Bu dəfə sahibkar hansı məmurdan narazıdır? - "Məndən fantastik məbləğdə..."

29-01-2018, 11:01           
Bu dəfə sahibkar hansı məmurdan narazıdır? - "Məndən fantastik məbləğdə..."
Bu dəfə sahibkar hansı məmurdan narazıdır?
Şirvan şəhəri, 20 Yanvar küçəsi, bina 16, mənzil-15 ünvanda yaşayan əlil-sahibkar, YAP fəalı Qurbanxan Əbülhəsən oğlu Dəmirov tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib. Şikayət xarakterli müraciətin bir surəti də "Təzadlar" qəzetinə göndərilib.
Aşağıda şikayəti ixtisarla təqdim edirik:
"Çox hörmətli cənab Prezident! 61 yaşlı əsl Heydər Əliyevçi, əlil sahibkar ürək yanğısıyla Sizə müraciət edərək qarşılaşdığı bürokratik süründürməçiliklə bağlı köməklik gözləyir. Belə ki, mən Şirvan şəhəri, T.İsmayılov küçəsi 10 ünvanında sahibkar fəaliyyəti məqsədilə qanuni hərrac yolu ilə 6 sot torpaq sahəsi almışam. Məqsədim ərazidə sahibkarlıq fəaliyyətinin inkişafı olub. Lakin 2 ildir ki, 61 yaşlı gözdən əlil sahibkara Kərbəla müsibəti yaşadılır. Belə ki, FHN-nin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi sözügedən torpaq sahəsinə rəy vermək üçün məndən fantastik məbləğdə 3600 manat pul tələb edir. Bütün sənədlərimin müvafiq normalara uyğun olduğu halda, niyə məndən bu boyda pul tələb olunmalıdır? Səbəb nədir? Niyə görə xəstə sahibkar Şirvan-Bakı yolunda real süründürməçiliyə məruz qalmalıdır? Hətta mən problemimlə bağlı 26 dekabr 2017-ci il tarixində fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərova məktub ünvanladım, teleqram vurdum. Lakin təəssüflər olsun ki, məktub ünvanlanandan bəri adı çəkilən qurumun rəsmisi Azad adlı şəxs mənimlə ədavət aparır, məndən hər yolla səhvlər tutmağa çalışır. FHN-nin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin mühasibi Azad adlı şəxs təkidlə məndən pul tələb edir (Əlaqə nömrəsi: 012-512-20-03). Təsəvvür edin ki, bu qurumun işçiləri hüquqi savadı az olan sahibkarlara əvvəldən heç bir qanunvericilikdə təsdiqlənməmiş və tanınmamış müqaviləyə imza atdırırlar, sonradan isə onlardan həmin saxta müqaviləyə görə təzminat tələb edirlər. Bu qədər ədalətsizlik olarmı??? Kim məhkəməyə, yaxud yuxarı instansiyaya şikayət edirsə, deyirlər ki, axı siz artıq müqaviləyə imza atmısınız. Hansı ki, həmin müqaviləyə adi əhəmiyyətsiz kağız parçası kimi formal qaydada imza atdırırlar... Sonradan isə bu saxta müqavilə sahibkarların dərisini "Nəsimi kimi" soymaq üçün bəhanə olur...
Möhtərəm Prezident, görəsən bu tarifi-məbləği nə üçün, kim müəyyən edib? Axı biz hüquqi dövlətdə yaşayırıq və belə hallar yolverilməz olmalıdır.
Mən Sizdən çox xahiş edirəm, məsələylə bağlı əlil sahibkara köməklik göstərəsiniz. Mən Sizin ədalətinizə inanıram və ümid edirəm ki, əlil sahibkarın müraciəti qısa zamanda müsbət həllini tapacaqdır. Ən biabırçı hal budur ki, bu qədər pulun nə üçün istənildiyi məlum deyil və mənə hansısa rəsmi sənəd təqdim edilmir...
Cənab Prezident, Fövqəladə Hallar Nazirliyinin rəsmi şəxsi Sizin sahibkarlara dəstək siyasətinizin ziddinə getməklə bizə ciddi maneçilik törədir. Bunun qarşısı alınmalıdır. \\tezadlar.az\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.