Pambıq əkini daha bir qalmaqala səbəb oldu: Ağcabədidə məcburi köçkünlər etiraz edir
28-03-2018, 00:05
Ağcabədidə məcburi köçkünlər etiraz edirAğcabədi rayon, Ağabəyli kənd ərazi nümayəndəsi Mehdiyev Bakir Cəmil oğlu Ağdam rayonundan olan məcburi köçkünlərə zülm edir
Belə ki, icra nümayəndəsi məcburi köçkünlərin kənddən çıxmasın tələb edir. Bununla bağlı həmin tələblə üzləşən məcburi köçkünlər mediaya müraciət edərək aidiyyəti qurumlardan kömək istəyiblər. Ağabəyli kəndində məskunlaşmış Ağdam rayon sakinləri adından müraciət edən Əhmədov Nadir Eyvaz oğlu bildirir ki, onlar həmin ərazidə 20 ildən çoxdur ki, yaşayırlar. Burada ölkə rəhbərliyinin kənd təsərrüfatına və sahibkarlara göstərdiyil diqqət və qayğıdan bəhrələnərək yaşadıqları yerdə heyvandarlıqla məşğul olurlar. Hazırda da tövlələrində onlarla ətlik və südlük olmaqla cins heyvanlar bəsləyirlər. Lakin ərazi nümayəndəsi Mehdiyev Bakir onlara bu işi həyata keçirməyə imkan vermir, torpaqlardan çıxmaları üçün əlindən gələn hər şeyi edir. Bu yaxınlarda da onların yonca sahələrin əkdirib.
Odur ki, hazırda heyvanlar tövlədə acından ölmək təhlükəsindədir. Şikayətçilər bildirirlər ki, bu məsələ ilə bağlı yaxınlarda Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olublar. İcra başçısı ərazi nümayəndəsinə bu məsələni qaydaya qoymasını tapşırsa da, əksinə, bu görüşdən sonra ərazi nümayəndəsi Mehdiyev Bakir Cəmil oğlu qəzəblənərək onlara nəinki əkin sahələrini, hətta yaşayış evlərinin və tövlənin yerini əkdirəcəyini deyib, kənddən çıxmalarını istəyib: "Siz ağdamlısınız və sizin torpaq da Ağdamdadır, gedin orada yaşayın, heyvanınızı da saxlayın. Sizin burada yaşamaq haqqınız yoxdu!"
B. Nəbiyev isə deyir ki, məcburi köçkünlərlə bağlı elə problem yaşanmayıb. AFN-ə məsələ ilə bağlı danışan icra nümayəndəsi bildirib ki, həmin şəxslər 26 ildir o ərazidə məskunlaşıblar: "Bu müddətdə onlar narahat olmayıblar? 32 hektar yerdən indiyə qədər geninə-boluna istifadə ediblər, indi də dövlət proqramı var, prezidentin göstərişi ilə pambıq əkilib. Onların hər birinə yarım hektar yer ayrılıb. Orada yonca sahəsi olmayıb, yoncanı orda başqa bir adam əkib. O adam da torpağı icarəyə götürüb, icarə müddəti də bitib. Əhmədov Nadirə 1 hektara yaxın yer verilib. Onun 20-30 sotunda tərəvəz əkib. Başqa məcburi köçkünlərə də hər birinə yarım hektar yer ayrılıb. Onlar nə istəyirlər, mən bilmirəm. Şikayət edilən ərazinin 10 hektarı əlillər cəmiyyətinindi, pambıq əkilib. Qalan yerin əlavə 10 hektarında da pambıq zavodu ilə müqavilə bağlanıb pambıq əkilib. Burada dövlət vəsaiti xərclənir, özbaşına edilmir".
Qeyd edək ki, B.Nəbiyev jurnalistimizi əraziyə icazəsiz gedib çəkiliş aparmaqda ittiham edib. İcra nümayəndəsinin diqqətinə çatdırılıb ki, AFN-dən həmin ərazidə gedən olmayıb. Digər tərəfdən isə həmin ərazidə hər hansı çəkiliş aparmaq üçün xüsusi icazəyə ehtiyac yoxdur. Problemin yerində araşdırılması jurnalistin peşə borcudur.