Ağdaş səhiyyəsində biabırçı mənzərə - Müraciət

26-01-2018, 10:46           
 Ağdaş səhiyyəsində biabırçı mənzərə - Müraciət
"Ağdaş rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinin baş həkimi Səfa Yusifovanın səhlənkarlığı və qeyri-peşəkarlığı övladımın sağ qolunu iflic edib".

Bunu Qlobal.az-a ünvanladığı şikayət məktubunda Fatma Hümbətova deyir. F.Hümbətovanın sözlərinə görə, 2017-ci ilin noyabr ayının 15-də Ağdaş rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı oğlu Şəkər Umutun sağ qolu həkim səhlənkarlığı ucbatından zədələnərək doğuş pleksiti olmuşdur (Total ağır forma).

"Ağdaş rayon prokurorluğuna bu barədə şikayət etsəm də, bir tərəfli qaydada araşdırılma aparıldı. Dəfələrlə Ağdaş rayon prokurorun qəbulunda olub şikayətimizə haqq-əqalətlə baxmasını xahiş etdim. Ancaq prosesin gedişi göstərdi ki, şikayətimə birtərəfli qaydada baxılıb. Belə ki, araşdırılması üçün Məhkəmə Tibbi Ekspertizasına göndərilən sənədlərdə ancaq baş həkim Səfa Yusifovanın təqdim etdiyi sənədlər yer alır. Mənim təqdim etdiyim sənədlər isə hansısa səbəbə görə, Məhkəmə Tibbi Ekspertizasına göndərilməyib"-deyə, şikayətçi qeyd edir.

Fatma Hümbətova daha sonra vurğulayır ki, Uşaq Nevroloji xəstəxanasında 12 gün stasionar müalicə almağına rəğmən oğlunun sağ qolunda hərəkət yoxdur.

"18.11.2017-ci ildə Göyçay Şəhər Mərkəzi Xəstəxanasında travmatoloq Şaban həkimin qəbulunda olduq. Həkim oğlumu müayinə etdikdən sonra doğuş zamanı xəsarət alaraq doğuş pleksiti olduğunu bildirdi. Üç gün sonra- noyabrın 22-də Göyçay şəhər Bioloji Təbabət Klinikasına Bakı şəhərindən gələn Nevroloq Təranə həkimin də qəbulunda olduq. O da uşağı müayinə etdikdən sonra uşağın doğuş zamanı xəsarət alaraq doğuş pleksiti olduğunu dedi. Ötən ilin dekabr ayının 11-də Travmatologiya İnsititunda şöbə müdiri, professor Etimad həkimin qəbulunda olduq. Etdimad həkim oğlumun Türkiyədə müalicə oluna biləcəyini dedi".

Fatma Hümbətovanın sözlərinə görə, oğlu Şeker Umutun ikili vətəndaşlığı var. Belə ki, o, Azərbaycanla yanaşı, həm də Türkiyə vətəndaşıdır.

"Oğlumun sağ qolunun hərəkətinin bərpa olması üçün körpə balam Türkiyədə 3 dəfə əməliyyat olunmalıdı. Əməliyyatın hər biri ayrılıqda 27000 manata (55000 türk lirəsi) başa gəlir. Ancaq bu əməliyyatlar bizim imkanımız xaricindədir"-deyən Fatma Hümbətova ölkə rəhbərliyinə müraciət də edir:

"Başda cənab Prezidentimiz İlham Əliyevə, ölkəmizin birinci vitse-prezidenti, çox Hörmətli Mehriban xanım Əliyevaya müraciət edərək övladımın müalicəsi üçün köməklik etmələrini xahiş edirəm.

Baş prokurorumuz cənab Zakir Qaralova bir gənc ana kimi səslənirəm, həkim Səfa Yusifovanın cinayət məsuliyyətinə cəlb olunması, baş verən həkim səhlənkarlığının, məsuliyyətsizliyinin ədalətli, hərtərəfli araşdırılması üçün Ağdaş rayon prokurorluğuna göstəriş versin. Oğlum Ağdaş rayon Mərkəzi Xəstəxanasından çıxarkən doğuş sənədlərində sağlam kimi göstərilib. Ancaq sonradan həkimləri məsuliyyətdən azad etmək üçün sənədlərə başqa vərəqlər əlavə olunub. Hörmətli baş prokurorumuzdan xahiş edirəm ki, bu hal da nəzərə alınsın.

Mən ölkəmizdə haqqın-ədalətin var olduğuna inanıram. Ümid edirəm ki, gələcəkdə doğulacaq körpələrin övladım Umut kimi həkim məsuliyyətsizliyi, səhlənkarlığı ucbatından zədələnməməsi üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinin baş həkimi Səfa Yusifova qanunlarımızın tələb etdiyi qaydada cəzalandırılacaq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.