudlaşar:

“ABŞ şirkəti adı ilə Türkiyəyə nəzarət verilməsi iddiası isə daha çox daxili təbliğat və konspiroloji siyasi ritorika xarakteri daşıyır. Azərbaycan üçün əsas prioritet Naxçıvanla fasiləsiz quru bağlantısının yaradılması və regionda nəqliyyat infrastrukturunun təhlükəsizliyinin təmin olunmasıdır.

Türkiyə Azərbaycanın strateji müttəfiqi olaraq prosesdə təbii şəkildə maraqlıdır, lakin bu, suverenliklərin pozulması anlamına gəlmir. İrəvanın bu dəhlizi “kontrol itkisi” kimi təqdim etməsi isə danışıqlara süni əngəl yaratmaq cəhdidir. Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın bu mövzuya dair çıxışları da daha çox ictimai dəstəyi formalaşdırmaq məqsədi güdür və real hüquqi-siyasi nəticələr doğurmur”.

Politoloq onu da diqqətə çatdırıb ki, regionda dəhlizlər mövzusu artıq beynəlxalq razılaşmaların gündəmindədir:

“Burada əsas söz sahibi Azərbaycan və onun tərəfdaşlarıdır. Erməni ekspertlərin bu tip “təhvil veriləcək” tezisləri siyasi panika və informasiya manipulyasiyası alətidir. Əsl məsələ ErmənistanIN dəhlizin açılmasına nə qədər real şəkildə hazır olub-olmadığıdır.

Çünki “Nəzarət kimin əlində olacaq?” sualından əvvəl dəhlizin ümumiyyətlə, açılıb-açılmayacağı məsələsi var. Azərbaycanın dövlət suverenliyi çərçivəsində bu məsələ ancaq hüquqi və diplomatik müstəvidə reallaşa bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru