Qafqazın “Tramp”ı : “Əli və Nino”ya əl qoyan Heydərovların biznes səltənəti – Araşdırma
22-02-2018, 00:31
Tale Kəmaləddin oğlu Heydərov… Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri, “Qəbələ” idman klubunun prezidenti və bir çox layihələrin müəllifi.
► 33 yaşlı minlərlə gənc və 33 yaşlı Tale
AzEuroNews.com xəbər verir ki, 33 yaşlı heç bir gənc biznesmen bugünkü Azərbaycan reallığında, iqtisadi şərait və şərtlər çərçivəsində əsla meqa projelərin rəhbəri ola bilməzdi.
Tale kimi minlərlə 33 yaşlı gənc var – işsizdirlər, evsizdirlər, ailə qura bilmirlər, rəqabətli biznes mühiti olmadığına görə sahibkarlıqla məşğul olmaq perspektivləri yoxdur.
Bu gün Azərbaycanda 33 yaşında müstəqil biznesmen, öz ayaqları üstündə dayana bilən iş adamı barmaqla sayıla bilər.
Əgər Tale də Heydərov Kəmaləddin oğlu olmasaydı, ya kredit borcunu ödəyirdi, ya kirayələrdə sürünürdü, ən yaxşı halda hansısa bankda səhər 9-dan axşam 6-ya qədər işləyib 600-700 manat alacaqdı.
Lakin məşhur “insanların vətənini və valideynlərini seçmək fürsəti olmur” deyimi T.Heydərovun timsalında uğurlu olub.
Atasının hakimiyyətin əsas menecerlərindən biri olması, gömrükdən istehsalat müəssisələrinə, otelçilikdən restoran, qida, media və s. biznesinə qədər yiyələnməsi, ilk dəfə onun siyasi ranqına görə Fövqəladə Hallar Nazirliyi təsis edilməsi T.Heydərovun biznes karyerasının yüksəliş səbəblərini çılpaqlığı ilə ortalığa qoyur.
► “TEAS Press”in monopoliyası…
Nazir oğlunun əhəmiyyətli biznes sferalarından biri hələ 2014-cü ildə təsis edilmiş “TEAS Press” nəşriyyat evidir.
Nəşriyyat Azərbaycanın ədəbi və elmi nailiyyətlərini dünyada tanıtmaq üçün yerli müəlliflərin əsərlərinin ingilis dilinə tərcüməsi və nəşrini təşkil edir.
Lakin bu günlərdə “Əli və Nino” kitab evinin direktoru Nigar Köçərlinin açıqlamaları nazir oğlunun da atasının estafetini davam etdirərək inhisarçı siyasət yürütdüyünü təsdiqləmiş oldu.
“Əli və Nino” mağazalar şəbəkəsinin sahibi Nigar Köçərli fevralın 12-də fövqəladə hallar naziri Kəmaləddin Heydərova ünvanlanmış video müraciət yayıb.
Sahibkar xanım müraciətində bildirib ki, Kəmaləddin Heydərovun oğlu Tale Heydərov onun işinə mane olur, mağazalarını ticarət mərkəzlərindən çıxartdırıb, öz kitab şəbəkəsini yerləşdirmək istəyir.
Tale Heydərovun sahibi olduğu bildirilən “LİBRAFF” kitab mağazaları şəbəkəsinin yaydığı açıqlamada isə N.Köçərlinin ittihamları rədd edilir.
Lakin N.Köçərlinin dükanları doğurdan da 4 ildir bağlana-bağlana gedir. “Əli və Nino” sahibi təzyiqlərin hansı səmtdən gəldiyini nişan verməklə əslində, sensasion bir fakt açıqlamayıb. Heydərovlar illərdir ki, Azərbaycanda monopoliyanın “xaç atası”na çevriliblər.
“Gilan holdinq”in fəaliyyət spektrləri, Qəbələdən Lənkərana, Zaqataladan Hacıqabula qədər restoranlar, “Qafqaz” otellər, zavodlar, şirə, ağartı məhsulları istehsal edən müəssisələr bu ailənin biznesinə daxildir. “Gilan Holdinq”in tərkibinə daxil olan şirkətlər bunlardır:
– Tikinti materiallarının istehsalı zavodları
– «Gilan İnşaat»;
– Şərab istehsal edən AGRO-AZERINVEST,
– Qəbələ Konserv Zavodu,
– Qəbələ Fındıq Emalı Zavodu,
– «Jalə» suları,
– Qəbələ Süd Emalı Zavodu,
– spirtli içkilər zavodu,
– dəri emalı zavodu,
– tikiş fabrikləri,
– dəyirmanlar
– “Qəbələ”, “Qafqaz” və “Gilan” hotelləri,
– «İpək yolu» və «Dəniz» restoranları
Ona görə də N.Köçərlinin kitab monopoliyasında Heydərovlarla axıra qədər kəllə-kəlləyə gələ biləcəyinə ümid yoxdur. Çünki nazir oğlunun biznesi Avropaya qədər uzanır.
► «Caspian Sea Caviar» və…
“United Enterprises International» şirkətlər qrupunun veb səhifəsində Tale Heydərov və qardaşı Nicat Heydərovdan söz açılır.
Britaniyada şirkət reyestrindən əldə edilən sənədlərdə göstərilir ki, Tale və Nicat Heydərovlar şirkətdə təkcə təyinatlı vəzifə tutmurlar.
Həmçinin hər biri 5 min funt (təqribən 6400 manat) dəyərində aksiya sahibi kimi şirkətin sahibliyini bölüşür.
Səhifədə qeyd olunur ki, holdinqin Azərbaycanda, İngiltərədə və Almaniyada ofisləri var. Söhbət «Caspian Sea Caviar» şirkətindən gedir.
Onun direktoru olan Şahin Neməti elə «United Enterprises International»ın da direktorudur. «Caspian Sea Caviar» şirkətinin internet saytında on-line kürü mağazası da var.
Burada ağbalıq kürüsünün 1.8 kiloqramı 13770 avroya satılır. Bundan əlavə şirkətin Almaniyanın Düsseldorf şəhərində kürü satışını həyata keçirən butiki var.
«United Enterprises International»ın saytında qeyd olunur ki, «Jalə» şirələri Azərbaycanda «Gilan Holdinq» tərəfindən istehsal edilir.
Əslində, Tale Heydərovun «United Enterprises International» şirkəti həm də «Gilan Holdinq»in beynəlxalq distribyutorudur.
Amma şirkətlər arasındakı əlaqə təkcə bununla kifayətlənmir. UİEnin Bakı ofisi ile Gilan Holdinqin əlaqə telefonu da eynidir.
Məlumata görə, Jalə şirələri artıq Almaniya bazarına çıxarılır və yaxın vaxtlarda İngiltərədə də satışa hazırlanır.
«United Enterprises International»a daxil olan digər şirkətlər əsasən Böyük Britaniyada fəaliyyətlə məşğuldur.
Bunlar «Azerbaijan Carpets» – (Azərbaycan xalçaları), «Turquoise Media Company» – (Turkuaz Media Kompaniyası), «Alten Group» turizm şirkəti, Azərbaycan restoranları və başqa səhmdar cəmiyyətləridir.
Bütün bunlardan çıxan nəticə budur ki, nazir özünə, şöhrətinə və şəxsi keyfiyyətlərinin el arasında piarına resurslarını sərf edir. FHN rəhbəri olduqca ağıllı, dünyagörüşlü və siyasətdə püxtələşmiş məmurdur.
Bir müddət əvvəl Türkiyənin baş naziri Binəli Yıldırımın Rusiya prezidenti Putin ilə Ərdoğanın barışmasında Heydərovun da vasitəçiliyini etməsini qabartması bir çox mətləblərə işarə idi.
Bu açıqlama həm daxili auditoriyada nazirin nüfuzunu qaldırmış oldu, həm də iqtidar daxilində bir çaxnaşma yaratdı…