Dini ziyarət üçün xaricə gedən azərbaycanlıların sayı artıb – Ölkələr üzrə siyahı
Dünən, 16:44
Bu ilin ilk yarısında turizm məqsədi ilə xarici ölkələrə 601 min 77 nəfər Azərbaycan vətəndaşı səfər edib. Xaricə səfər edənlərin 16 min 249 nəfəri və ya 2,7%-i xarici ölkələrə dini ziyarət məqsədi ilə gedib. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə dini ziyarət məqsədi ilə xaricə gedənlərin sayı artıb. Belə ki, 2024-cü ilin ilk yarısında 14 min 416 nəfər Azərbaycan vətəndaşı xarici ölkələrə dini ziyarətə gedib. Dini ziyarət üçün gedənlərin yarıdan çoxu – 8 min 503 nəfəri Səudiyyə Ərəbistanına səfər ediblər. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə Səudiyyə Ərəbistanına səfər edən ziyarətçilərin sayı 17,7% artıb. Azərbaycan vətəndaşları bu ilin ilk yarısında dini ziyarət üçün aşağıdakı ölkələrə səfər ediblər: Səudiyyə Ərəbistanı – 8 503 nəfər; Türkiyə – 3 874 nəfər; Rusiya – 1 595 nəfər; Birləşmiş Ərəb Əmirlikləri – 1 354 nəfər; İran – 386 nəfər; Gürcüstan – 193 nəfər; İsrail – 114 nəfər; Qazaxıstan – 99 nəfər; İraq – 63 nəfər; Özbəkistan – 28 nəfər; Qətər – 21 nəfər; Qırğızıstan – 2 nəfər; Digər ölkələr – 16 nəfər.