Şamaxının başçısı villada: şəhid ailələrinə isə mənzilləri vermir - Özbaşınalıq!!!
4-03-2018, 00:28
Hər gün məmurlardan, vəzifəli şəxslərdən şikayət gəlməsə, qulaq bir qanunsuzluq eşitməsə bəlkə də kar olar
FİA.Az-ın məlumatına görə, vətəndaşları incidən, süründürən vəzifəli şəxslər onları mətbuata müraciət yazmağa vadar edirlər.
Bu da prezidentin işinə maneçilik, vətəndaşla iqtidar arasında uçurum yaratmaqdır. Növbəti şikayət Şamaxıdan gəlib. “Təzadlar”a göndərilən şikayət məktubunda maraqlı məsələyə toxunulur.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova ünvanlı şikayətdə deyilir ki, nazirliyin sifarişi ilə Şamaxıda şəhid ailələri və Qarabağ əlilləri üçün bina inşa edilib.
36 mənzilli dördmərtəbəli ictimai yaşayış evini 4 ildən artıqdır ki, sahiblərinə vermək istəmirlər. Yaşayış evi şəhərə bitişik olan Şəhriyar qəsəbəsinin ərazisində tikilib.
Bu bina son illər Şamaxıda şəhid ailələri və Qarabağ əlilləri üçün inşa edilən dördüncü ictimai yaşayış evidir. Bundan əvvəl şəhərdə hər biri 16 mənzilli üç yaşayış binası tikilib və ehtiyacı olanlara verilib.
“Biz şəhid ailələri rayon sakinləri reallaşdırılan bu layihələri ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən və sağlamlığını itirən insanlara göstərilən dövlət qayğısının təzahürü kimi dəyərləndiririk.
Lakin nədənsə rayon rəhbərliyi bu mənzillərin bizə verilməsində maraqlı deyil. Sizdən xahiş edirik bu mənzillərin paylanmasına tezliklə göstəriş verəsiniz”.
Göründüyü kimi, nazir Səlim Müslümov və Şamaxının icra başçısı Asif Ağayev şəhid ailələrinin, müharibə veteranlarının evlərinə köçməsinə yardımçı olmurlar.
Bu özbaşınalıq xeyli zaman olar ki, davam edir və müharibə qurbanları mənzillərinə köçməyi gözləyirlər.
Onlar qarşıdan Novruz bayramı gəldiyini bildirərək nazirin sevindirici addım atacağına ümid edirlər. Bu insanlar şəraitsiz, acınacaqlı vəziyyətdə yaşayırlar.
Halbuki, Şamaxının icra başçısı özünə rayonun ən səfalı guşələrində malikanələr tikdirib. A.Ağayevin Nağaraxana və başqa kəndlərdə villaları bərq vurur.
Sakinlərin sözlərinə görə, icra başçısının Qarabağda gedən müharibə günlərində də başı imarətini tikdirməyə və bahalı maşınında gəzməyə qarışıb.
A.Ağayevin Şamaxının sosial problemləri ilə maraqlanmadığını deyən sakinlər qeyd ediblər ki, icra başçısı küçələrin hansı vəziyyətdə olmasına xəbərsizdir.
Avtomobilində bu yollardan keçən A.Ağayev həmin küçələrdə insanların çəkdiyi zülm-zilləti vecinə də almır.
FİA.Az mediaya istinadla xəbər verir ki, Şamaxıdakı biznesi və büdcə pullarının mənimsənilməsi dövlət məmurunun oliqarx həyat tərzi yaşamasına şərait yaradıb.Bundan başqa, oğluna 150 min manata lüks maşın, aşpazına vəzifə və geniş imkanlar yaradan icra hakiminin Nağaraxana kəndində bu günə kimi çoxlu özbaşınalıqları olub.
Belə ki, rayonun “Kirovka” – indiki Nağaraxana kəndinin inzibati ərazisinə düşən və “Nənə bulağı” kimi məşhur olan yeganə təmiz içməli su mənbəyi (meşə zolağı da daxil olmaqla, qədim qəbiristanlıq, göl və s.) üst-üstə 100 hektar torpaq sahəsinin naməlum şəxslər tərəfindən zəbt edilib.
Kənd torpaqlarının satılması prosesi Nağaraxana kənd icra nümayəndəsi Abi Həsənovun rəhbərliyi altında icra hakimiyyəti, konkret olaraq Şamaxı rayon icra başçısı Asif Ağayev və icra başçısının müavini Qasım Qasımov tərəfindən həyata keçirilib.
Əslində Asif Ağayev Şamaxıda daş üstünə daş qoymayıb. Elə o rayona gələndən Şamaxıda daş üstündə daş da qalmayıb. Hamı narazıdır.
İşi gücü isə Bakıdan gələn məmurlara qonaqlıq verməkdir. Rayondan talanan pullar ziyafətlərə və bir də Asif Ağayevin cibinə axır. Amma əvəzində sahibkarlar qan ağlayır.
Amma şəhid ailələrinin təzə evlərinə köçməsinə imkan verilmir. Bu məsələdə nazirliyin də məsuliyyəti az deyil.
S.Müslümov şəffaf idarəçiliklə məşğul olduğunu söyləsə də, hər həftə nazirliyin hansısa şöbəsi, fondu haqda korrupsiya şikayətləri gəlməkdədir. RİH və naziriyin mövqeyini dərc etməyə hazırıq.