Xaçaturyandan ermənilərə ŞOK: İrəvan dəhlizə görə səfərbər oldu – Yeni qərar

Bu gün, 00:06           
Xaçaturyandan ermənilərə ŞOK:
Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın Qafana səfəri zamanı Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları ölkədə böyük səs-küyə səbəb olub. O, Zəngəzurun Ermənistanın inkişaf qapısına çevrilə biləcəyini söyləyib.

Xaçaturyan həmçinin Ermənistan hökumətinin yaxın vaxtlarda Azərbaycanla sülh sazişini imalamağı hədəflədiyini bildirib.

Ermənistan prezidentinin dəhlizlə bağlı müsbət mesajları nədən qaynaqlanır?

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, 5 il davam edən müzakirə və mübahisələrdən sonra nəhayət Ermənistan Zəngəzur dəhlizinin açılmalı olduğunu dərk edir:

“Belə ki, regional inteqrasiya və iqtisadiyyatın inkişafı, məhz Zəngəzur dəhlizi ilə əlaqəlidir. Əgər biz bir qədər dərin təhlil etmək istəsək görəcəyik ki, elə regionda sülhün əldə olunmasının yolu da Zəngəzur dəhlizindən keçir.

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan çoxdan hamıya bəlli olan bu gerçəkliyi ifadə etmək üçün özündə cəsarət tapıb. Nəyə görə bu açıqlamanı Zəngəzurda edir? Bunun da özünəməxsus səbəbləri var. Çünki Ermənistanın radikal qüvvələri Zəngəzur əhalisini səfərbər edərək dəhlizin açılmasına qarşı onlardan təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar.

Ermənistanın Baş naziri Nikol Paşinyan seçki ərəfəsində heç bir bölgənin səsini itirmək istəmir. Əksinə, səslərini artırmaq üçün ölkənin fərqli regionlarına ardıcıl səfərlər edir. Təsadüfi deyil ki, Paşinyan özü də bir müddət öncə Zəngəzura səfər etdi. Ona görə düşünürəm ki, Ermənistan prezidenti və baş nazirin səfərləri, çıxışları koordinasiya əsasında baş tutur.

Bütün bunlar kommunikasiyaların açılması kimi təqdim olunsa da, hər kəsə bəllidir ki, Vaaqn Xaçaturyan nə deyirsə desin, burada məsələ azərbaycanlıların öz torpaqlarına gedib-gəlməsi ilə bağlıdır. Qalan yükdaşıma kimi məsələlər isə fərqli platformalarda razılaşdırılmalıdır. Bütün bunları dəhlizin açılması istiqamətində müsbət qəbul etmək olar”.

Politoloq Fərhad Məmmədov isə bildirib ki, 44 günlük müharibədən sonra Nikol Paşinyan hökumətinin təbliğatı nəticəsində Zəngəzur dəhlizi Ermənistanın daxili siyasətində ən çox müzakirə edilən mövzuya çevrilib:

“Eyni zamanda, xaricdə və Qərbdə Azərbaycanın bölgədə eskalasiya planlaşdırdığına dair təbliğat apararaq siyasi və iqtisadi dəstək almağa çalışdılar. Hazırda isə bu məsələ aktualdır. Kommunikasiyaların açılmasını şərtləndirən yeganə mövzudur. Mövcud vəziyyətdə İrəvan hökuməti cəmiyyəti kommunikasiyaların açılmasına, Zəngəzur marşrutunun xüsusi rejimdə fəaliyyətinə hazırlamaq məcburiyyətində qalıb.

Bu istiqamətdə Ermənistan prezidenti, hökumət və deputatlar Paşinyana qoşulub. Hamı başa düşür ki, sülh prosesi davam edir. ATƏT-in Minsk qrupunun ləğvi, nəqliyyat-kommunikasiya xətlərinin açılmasına dair konkret danışıqlar gedir. Ermənistan cəmiyyətində Zəngəzur dəhlizinə ilə bağlı xof yaranıb. İndi də bunu aradan qaldırmağa çalışırlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru