Ağsuda qalmaqal
19-08-2015, 11:14
Kənd camaatı“Bir ovuc suya möhtacıq” deyir, İcra Hakimiyyəti isə “AzərSu”ya gücümüz çatmır” söyləyir
“Nə içməyə bir qaşıq, nə qab-qaşıq yumağa bir vedrə, nə də mal-qara sulamağa bir ovuc suyumuz var...”
Kənd rəhbərliyi, bələdiyyəsi bu məsələnin həllində acizdir. İcra başçısı isə“çayda su yoxdur, “AzərSU”yasa gücüm çatmır” deməklə kifayətlənir.
Ağsu rayonunun 5 kəndinin sakinləri susuzluqdan əziyyət çəkir.
Bu barədə AzNews.az-a rayonun 5 kəndinin - Gəgəli, Bico, Keçdiməz, Qəşəd, Ləngəbiz - sakinləri şikayət ediblər. Onlar hər yay fəslində su problemi yaşadıqlarını, bu il də artıq 2 aydır ki, su üzünə həsrət qaldıqlarını deyirlər.
Əməkdaşımızla söhbətində Bico kəndinin sakinləri vəziyyətlərinin daha acınacaqlı olduqlarını, mal-qaralarının susuzluqdan qırıldığını bildiriblər: “Bir neçə il idi Oğuz-Qəbələ-Bakı su kəmərinin kənd ərazisindən keçən hissəsində yırtıq əmələ gəlmişdi ki, camaat həmin yerdən axan sudan maşınlarla daşımaqla da olsa, ehtiyacını birtəhər ödəyirdi. O cümlədən 5 kəndin mal-qarası da belə qızmar günlərdə həmin sudan qidalanırdı. Amma iki ay olar ki, “AzərSU”nun işçiləri oranı da bağladılar. Bu üzdən dağətəyi kəndlərdə yaşamaq tamamilə mümkünsüzləşib. Onsuz da kəndin cavanları çörəkpulu dalınca müxtəlif şəhərlərə üz tutmuşdular, su problemi yaranandan sonra isə, demək olar, kəndlərin 70 faizi boşalıb. Güzəran bu cür davam etsə, yəqin ki, yaxın vaxtlarda bu kəndlərdə, ümumiyyətlə, yaşayış olmayacaq”.
Əhalinin sözlərinə görə, hazırda suyu maşınlarla rayon mərkəzindən 25-30 manata gətizdirirlər. Kənd sakinləri məsələ ilə əlaqədar dəfələrlə kənd və rayon rəhbərliyinin qarşısında məsələ qaldırıb: “Kənd rəhbərliyi, bələdiyyəsi bu məsələnin həllində acizdir. Rayon İH-nin başçısı Ənvər Seyidəliyevsə “çayda su yoxdur, “AzərSu”yasa gücüm çatmır” deməklə kifayətlənir. Əslində, Ağsuçayın suyu şəhər təsərrüfatına sərf olunur, Girdimançayın suyu isə su maşınları vasitəsilə rayon əhalisinə pulla satılır. Görün nə vəziyyətdir ki, rayon su idarəsinin maşını da su satmaqla məşğuldur. Su idarəsinin müdiri Səfər Məmmədov ümumiyyətlə, su problemilə maraqlanmır”.
Laqeydlikdən əziyyət çəkən Gəgəli, Bico, Keçdiməz, Qəşəd, Ləngəbiz kəndlərinin əhalisi çıxış yolunu ölkə rəhbərinin bu məsələyə qarışmasında görür: “Yanvar ayında Prezident İlham Əliyev Ağsu rayonunda icməli, suvarma və məişət suyuna olan tələbatın ödənilməsi üçün dövlət büdcəsindən bir milyon manat ayırdı. Bu sərəncamda artezianların vurulması, suvarma kanallarının təmizlənməsi və su anbarlarının daimi suyla təmin olunması nəzərdə tutulurdu. Lakin nə su anbarlarında su, nə də artezianlardan xəbər var”.