ƏLİ HƏSƏNOVU KİM ŞANTAJ EDİR? – Baş nazir müavininin əks-hücumunun pərdəarxası

3-03-2018, 00:04           

Oliqarxların Sumqayıt uğrunda açıq toqquşması!

“9 aydır müxtəlif qəzetlər, saytlar sifarişlə məni şantaj edirlər. O insanlar mənə bəllidir: Sifariş verənlər də, idarə edənlər də”. Bunları baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov nəvəsinin Sumqayıtda yaşıllıq ərazini məhv etməsi ilə bağlı KİV-lərdə yayılmış xəbərlərə reaksiya verərkən deyib.

Cənab Həsənov sifarişçinin adını çəkməsə də, bunu özünə qarşı qısqanclıqla bağlayıb: “Görünür əlləri hər yerdən çıxıb, indi də mənim üçün əziz, doğma olan Sumqayıt şəhərinə əl atıblar. Məsəl var: “Quyunu dərin qaz, gen qaz özün düşəcəksən”, “Nə atarsan aşına, o da çıxar qarşına”, “Sirkə nə qədər tünd olsa öz qabını çatladar”. Çox təəssüf edirəm ki, bizim bəzi insanlarımızda qısqanclıq o qədər yüksəkdir ki, onların vurduğu zərbələr çox dəhşətlidir. Bizdə az da olsa belə insanlar var.

Bir daha deyirəm: Mənim heç kimin qarşısında gözükölgəliliyim yoxdur. Bir insanın üzərinə bu qədər ədalətsiz yeriməzlər. Bu artıq insanlıq çərçivəsindən kənara çıxmaqdır”.

Beləlilklə, Əli Həsənov son vaxtlar özünün və ailəsinin adının mətbuatda tez-tez hallandırılmasının xüsusi sifariş olduğunu iddia edib. Əlbəttə, cənab Həsənov yəqin ki, əlində müəyyən əsası olmasa belə bir iddia irəli sürməz. Ancaq son aylardakı onun adı ətrafında bir-birini əvəz edən qalmaqalların hamısını sifariş kimi qəbul etmək mümkün deyil.

Məsələn, əgər Əli Həsənovun nəvəsi 250 minlik avtomobillə ağır qəza törədib, 2 nəfərin həyatına son qoyursa, ardından 24 yaşlı bu gəncin milyonluq qarajının olduğu ortaya çıxırsa, mətbuatın bundan yazmasını sifarişlə bağlamaq yersizdir. Və yaxud qaçqınlara verilən 36 manat “çörəkpulunu” qənaətlə xərcləməyi məsləhət görən Əli Həsənovun ailə üzvlərinin milyonluq obyektləri, biznesləri aşkara çıxırsa, mətbuatın bunun mənbəyini araşdırmasından təbii nə ola bilər?

Bununla belə, son vaxtlar Əli Həsənovun ailə üzvlərinin Sumqayıtda yaşıllıqları məhv edərək, özlərinə restoranlar, biznes obyektləri tikdirdiklərinə dair yazılanların, mətbuata göndərilən şikayətlərin arxasında müəyyən qüvvələrin dayandığını da istisna etmək olmaz. Baş nazirin müavininin də “sifarişlidir” deyərkən, məhz bu yazıları, şikayətləri nəzərdə tutduğu və sifarişçinin kimliyini də həqiqətən bildiyi düşüncəsindəyik. Əli Həsənov ad çəkməsə də, hadisələrin təhlili, müşahidələr, eləcə də yayılan bəzi informasiyalar onun bu zaman Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovu nəzərdə tutduğunu söyləməyə əsas verir. Niyə?


Əvvəla, Əli Həsənovun ailə üzvlərinin Sumqayıtdakı yaşıllıqları məhv etdiyinə dair məlum şikayətlərdə, yazılarda bunun qarşısını almayan (Halbuki vəzifə borcudur-müəl.) İH başçısı nəinki tənqid edilir, əksinə, hətta guya bu qanunsuzluqlardan tamamilə xəbərsiz olduğu iddia olunur. Və dolayısıyla Zakir Fərəcov yaşıllıqların qoruyucusu, eyni zamanda Sumqayıtı “Əli Həsənovun ailə üzvlərinin işğalından” qurtaracaq xilaskar kimi təqdim olunur. Həmin şikayətlərdən birindən sitat: “Çox güman ki, icra başçısı cənab Zakir Fərəcov bu qanunsuzluqdan xəbərsizdir… Yəqin o “Bələdiyyə parkı”nda tikilən obyektin tikintisində baş verən “yaşıl soyqırım”a vaxtında “stop” deyəcək”.

İkincisi, Əli Həsənovun ailə üzvlərinin “Sumqayıtı dağıtdığına” dair şikayət və yazılar, reportajlar əsasən Zakir Fərəcovla “isti münasibətləri” sirr olmayan media orqanlarından tirajlanır. Zakir Fərəcov Sumqayıtdakı quruculuq işlərinə silsilə yazılar həsr edən həmin mətbu orqanlar, eyni həvəslə Əli Həsənovun yaxınlarının Sumqayıtdakı “özbaşınalıqlarından” da silsilə reportajlar verirlər. Təsadüfdürmü?…

“AzPolitika.info”nun bəzi məlumatlı mənbələrlə apardığı dəqiqləşdirmələr də Sumqayıtla bağlı Əli Həsənovu hədəfə alan yazıların Sumqayıt İH-dən qaynaqlandığı ehtimalını gücləndirir. Belə ki, həm Əli Həsənov, həm də Zakir Fərəcov Sumqayıtda böyük təsir gücünə malikdirlər. Hər ikisinə bağlı olan qruplar, imkanlı və nüfuzlu, həmçinin vəzifəli şəxslər var. Əli Həsənovun özünün və ailə üzvlərinin biznesinin əhəmiyyətli hissəsi də məhz Sumqayıtda yerləşir.

Elə Zakir Fərəcovun da yaxınlarının, ailə üzvlərinin bizneslərinin böyük hissəsi Sumqayıt və Abşerondadır. Biznes maraqlarının toqquşması zaman-zaman bu oliqarx-məmurların yaxınları, çevrələrini üz-üzə gətirib. Hətta 5-6 il əvvəl Həsənovlarla Fərəcovlar arasında bütün Sumqayıtda danışılan kütləvi dava da baş verib. Düzdür, bu hadisənin böyüməsinə imkan verilməyib, ancaq ailələr arasında gərgin münasibətlərin düzəldiyini söyləmək mümkün deyil.

Zakir Fərəcov Sumqayıta icra başçısı keçdikdən sonra onun şəhərdə mütləq hakimiyyətini qurmasına əsas maneələrdən birinin də Əli Həsənov və yaxınları olduğu bildirilir. Hətta çox çalışsa da, Əli Həsənovun Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisi işləyən qardaşı İlyas Həsənovun vəzifəsindən götürülməsinə razılıq ala bilmədiyi də iddia edilir. Eləcə də, şəhərdə böyük biznes obyektlərinə malik Əli Həsənovun yaxınlarına toxuna bilmir. Bu da onlar arasındakı nüfuz savaşını dərinləşdirir.

Buna görə də, Əli Həsənovun ailə üzvlərinin, yaxınlarının Sumqayıtda özbaşınalıq etdiklərinə, yaşıllıqları dağıtdıqlarına dair məlumatların bir qədər də şişirdilərək ictimaiyyətə təqdim olunmasının arxasında Fərəcovların maraqlarının dayandığı güman edilir. Yəni, Əli Həsənovun “O insanlar mənə bəllidir: Sifariş verənlər də, idarə edənlər də” deyərkən, barmağını məhz Zakir Fərəcova tuşladığı ehtimalı yüksəkdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.