Dövlətin milyardları necə talan edilir və ya Samir Şərifov- Cahangir Hacıyev "savaş"-ının pərdəarxası

28-02-2018, 00:22           

Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin həbsindən sonra iflasa uğradılan müəssisələrdən biri də vaxtilə uğurlu layihələrdən hesab olunan “Bakı Fındıq Emalı” Zavodudur (“BakFem” MMC). Zavod fındıq emalı sahəsində regionun ən böyük şirkətlərindəndi və 1996-cı ildən fəaliyyət göstərirdi. Xaçmaz, Qusar, Oğuz, Qax, Zaqatala və Balakəndə 1681 hektar torpaq sahəsi, bölgələrdə 7 fındıq emalı sexi var. MMC-nin ümumi istehsal gücü: minimum 5000 ton qabıqlı fındıq xammalını emal edərək ondan 1800-2000 ton fındıq ləpəsi və digər fındıq məhsulları (hazır məhsul çıxışı mövsümdən asılı olaraq 36-40% civarında dəyişə bilir) əldə oluna bilər. İstehsal edilmiş məhsullar yerli və xarici (Rusiya, Ukrayna, İtaliya, Almaniya) bazarlarda satılır.

Fındıq zavodunu müflisləşdirib, 38 milyona naməlum oliqarxa satdılar!


“AzPolitika.info”ya verilən məlumata görə, müəssisə Beynəlxalq Bankdan ümumilikdə götürdüyü 60 milyon manat kredit borcuna görə bankın toksik aktivlərini idarə edən “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) tərəfindən satışa çıxarılıb. Hərrac keçən ilin avqustunda rəqabətsiz şəraitdə keçirilib. Adı açıqlanmayan şirkət fındıq zavodunu ilkin hərrac qiymətinə – 37 milyon 744 min manata almağa razı olub. Alıcının adı gizli saxlanılır, bu da onun oliqarx nazirlərdən və ya başqa yüksək rütbəli məmurlardan olduğu ehtimalını gücləndirir. Adətən korrupsiya ilə böyük pullar əldə edən oliqarxlar çirkli maliyyə ilə qurduqları bizneslərini gizlətməyə çalışırlar. Bu da zavodu alanın iş adamı deyil, yüksək çinli məmur-oliqarx olduğunu söyləməyə əsas verir.

“BOT”un da fəaliyyəti iflic edildi
“BOT” ayaqqabı fabriki: 1998-ci ildə 4 nömrəli Bakı ayaqqabı fabrikinin bazasında yaradılan bu müəssisə, 15 ildən artıq müddətdə yerli bazarda ayaqqabı istehsalı sahəsində lider mövqedə dayanıb, respublikanın güc strukturları üçün hərbi və xüsusi təyinatlı ayaqqabıların istehsalçısı olub və NATO sertifikatı ilə təltif edilmiş hərbi ayaqqabılar istehsal edib. Web-resurslarda yazılanlara inansaq, müəssisə yüksək gəlirlə işləyib. Belə ki, hərbi və xüsusi təyinatlı ayaqqabıların dövlət sifarişi ilə alınmasına dair keçirilən tenderlərin əksəriyyətinin qalibi məhz “BOT” olub. Hacıyevin həbsindən dərhal sonra fabrik işini durdurdu. Fabrikdən bunu sifarişlərin dayandırılması ilə əlaqələndirirdilər. Həmin vaxt müəssisənin 300-ə yaxın əməkdaşı da işsiz qaldı.



Yerli mətbuat bir müddət əvvəl Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Bakının Binə qəsəbəsində böyük ayaqqabı fabriki tikdirdiyi, bununla da ayaqqabı bazarına tam nəzarət etməyi və bu bazarda indiyədək hegemonluq edən digər müəssissələri sıradan çıxarmaq istədiyini yazırdı.

Xaricdəki zavodları mənimsəmək üçün dəyərindən ucuz təklif ediblər
Dağıdılan daha iki müəssisə – Fuceyra Əmirliyində yerləşən İntertekstil və İnterstil zavodlarıdır. Alınan kreditlərin müəyyən hissəsi bu müəssisələrə yönəldilib. Hazırda zavodlar yeni rəhbərliyin naşı davranışına görə iş potensialını və işgüzar əlaqələrini itirib. Bu da müəssisənin rentabellyinin, həmçinin dəyərinin azalmasına səbəb olub. Həmin müəssisələr Maliyyə Nazirliyinin patronajlığı ilə dəyər-dəyməzə bazara təklif edilib. Sözügedən zavodların 50 faiz pay sahibi olan Hüseyn Marayev səhmdarlar arasına təsadüfən düşüb. Zavod satılanda isə Marayevin əldə olunan vəsaitin yarısına heç bir səbəb olmadan sahiblənəcəyi ABB-nin keçmiş işçiləri tərəfindən proqnozlaşdırılır. Halbuki, rentabellik və təchizatla onlar üçün alınmış krediti həmin müəssisələr öz dəyərləri ilə ödəmək iqtidarındadırlar.


Keçmiş işçilərin aldıqları məlumata görə, Maliyyə Nazirliyinin rəhbərliyi və H.Marayev zavodları satarkən müqavilədə maliyyə dəyərlərini az göstərməklə, kreditin tam qaytarılmamasına zəmin yaradacaq, zavod komplekslərinin real dəyər ilə müqavilə dəyəri arasında olan fərq məbləğini isə mənimsəyəcəklər. Marayev həmin layihələrə bir manat da olsun sərmayə yatırmayıb. Bu gün nazirliyin rəhbərliyinin köməyi ilə həmin şəxs heçdən zavodların yarısına yiyələnib. Əsl mənimsəmə faktı budur.
2016-cı ildə gedən məlumatlarda “İntertekstil” və “İntersteel” zavodlarının satışa çıxarıldığı deyilirdi. Artıq zavodlarla maraqlanan investorların mövcud olduğu da bildirilirdi. Danışıqlar həqiqətən də“İntertekstil” fabrikinin real qiymətindən 30 faiz aşağı satın alınması üzrə aparılırdı. “İntersteel”in müştərisi çox olsa da, konkret razılaşma olmadığı söylənirdi.

“Azərinşaatservis”ə ayrılan 250 milyon “başqa yerə” yönəldilib!
Məhkəmədəki bir çıxışında sabiq bankir özü də konkret layihə adı çəkirdi. C.Hacıyev: “Yol tikintisi ilə məşğul olan ən böyük şirkətlərdən biri “Azərinşaatservis” MMC-yə 2013-cü ilə qədər dövlət büdcəsindən 250 milyon manat vəsait ayrılmışdı. Amma reallıqda həmin vəsait oraya çatmamışdı. Büdcə vəsaiti başqa yerə yönəldilib. İstintaqda da bu məsələ sübuta yetirilib. Tələb etdik ki, “Azərinşaatservis”ın rəhbəri olmuş Bülent Karani dindirilsin. O, demişdi ki, “məndə vəsait yoxdur, pullar Samir Şərifovdadır””.


“Azərinşaatservis” MMC son 10 ildən artıq müddətdə ölkədə həyata keçirilən dövlət büdcəsi, beynəlxalq maliyyə institutları, Dövlət Neft Fondundan maliyyələşdirilən yol-infrastruktur layihələrinin əksəriyyətində podratçı kimi çıxış edib. Lakin bir neçə il əvvəl şirkətin rəhbəri, Türkiyə vətəndaşı olan Bülent Karani müəmmalı şəkildə gecə ikən Azərbaycandan qaçıb.
Hacıyevin ifadəsində maraqlı məqamlardan biri də odur ki, barəsində söhbət gedən məbləğin şirkətə çatmadığı, büdcə vəsaitinin “başqa yerə yönəldildiyi” istintaqla sübuta yetirilsə də, nazir Şərifov istintaqa cəlb olunmayıb.

82 milyon 833 min manat “Azəryolservis” ASC-də “itib”!
Maliyyə Nazirliyinin büdcə arxivində C.Hacıyevin adını çəkdiyi şirkətə 250 milyon manat ödəndiyi barədə məlumata rast gəlinmir. Mətbuata ötürülən məlumatlara görə Gəndob-Xaçmaz-Yalama-Rusiya avtomobil yolunun sement-beton örtüklə layihələndirilməsi və tikintisi üzrə işlərin görülməsi məqsədilə Maliyyə Nazirliyindən “Azərinşaatservis” MMC-yə verilməsi üçün “Azəryolservis” ASC-yə 253 milyon manat köçürülüb. Lakin həmin məbləğdən “Azərinşaatservis” MMC-nin hesabına yalnız 170 166 655 manat çatıb. Qalan 82 833 345 manat isə şirkətin hesabına daxil olmayıb. B.Karani “Azəryolservis” ASC-nin zəmanət məktubu ilə 2010-cu il sentybarın 9-da 10 milyon manat, noyabrın 11-də 9,5 milyon manat, noyabrın 19-da isə 15 milyon manat kredit alıb. Həmin məbləğləri dərhal Kapital Bankın “Rabitə” filialında nağdlaşdırıb. Kreditlər alındıqdan bir neçə gün sonra “Azəryolservis” ASC həmin məbləği banka təzədən geri ödəyib. ASC-nin keçmiş rəhbərliyi kredit üçün ödənilmiş ümumilikdə 34,5 milyon manatın Xaçmaz layihəsinə aid olduğunu və 253 milyon manatdan ödənildiyini iddia edib. Bu puldan qalan 48,3 mln. vəsaitin Xaçmaz layihəsi üçün ASC-nin 1 saylı İdarəsinə köçürüldüyü bildirilib.


Həmin dövrdə 1 saylı İdarənin rəisi olmuş, “Azəryolservis” ASC-nin sədri vəzifəsini icra edən Saleh Məmmədov isə bildirib ki, bu miqdarda vəsait idarəyə köçürülüb, lakin həmin pulun təyinatı ölkə daxili yolların saxlanılması və təmirindən ibarətdir. Onun sözlərinə görə, sözügedən vəsaitin Xaçmaz layihəsinə yönəldilməsi mümkünsüzdür.

130 milyon manatın “yeyildiyi” təsdiqlənib!
O da məlum olub ki, B.Karani şirkətə rəhbərlik etdiyi dövrdə Xaçmaz layihəsi üzrə 122 milyon manat vəsait daxil olub. Karani şirkəti təhvil verərkən görülmüş işlər 93 milyon manat miqdarında göstərilib. Lakin aparılmış audit yoxlaması nəticəsində ümumilikdə 74 milyon manat məbləğində işin görüldüyü və 48 milyon manat vəsaitin yoxa çıxdığı məlum olub. Ümumilikdə 253 milyon manat vəsaitdən 130 milyonunun taleyi bəlli deyil. Bununla yanaşı, məlum olub ki, Xaçmaz layihəsinin başlanılması üçün “Azərinşaatservis” MMC-yə 118 801 678 manat avans ödənilməli idi. Maliyyə Nazirliyi həmin avansın ödənilmədiyini bildirsə də, şirkətdən 22 852 983 manat avansdan geri tutulma olub.

Yüz milyonlarla dollarlıq dövlət sifarişlərini yerinə yetirmiş şirkət qısa müddətdə iflasa uğradı…
Avans barədə nazirlik rəsmi məlumat verməməklə, ödənilən vəsaitin istiqamətinin dəyişdirildiyini gizlətməyə çalışıb. Lakin MN-nin dəstəyi olmadan qeyd edilən maliyyə əməliyyatlarının həyata keçirilməsi mümkün deyil. Belə ki, dövlət büdcəsindən ayrılmış bütün xərclər və ödəmələr birbaşa nazirliyin nəzarəti altında həyata keçirilir və vaxtaşırı yoxlamalar aparılır, rüblük və illik hesabatlar tərtib olunur. Xərclərin təyinatının qanunsuz olaraq dəyişdirilməsi və bir ay müddətində lüzumsuz olaraq 34,5 mln. manat kreditin alınması, nağdlaşdırılması və geri qaytarılması, ayrılmış məqsədli vəsaitin kredit borclarının ödənilməsinə yönəldilməsi Maliyyə Nazirliyinin razılığı olmadan mümkünsüzdür.


Amma müəssisəyə ən böyük zərbə 2015-ci ildə dəydi. Problemlər qurum rəhbərinin həbsindən sonra başladı. Müəssisənin əmlakına da həbs qoyuldu. Əmək haqqı ala bilməyən 300 nəfərə yaxın işçi etiraz aksiyası keçirməyə cəhd etmişdi. Yüz milyonlarla dollarlıq dövlət sifarişlərini yerinə yetirmiş, bütün növ xidmətləri öz texniki imkanları hesabına aparan “Azərinşaatservis” qısa müddətdə iflasa uğradı. Şirkətin ofisləri bağlandı, işçiləri məzuniyyətə göndərildi, layihələri yarımçıq qaldı. Həmin ilin oktyabr ayında etiraz edən işçilər 5 aydır maaş almadıqlarını deyiblər. Bu isə məlum həbs dalğasından sonrakı dövrə təsadüf edir.

Həbs olunanlar necə bəraət aldılar?
Qeyd edək ki, kredit qalmaqalına görə cinayət işi hələ 2015-ci ilin may ayında açılıb, sonradan kompleks maliyyə təsərrüfatının yoxlanılmasına dair qərar verilib. Barələrində söhbət gedən layihələr üzrə açılmış cinayət işinin istintaqını aparan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (DİN BMCMİ) maliyyə-təsərrüfat fəaliyyəti üzrə ixtisaslaşmadığından peşəkar qiymətləndirmədən söhbət gedə bilməz. Üstəgəl, maliyyə məsələlərinin yoxlanılması məqsədilə araşdırma prosesinə Maliyyə Nazirliyinin ekspertləri cəlb olunub. Bu isə maraqlı tərəf olduğundan dolayı qurumun obyektivliyini şübhə altına alır.
Dövlətin milyardları necə talan edilir və ya Samir Şərifov- Cahangir Hacıyev "savaş"-ının pərdəarxası

Sonradan ““Azərbaycan Beynəlxalq Bankı” ASC işi” ilə bağlı həbs edilmiş “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, ASC-nin Dubay filialının keçmiş müdiri Adil Hüseynov, “Azərbaycan Metanol” Zavodunun (“AzMeCo”) rəhbəri Nizami Piriyev, Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev, “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov, “İnter Glass”şirkətinin prezidenti Fariz Muradov, “General Construction” şirkətlər qrupuna daxil olan məhdud məsuliyyətli cəmiyyətlərdən birinin direktoru Camal Həsənov, “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuz və iş adamı Cavid Muxtarov azadlığa buraxılıblar. Həmin şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. Adları çəkilən şəxslər barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmışdı. Barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə uzadılmışdı.

Maraqlıdır ki, iddia olunan maliyyə pozuntuları, yeyinti bu adamların rəhbərlik etdikləri müəssisələrdə baş vermişdi. Əgər iddialar doğru idisə bu adamlar qanun qarşısında cavab verməli idilər. Amma heç nə izah olunmadan sərbəst buraxıldılar. Bununla belə, “bəraət” alsalar da, müəssisələrinə qayıda bilmədilər…

Cahangir Hacıyevdən geridə qalanlar satışa çıxarıldı!


ABB-nin problemli aktivlərinin idarə edilməsinə məsul olan “Aqrarkredit”, banka borc müqabilində girov şəklində götürülmüş bəzi müəssisələri də artıq satıb. Məlumata görə, Abşeron rayonunun Novxanı kəndində yerləşən şərab istehsalı müəssisəsi – “Fireland Vineyards” əmlak kompleksi yeni sahibinə verilib. “Aqrarkredit”dən müəssisənin kimə və hansı qiymətə satıldığı açıqlanmayıb. Təşkilatdan bildirilib ki, girov obyekti olan əmlakların satışı davam etdirilir. Onlardan Zaqatala rayonundakı “Stimul” ticarət və xidmət müəssisəsi, Mingəçevir şəhərində Mingəçevir “İzolit”in əmlak kompleksi, Şəki rayonunda “Kainat”əmlak kompleksi və “Şəki Kərpic” əmlak kompleksi, eləcə də Gürcüstanın Samqori rayonunda “Qafqaz-Beton 2007” beton istehsalı müəssisəsinin adı çəkilib.

Digər əmlakların da qiymətləndirməsi sona çatıb. Artıq bir sıra konkret müəssisələrin satışı üzrə danışıqlar gedir. Bir müddət əvvəl “Şəki ət Kombinatı”nın nəzdində olan maldarlıq fermalarında saxlanan iri və xirda buynuzlu mal-qara real bazar dəyərindən dəfələrlə ucuz qiymətə satışa çıxarılıb. Bildirilir ki, C.Hacıyevin həbsindən sonra heyvanların bəslənməsi üçün yemin alınmasına nəzərdə tutulan vəsait dayandırılıb. Buna görə də heyvanlara yem lazım olduğundan daha az verilib. Nəticədə aclıqdan çəki itirən mal-qara müştərilərə dəyərindən qat-qat ucuz satılıb. Əldə olunan vəsait isə ABB-yə mədaxil olunub.

Ən son yola saldığımız ilin dekabrın 30-da Beynəlxalq Bankın kreditləri ilə maliyyələşən bir xeyli şirkət satışa çıxarıldı. “Azərbaycan Sənaye Korporasiyası” ASC (ASK ASC) 18 kommersiya hüquqi şəxsin əmlakının qiymətləndirilməsi məqsədilə açıq tender elan etdi. Bunlar – “Aqroinvestkom” MMC, “İnter Tobacco” MMC, “Şəki-İpək” ASC, “Şəki Aqro İndastriz” MMC, “Kainat” ASC, “Pərvanə” MMC, “BOT” MMC, “İnter Textile” ASC, “Mingəçevir İzolit” ASC, “Şəki Kərpic” MMC, “Azəralüminium” ASC, “Bakı Glass” MMC, “Ceneral Construction” MMC, “Steel Structures” MMC, “İnter Peşəkar İdman Klubu” MMC, “CTS Agro” MMC, “Det-Al Alüminium” MMC, “Det-Al Metal D” MMCşirkətləridir. Tender təklifləri fevral ayının 26-na qədər qəbul olunacaq, iddiaçıların təklifləri fevralın 27-də açılacaq.

Qeyd edək ki, “ASK” ASC Azərbaycan Prezidentinin 6 noyabr tarixli fərmanı ilə yaradılıb. Fərmana əsasən, cəmiyyətin nizamnamə kapitalı və fəaliyyəti üçün digər aktivlər, əsasən, “Aqrarkredit”in ABB-dən aldığı problemli aktivlərin əvəzində əldə edilmiş, onun mülkiyyətində olan və “ASK” ASC-nin mülkiyyətinə veriləcək əmlak hesabına formalaşır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.