Kolabasa adı ilə toyuq tullantıları yeyirmişik – Dietoloq sirləri açdı
Bu gün, 00:10

Xəbər verdiyimiz kimi kolbasa, frankfurter, cips və qəlyanaltılar uzun müddətdir ki, bir çox ukraynalıların qidalanmasının adi hissəsinə çevrilib. Lakin dietoloqun sözlərinə görə, rəngarəng qablaşdırmanın və iştahaaçan görünüşün arxasında sağlamlığınız üçün təhlükəli ola biləcək tərkiblər gizlənir.
RBC-Ukrayna ilə müsahibəsində Ukraynanın Əməkdar Həkimi, professor, qastroenteroloq və dietoloq Halyna Anokhina emal olunmuş ət məhsullarında ola biləcək şok edən detallar barədə danışıb.
Onun sözlərinə görə, frankfurterlərin hazırlanmasında bəzən istifadə edilən tərkiblərdən biri… dezinfeksiya olunmuş toyuq tullantılarıdır.
Qastroenteroloqun fikrincə, kolbasa və frankfurterlərdən mümkün qədər uzaq durmaq lazımdır. O, öz məruzələrindən birində heyrətamiz məlumat paylaşdı: quşçuluq fermalarından çıxan toyuq tullantılarının harada istifadə olunduğunu həkimlərdən soruşduqda belə nəticə çıxdı.
Məlum oldu ki, bu tullantılar gübrə kimi istifadə olunmaqla yanaşı (indi daha az yayılıb), bloklar şəklində hazırlanaraq həm yanacaq kimi, həm də qida sənayesində istifadə olunur.
“Həzm məhsullarında çoxlu mikroorqanizmlər və zülallar olur. Onlar dezinfeksiya edilir və tam zülala çevrilir, sonra həmin zülal eyni frankfurterlərə əlavə olunur”, – həkim gündəlik məhsullardakı gizli tərkiblərə diqqət çəkib.
Maraqlıdır, Azərbaycanda istehsal olunan kolbasa və kolbasa məmulatlarının hazırlanmasında bu cür toyuq tullantılarından istifadə olunurmu? Ümumiyyətlə, ölkəmizdə istehsal olunan kolbasa və sosislərin tərkibi nə dərəcədə sağlamlıq standartlarına uyğun gəlir?
Dietoloq Ləman Süleymanova Musavat.com-a açıqlamasında qida təhlükəsizliyi ilə bağlı ciddi xəbərdarlıq edərək bildirib ki, bəzi istehsalçılar məhsul hazırlayarkən keyfiyyətsiz, hətta insan istehlakına yararsız quşçuluq tullantılarından istifadə edirlər:
“Təəssüf ki, Azərbaycanda bəzi kolbasa və sosis istehsalçılarının xərclərə qənaət etmək məqsədilə quşçuluq fermalarından çıxan, keyfiyyətsiz və yararsız toyuq tullantılarından istifadə etdiyi faktdır. Normalda heyvansevərlər belə tullantıları yalnız küçə heyvanlarını yemləmək üçün alır. Amma bəzi fabriklər bu məhsulları ucuz olduğu üçün istehsalda istifadə edir və daha sonra baha qiymətə satışa çıxarırlar. Bu, insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Kolbasa və sosislərin uzun müddət xarab olmaması üçün müxtəlif konservantlar və kimyəvi maddələrdən istifadə olunur. Məsələn, məhsulun rəngini çəhrayı saxlamaq üçün natrium nitrit əlavə edilir. Bu maddə bakteriyalara qarşı qoruyucu təsir göstərsə də, həddindən artıq istifadəsi xərçəng riskini artırır. Rəngdə dəyişikliklər – qəhvəyi, boz və ya yaşıl ləkələrin əmələ gəlməsi məhsulun keyfiyyətsiz və ya vaxtının keçdiyini göstərir”.
L.Süleymanova həmçinin bəzi qəlyanaltılar və uşaq qidaları ilə bağlı da xəbərdarlıq edib:
“Çipsilər və müəyyən qəlyanaltı məhsullarında istifadə olunan bəzi yağlar neft mənşəlidir. Bu yağlar insan orqanizminə tamamilə yad maddələrdir. Onlar qaraciyərə, mədəaltı vəzə və digər daxili orqanlara ciddi ziyan vurur. Təəssüf ki, körpə və məktəbyaşlı uşaqlar bu tip məhsulları tez-tez istehlak edir və nəticədə piylənmə, qaraciyər piylənməsi, metabolik pozğunluqlar kimi problemlər erkən yaşlardan müşahidə olunur”.
Dietoloq bildirib ki, bu səbəbdən bazardan alınan kolbasa və sosislərdən mümkün qədər uzaq durmaq lazımdır:
“Əgər kolbasa və ya sosis yemək istəyirsinizsə, bunu ev şəraitində, təmiz və keyfiyyətli ətdən hazırlamaq lazımdır. Marketlərdə satılan sənaye istehsalı məhsullar isə həm tərkibinə qatılan yararsız ətlər, həm də qoruyucu kimyəvi maddələr səbəbindən sağlamlıq üçün risklidir”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanda ət məhsullarının istehsalında vəziyyət digər ölkələrlə müqayisədə xeyli yaxşıdır:
“Bəzi kiçik sexlərdə istehsal olunan kolbasa və sosis məmulatlarını istisna etsək, ölkəmizdə fəaliyyət göstərən böyük istehsalçılar əsasən təmiz ət və quş ətindən istifadə edirlər. Quşların skeleti, əti və dərisindən istifadə olunur”.
E. Hüseynov bildirib ki, ölkəyə ət idxalı müxtəlif ölkələrdən həyata keçirilir:
“Azərbaycan bir çox ölkələrdən, o cümlədən Braziliyadan, Hindistandan, Pakistandan, həmçinin böyük həcmdə Monqolustandan ət idxal edir. İdxal olunan məhsulların əksəriyyəti keyfiyyət baxımından standartlara cavab verir. Buna baxmayaraq, istehlakçılar etiket oxumağa və məhsulun mənşəyini diqqətlə öyrənməyə diqqət etməlidirlər. Mən istehlakçılara tövsiyə edirəm ki, mümkün qədər yerli istehsal məhsullarına üstünlük versinlər. Yerli məhsullar təravətli, keyfiyyətli, iqlim və saxlanma şəraitinə daha uyğun olur. Bəzən xaricdən gətirilən məhsulların görünüşü və qablaşdırması cəlbedici ola bilər, amma bu, istehlakçı üçün əsas meyar olmamalıdır. Mənim fikrimcə, yerli məhsullar bir çox hallarda xarici məhsullardan üstündür”.
Musavat.com