"2 qəpiyə alınan bir preparat dövlətin ayağına 5 manata satılacaq və..." - “Məhkəmə ulduzu” olan şirkətin dərmanları Azərbaycanda

27-01-2018, 14:16           
"2 qəpiyə alınan bir preparat dövlətin ayağına 5 manata satılacaq və..." - “Məhkəmə ulduzu” olan şirkətin dərmanları Azərbaycanda
Şəkərli diabet xəstələrinin müalicəsində geniş istifadə olunan insulin prepatlarının apteklərdə satışına məhdudiyyət qoyulub. Buna səbəb Azərbaycanın dərman bazarına bu preparatı istehsal edən yeni şirkətin daxil olmasıdır. Hansı ki, həmin şirkətin istehsal etdiyi dərmanlardan MDB ölkələri imtina edib. Bu iddia ilə Azad İstehlakçılar İçtimai Birliyinin nəzdində yaradılmış "Tibbi müayinə, müalicə, eləcə də profilaktika və bərpa iştirakçılıq hüquqlarının müdafiəsi komissiyası "nın rəhbəri Əhməd Rəhmanov çıxış edib.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Əhməd Rəhmanov deyib ki, oktyabr ayından bu yana şəkər xəstələrinə verilən dövlət preparatları 40 faiz azalıb: “Bildiyimə görə, bu preparatların azaldılmasına xüsusi qərar verilib. Bu qərar rəsmi olmasa da, həkimlərin özlərinə bildirilir. Azərbaycan bazarına hazırda gətirilən insulin sadəcə olaraq kimlərinsə nəzərdə tutduğu tenderin udulması məqsədi daşıyır. Həmin o insulindir ki, onu MDB ölkələri qəbul etmir. O insulinin fəsadları çox ağır olduğundan həmin ölkələr bu preparatdan imtina ediblər. Məqsəd bunu Azərbaycan bazarına salmaqdır. Əgər preparat bazara daxil olsa və bu ilin sonuna qədər icbari tibbi sığorta tətbiq olunsa, bu, o deməkdir ki, milyonlarla pul yeyiləcək. 2 qəpiyə alınan bir preparat dövlətin ayağına 5 manata satılacaq və nəticədə milyonlarla pul götürüləcək. Bundan əziyyət çəkənlər isə xəstələr olacaq. Bu problemlə bağlı artıq Azərbaycan Diabet Cəmiyyətinə müraciət etmişəm”.

“İmdar” şirkəti dərman bazarına necə yol tapıb?

Azərbaycan Diabet Cəmiyyətinin sədr müavini Akif Muxtarov da son günlər Azərbaycan bazarına daxil olan insulin preparatı ilə bağlı ciddi problemlərin olduğunu vurğulayıb. O deyib ki, təşkilat tərəfindən məsələnin ciddiliyi nəzərə alınaraq Səhiyyə Nazirliyinə rəsmi müraciət üçün məktub hazırlanıb: “Hazırda Azərbaycanda 240 mindən çox şəkərli diabet xəstəsi var. Onlardan 40 mindən yuxarısı insulinlə müalicə alır. İnsulin alan xəstələrin vəziyyəti elədir ki, onlar gündəlik bu preparatdan istifadə etməsələr, qanda şəkərin səviyyəsi artar və bu, çox pis nəticələrə gətirib çıxarar. Onlar risk qrupuna düşürlər və gələcəkdə də belə xəstələrdə ağırlarşmalar ola bilər. Gözün kor olması, ayaqların amputasiya olunması, böyrəklərin sıradan çıxması kimi ağır fəsadlar yarana bilər. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununun tələbilə şəkərli diabet xəstələrinə müalicə miqdarı və keyfiyyəti dövlət standartlarına cavab verməlidir. İndiyə qədər Səhiyyə Nazirliyi xəstələrə həmişə keyfiyyətli insulin alıb verib. Əsasən insulinlər İcveçrə, Amerika və Almaniya istehsalı idi. On illərdir Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat İdarəsi bu insulinləri alır, bununla da xəstələrin müalicəsi aparılırdı. İnsulin istehsalı çox mürəkkəb bir məsələdir. Uzun illərdir laboratoriyaları, elmi tədqiqat institutu olan şirkətlər bunu həyata keçirir. İndi Ukraynanın “İmdar” özəl aksionist şirkətinin istehsalı olan insulinlər Azərbaycana gətirilir. Hansı ki, bu şirkət saxta, keyfiyyətsiz dərman istehsalı ilə hər zaman məhkəmələrdə və medianın gündəmində olub. Qeyd edim ki, İqtisadiyyat Nazirliyinin Azərbaycan İnvestisiya Şirkəti ilə memorandum imzalayıblar ki, Pirallahıda insulin zavodu tikilsin. Biz bu məlumatı KİV-dən oxuduq və nazirliyə məktublar ünvanladıq. Həmin şirkət görür ki, Azərbaycanda tikilməsi nəzərdə tutulan insulin zavodu reallaşır, qorxuya düşərək bizim dərman bazarına daxil olmağa can atırlar. Özü də hansısa vasitələrlə Səhiyyə Nazirliyinin Dərmanların Analitik Ekspertiza Məqkəzinə yol tapıb, preparatı qeydiyyata salıblar. Halbuki MDB ölkələrinin heç biri bu şirkətin dərmanını almır. Bura necə yol tapıblar, maraqlıdır”.

Xəstələri “siçan yerinə” qoyurlar

Təşkilat rəsmisinin dediyinə görə, həmin şirkətin nümayəndəsi Bakıda yerləşən həkimlərə “İmdar” insulinlərini verərək xəstələrin üzərində təcrübədən keçirmələrini tapşırıb: “Görün bunlar nə edirlər? Anlamıram, xəstələr məgər siçan və ya dovşandılar ki, onların üzərində hansısa təcrübə aparasan? Bunu eşidən kimi Səhiyyə Nazirliyinə məktub hazırlamışıq. Belə işə girməklə, xəstələrin həyatı ilə oynamaq olmaz. Bizim respublikanın iqtisadi vəziyyəti Gürcüstandan, Qırğızıstandan, Ermənistandan qat-qat yaxşıdır. Onlar bunu almadıqları halda biz niyə alaq? Təsəvvür edirsiniz ki, xəstələr nə vəziyyətə qala bilərlər?”

“Qəbul etdiyim insulin təsirsizdir”

Şəkərli diabetdən əziyyət çəkən, adının çəkilməsini istəməyən şikayətçi saytımıza müraciətində hazırda qəbul etdiyi insulin preparatının təsirsiz olduğunu deyib. Onun sözlərinə görə, uzun müddət İsveçrə istehsalı olan insulin preparatından istifadə edib. Son vaxtlar həmin ölkə istehsalı olan preparat Azərbaycana gətirilmir. Əvəzedicisi kimi qeydiyyatda olduğu xəstəxana tərəfindən ABŞ istehsalı olan insulin verilir. Bu isə əvvəlki ilə müqayisədə effektli təsir göstərmir. Yəni, qanda şəkəri az salır. Məcbur olub insulin preparatının yanında “Bidiab” həbi qəbul edir.

Azərbaycanda hansı ölkənin istehsalı olan insulin preparatlarının satıldığını öyrənmək üçün bir neçə aptekə üz tutduq. Əksər aptek satıcıları ümumiyyətlə, onlara insulin gəlmədiyini bildirdilər. Digər apteklərdə isə Türkiyə və Almaniya istehsalı olan insulinlər satılır. Apteklərdən birində isə “Braun” adlı insulin preparatlar var idi...

Məlumat üçün qeyd edək ki, şəkərli diabet ürək-damar xəstəliyidir. Yəni, qanda şəkərin normal olmamasıdır. Qanda şəkərin normal saxlanmasının da səbəbi insulindir. İnsulin mədəaltı vəzinin ifraz elədiyi hormondur. Şəkər xırda hissəcikləridr. Mədəaltı vəzinin ifrazı həmin hissəcikləri partladır. Bu isə insanın bədəninə enerji verir. İnsulinin çatışmazlığı ifrat dərəcəyə gəlib çatanda, qanda qatılıq artır, ürəyin tac damarlarına keçir. Bunun da nəticəsində infarkt və başqa nəticələr baş verir. Bu o deməkdir ki, qatılaşan qan ürək damarlarında keçmir, bir sözlə qan dövranı pozulur. Əgər şəkər partlamırsa, bədənə enerji vermək üçün istifadə olunmursa, şəkər istehsalı bədəndə olur və onlar damarların divarlarına yapışır, ərp bağlayır. İnsulin də həmin o şəkəri tənzimləyir.

Onu da bildirək ki, elə şəkərli diabet xəstələri var ki, onlar qeydiyyatda deyil. Belə xəstələr həmin pereparatı apteklərdən əldə etməlidir. Apteklərin çoxunda isə bu preparat satılmır. Belə olan halda xəstələrin vəziyyətini düşünmək çətin deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.