KİKBOKSİNQ YARIŞINDA İDMANÇILARDAN 30 MANAT PUL YIĞILIB?

17-02-2018, 13:59           

Oruc Məmmədli yarış üçün idmançılardan pul yığılması haqda: “Mən də sizinlə razıyam, bu düzgün deyil, amma mənim şəxsən bundan xəbərim yoxdur”

365info.az saytına Kikboksinq üzrə keçirilən Respublika Çempionatı ilə bağlı maraqlı məlumat daxil olub.

Məlumatda bildirilir ki, dünəndən start götürən yarışda iştirak edən idmançılardan Kikboksinq Federasiyası tərəfindən 30 manat pul yığılıb. Bu haqsızlığa narazılığını bildirən kadet (8-13 yaş arası) və yeniyetmə (13-15 yaş arası) idmançıların valideyinləri Gənclər və İdman Nazirliyinə üz tutaraq şikayət etməyə məcbur olublar.

Valideyinlərin dediyinə görə buna narazılığını ilk bildirən Respublikanın əməkdar məşqçisi, Sumqayıt komandasının baş məşqçisi Rəhim Abbasəliyev olub.

Hətta deyilənə görə Sumqayıt idmançıları yarışlarda iştirak etməkdən imtına ediblər. Ancaq Adil Əliyevin müdaxiləsindən sonra Rəhim müəllimlə barışıq əldə olunub.

Bundan başqa valideyinlərin dediyinə görə 30 manat pul yığımına görə nəinki Sumqayıt komandası, həmçinin Respublikanın bir çox rayon komandaları da etiraz olaraq yarışda iştirak etməkdən imtina ediblər.

Valideyinlər bu neqativ halla bağlı dövlət başçısına,Gənclər və İdman nazirinə müraciət etdiklərini bildiriblər. Onlar başa düşə bilmirlər ki, dövlət tərəfindən maliyyələşən yarışa necə olur ki, Kikboksinq Federasiyası tərəfindən pul yığılır?.

Hətta valideyinlərdən biri 365info saytına mövzu ilə bağlı çox maraqlı bir foto da göndərib. Fotoda Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev öz restoranında federasiyanın üzvlərinə ziyafət verib, hətta onlarla birlikdə selfi də çəkdirib.

Valideyin öz müraciətində bildirir ki, çox güman federasiya rəhbəri onlardan yığılan pullara öz restoranında qonaqlıq verir. Valideyinlərin dediyinə görə yarışda min nəfərdən çox idmançı iştirak edir. Hər idmançıdan 30 manat pul alınırsa bu məbləğ 30 min manatdan çox pul edir və bu pulların hara getdiyi onları çox maraqlandırır.

365info saytının apardığı araşdırmalara görə bu cür hadisə Kikboksinq Federasiyasının keçirdiyi yarışlarda baş verən ilk hal deyil.

Belə ki, 2016-cı ildə keçirilən yarışlarda da Kikboksinq Federasiyası tərəfindən hər idmançıdan 20 manat pul tələb olunurdu və bu barədə ölkə mətbuatı çox yazıb. “Hazırda Əl Oyunları Sarayında “Narkomaniya və uşaq cinayətkarlığına qarşı“ şüarı ilə keçirilən Kikboksinq üzrə XXII Respublika Çempionatı ilə bağlı ilginc məlumatlar əldə etmişik. Ölkə mətbuatına müraciət edən bir qrup idmançı bildirib ki, yarışa qatılan idmançıların hər birindən 20 manat “iştirak haqqı” toplanılır. “Bu çempionatda 600-dən çox idmançı iştirak edir. Hər idmançıdan 20 manat toplanılırsa, 12 min manat pul edir. Bu pul niyə və nə üçün toplanılır, deyilmir. Bəzi idmançılar var ki, o pulu verə bilməyərək, yarışdan kənarda qalıblar”, – deyə şikayətçilər qeyd edib. Onların sözlərinə görə, pul yığımına Adil Əliyevin yaxın adamı, “xəzinədar” kimi tanınan Rüstəm müəllim nəzarət edir. Ola bilər ki, bir çoxu üçün “böyük məbləğ sayılmayan” 20 manatı kimsə verə bilməsin, nəticədə gələcəyin qızıl medalçısı, hətta Avropa və dünya çempionu olacaq bir gəncin yolu bağlansın… ”,-həmin hadisə ilə bağlı mətbuatda dərc olunan yazılardan birində deyilir.

Kikboksinq Federasiyasında idmançılardan pul yığılması məsələsinə münasibət öyrənmək üçün, Respublikanın əməkdar məşqçisi, Sumqayıt komandasının baş məşqçisi Rəhim Abbasəliyevə müraciət etdik. “Yalnış fikirdir.Sadəcə ola bilər bir neçə idmançının səhhəti ilə bağlı problem olub. Bizim idmançılar da yarışda iştirak edirlər. Səhhətində problem olan bir iki nəfərdən başqa qalan idmançıların hamısı yarışa qatılıb”,- deyə Rəhim Abbasəliyev bildirdi.



Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin Kikboksinq Federasiyadakı nümayəndəsi Oruc Məmmədli ilə əlaqə saxladıq və idmançılardan pul yığılması və nazirliyə bu barədə şikayət olunması barədə soruşduq. “Nazirliyə bu barədə şikayət daxil olsaydı mənim xəbərim olardı”,- deyə Oruc Məmmədli qeyd etdi.

Müxbirimizin “Yarış üçün idmançılardan 20 manat yarışa qatılma pulu, 10 manat isə vəsiqə pulu yığılması nə dərəcə düzgündür” sualına Oruc Məmmədli belə cavab verdi: “Mən də sizinlə razıyam, bu düzgün deyil, amma mənim şəxsən bundan xəbərim yoxdur.”



Biz məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinə də müraciət etdik. Nazirliyin mətbuat katibi Səmayə Məmmədova bildirdi ki, “Nazirlik tərəfindən keçirilən yarışlarda heç kimdən pul alına bilməz, əgər federasiyada nəsə ediblərsə,onu araşdırmaq lazımdır”.

Səmayə Məmmədova İş vaxtı olmadığına görə vətəndaşlar tərəfindən federasiya ilə bağlı nazirliyə hər hansı şikayətin olub-olmadığını öyrənmək üçün növbəti iş günündə araşdırıb məlumat verəcəyini bildirdi.
teref.az olaraq adları çəkilən şəxslərin və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.