ÜZVİ GÜBRƏNİ “ÜLVİ GÜBRƏ” ADLANDIRAN NAZİR! – Heydər Əsədov Kəmaləddin Heydərovu nədə ittiham etdi?

4-03-2018, 00:34           

Son illər, xüsusən də neftin dünya bazarındakı qiyməti kəskin enəndən sonra Azərbaycan hökumətinin inkişaf etdirməyə çalışdığı sahələr arasında kənd təsərrüfatının birinci yerdə dayandığını desək, yəqin ki, heç kimin etirazı olmaz. Həm ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, həm ixrac potensialının artırılması, həm də külli miqdarda valyutanın xaricə axmasının qarşısını almaq baxımından, aqrar sektorun inkişafı zəruridir. Buna görə də, Prezident İlham Əliyev keçirdiyi bütün müşavirələrdə aqrar sektora xüsusi yer ayırır, bu sahənin inkişafı ilə bağlı göstərişlər verir. Eyni zamanda, kənd təsərrüfatına dövlət dəstəyinin, subsidiyaların artırılması, fermerlərin lazımı texnika və aşağı faizli kreditlərlə təmin olunması istiqamətində geniş tədbirlər həyata keçirilir. Ancaq buna baxmayaraq, kənd təsərrüfatında sıçrayışlı inkişafa hələ də nail olmaq mümkün olmayıb. İnkişaf yalnız şişirdilmiş statistik rəqəmlərdə özünü göstərir. Böyük vəsaitlər xərclənsə də, səmərəlilik yoxdur. Bəs bunun səbəbi nədir?
Bu sualın cavabını, təbii ki, daha dəqiq kənd təsərrüfatı üzrə mütəxəssislər verə bilər. Onlardan biri, alim-aqronom Vaqif Məmmədov “AzPolitika.info”ya bu suala müəyyən qədər cavabı özündə əks etdirən çox maraqlı bir yazı təqdim edib. Aqrar sektorda yaranmış vəziyyətin səbəblərini çox dəqiq şəkildə göstərən həmin yazını təqdim edirik:

“Aqrar siyasətin başında duran insanın peşəkarlığı inkişaf üçün zəruri şərtdir”
Mütəmadi olaraq, kütləvi informasiya vasitələrində Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması baxımından effektli nəticələrin əldə edilməməsi haqqında fikirlər səsləndirilir. Ölkə rəhbərliyinin hərtərəfli diqqət və qayğısına baxmayaraq, mili aqrar siyasətin başında duran Kənd Təsərrüfatı Nazirliyi bu vəzifəninin öhdəsindən gələ bilməyib.

Ayrı-ayrı ekspertlər tərəfindən bu məsələyə müxtəlif aspektlərdən yanaşılır. Ancaq təəssüf ki, bu yanaşmaların əksər hissəsini nəticələrə şablon münasibət təşkil edir. Aqrar sektorda effektli nəticələrin əldə olunmamasının səbəbləri çoxtərəfli yanaşma tələb edən məsələdir. Lakin texniki imkanların məhdudluğundan bu yazımda mən aqrar siyasətin duzgün formalaşdırılmasında və reallaşdırılmasında vacib element olan peşəkar yanaşmadan söhbət açmaq istəyirəm.

Peşəkar yanaşma ümumi məqsədlər naminə resursları düzgün istiqamətdə səfərbər edə bilmək, motivasiyanı düzgün qura bilmək bacarığıdır. Ona görə də, aqrar siyasətin başında duran insanın peşəkarlığı inkişaf üçün zəruri şərtdir, siyasətin effektivliyi rəhbərin peşəkarlığından keçir! Peşəkar yanaşma var olan bilginin bacarıqla istifadə edilməsi və üstün nəticə əldə edilməsidir! Çox təəssüf ki, Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri cənab Heydər Əsədov və onun şəxsi ambisiyaları əsasında formalaşdırdığı komandanın əksər üzvləri kənd təsərrüfatı sahəsində nə nəzəri biliyə, nə də praktiki vərdişə sahib olmayan insanlardır.

Üzvi gübrəni “ülvi gübrə” adlandıran nazir!
Bu yaxınlarda təsadüfən YouTube kanalında cənab Heydər Əsədov tərəfindən yerlərdə vətəndaşların qəbulu ilə bağlı video materiallarla tanış olarkən, dəhşətə gəldim. Çünki o, adi yanaşmada hiss ediləcək qədər aqrar sektorun spesifikasından uzaq, müqəddəs peşə sahiblərinə qarşı münasibətdə olduqca qeyri-səmimi bir insandır!


Fikir verin, nazir Quba rayonunda uzun illər boyu həyatlarını torpağa bağlayan insanları qəbul edir, fermerlər ona meyvə ağaclarının xəstəlik və ziyanvericilərinə qarşı istifadə olunan pestisidlərin keyfiyyətsiz olması barədə müraciət edirlər. Nazir isə cavabında bildirir ki, siz torpağı düzgün suvarmırsınız, ona görə də su torpağın üstündə olan “ÜLVİ GÜBRƏNİ” (Fərqləndirmə “AzPolitika”nındır) yuyub aparır. Üzvi gübrəni “ülvi gübrə” adlandırmağın fərqində olmayan bir insanın ölkənin aqrar sektoruna rəhbərliyindən hansı effektiv nəticələr əldə oluna bilər?

“Mesaj ötürür ki, idxal-ixrac əməliyyatları Kəmaləddin Heydərovun monopoliyasındadır!”
Digər vətəndaş nazirdən kənd təsərrüfatı məhsullarının ixracı zamanı gömrük-buraxılış məntəqələrində mövcud olan bürokratik əngəllərin aradan qaldırılmasını xahiş edir. Cənab Heydər Əsədov cavab olaraq bildirir ki, mən bu məsələ ilə bağlı Kəmaləddin Heydərovla danışaram. Nazirin cavabına məntiqi yanaşanda belə qənaətə gəlmək olur ki, ya bu adamın ümumiyyətlə ölkənin ictimai-siyasi həyatından xəbəri yoxdur, Gömrük Komitəsi sədrinin Kəmaləddin Heydərov yox, Aydın Əliyev olduğunu bilmir, ya da cəmiyyətə mesaj ötürür ki, baxamayaraq Aydın Əliyev simvolik olaraq Gömrük Komitəsinin sədridir, əslində idxal-ixrac əməliyyatları bütünlüklə Kəmaləddin Heydərovun monopoliyasındadır.

İdxal olunan pestisidlərin bahalığından gileylənən fermerlərə nazir cavab olaraq bildirir ki, indi internet əsridir, həmin dərmanların birjalarda topdan satış qiymətlərini götürün, üzərinə nəqliyyat xərclərini və digər xərcləri gəlin və bir də idxalçı şirkətin 5% gəlirini əlavə edin, əgər bundan baha satılarsa mənə məlumat verin, ciddi tədbir görəcəm. İlk baxışdan fermerlərə toxtaxlıq üçün gəlişi gözəl sözlərdir!

Rusiya Federasiyasının Krasnodar vilayətində istehsal olunan yüksək markalı Amofos gübrəsinin bir tonunun topdan satış qiyməti 24 000 rubl, yəni Azərbaycan manatı ilə ekvivalent dəyərdə (1 rubl 0,0295 man. Mərkəzi Bankın məlumatı) 708 manatdır. Bir ton gübrənin dəyərinin üzərinə daşınma və s. xərclər üçün 50 manat əlavə etsək, ümumi məbləğ 758 manat təşkil edər. Nəzərə alsaq ki, fermerlərə satılan mineral gübrələrin satış qiymətinin 70%-i (531 manat) dövlət büdcəsindən ödənilir, əslində fermerlərə amofos gübrəsinin bir tonu 227 manata satılmalı olduğu halda, 73 manat bahasına, yəni 300 manata satılır.

“Heydər Əsədovun qardaşı ancaq bir növ aqreqatın idxalından 5 milyon manat qazanıb”
Yaxud, “Aqrolizinq” ASC tərəfindən Türkiyə Respublikasında istehsal olunan HBM-N24 markalı taxılsəpən aqreqat 2016-cı ildə 6100 manata, 2017-ci ildə isə 9600 manata satılıb. Faktı “Aqrolizinq” ASC-nin 2018 və 2017-ci illər üçün verdiyi alış-satış sənədləri və 2017-ci il “Aqrolizinq” ASC-nin internet səhifəsindəki qiymət də təsdiq edir. Nəzərə alsaq ki, təkcə 2017-ci ildə 1500 ədəd taxılsəpən aqreqat alınıb və hər birinin qiymətində 3500 manat fərq var, məlum olur ki, nazir Heydər Əsədovun bu işlərlə məşğul olan qardaşı ancaq bir növ aqreqatın idxalından 5 milyon manat qazanıb! Eyni zamanda, cənab H.Əsədov formal olaraq keçirdiyi tenderdə üstünlüyü qardaşının firmasına verməklə, “Korrupsiyaya qarşı mübarizə” haqqında Azərbaycan Respublikası Qanununun da tələblərini kobud şəkildə pozub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.