Nazirdən şok: Səlim Müslümovun bu kadrları niyə qayıdır? - İddialar

1-06-2018, 09:00           
Nazirdən şok: Səlim Müslümovun bu kadrları niyə qayıdır? - İddialar
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin fəaliyyətindəki müsbət addımları, kadr islahatları, qərarları təqdir edilir.

Ancaq gənc nazir son zamanlar kadr dəyişikliklərində müəmmalı təyinatlar edir. Bu dəfə də Lənkərana təyinatı suallar doğurub.

FİA.Az xəbər verir ki, S.Babayev Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Lənkəran şəhər şöbəsində kadr dəyişikliyi həyata keçirib.

Şöbə müdiri Maarif Bayramov işdən azad edilib.

Onun yerinə təzədən Babək Cəfərov təyinat alıb. B.Cəfərov əvvəl də DSMF müdiri işləyib. Keçmiş nazir Səlim Müslümov onu işdən azad etmişdi.

Yeni nazir Sahil Babayev isə M.Bayramovu vəzifəsindən çıxarıb B.Cəfərovu işinə qaytarıb.

İddialar dolaşır ki, M.Bayramovla B.Cəfərovun münasibətləri ürəkaçan olmayıb. Onun vəzifədən getməsi üçün əlindən gələni edən Cəfərov arzusuna çatıb.

Məlumatda iddia edilir ki, B.Cəfərovun dövründə Lənkəranın sahibkarları sosial sığorta ödənişlərində qeyri-rəsmi tələblərlə üz-üzə qalıblar.

Onun əlindən “qan ağlayan” iş adamları bu xəbəri eşidən kimi məyus olublar. Çünki B.Cəfərovun obyükt sahiblərinə “divan tutacağı” gözlənilir.

Ona görə də S.Müslümovun işdən azad etdiyi məmuru nazir S.Babayevin geri qaytarması maraq doğurur.

Onun oğlu Mikayıl Cəfərov Lənkəran şəhər İcra Hakimiyyətində işə düzəlib. Ötən ay oğluna Lənkərandakı “Şah” sarayında toy edən və müğənni Manaf Ağayevi gətirdən B.Cəfərovun şadlıq mərasimindən görüntülər instaqramda yer alıb.

Görünür ki, oğlunun toyu özünə də düşərli olub və təkrar vəzifəsinə qayıdıb. Amma toya azı 8000 – 10 000 manata gedən Manaf Ağayevi hansı pulla gətirdiyi sual yaradır.

FİA.Az yada salır ki, bundan əvvəl S.Babayev Sabunçu Pensiya Fondunun müdiri Əlbarat Poladovu işdən azad edib. Yerinə həmin şöbənin pensiya təyinatı sektorunun müdiri Firdovsi Əliyevi təyin edib.

Firdovsi Əliyevi təyin etməsi yeni nazirin ilk və böyük səhvi sayıla bilər. Bəli Əlbarat Poladov Əjdər Cəbiyevin qohumu idi.

Əjdər Cəbiyevin nazirliyin bütün strukturlarında çox böyük korrupsiya və rüşvətxorluğa zəmin yaratdığı məlumdur.

Onun sistemə yerləşdirdiyi kadrların da bu əməllərdə iştirakı danılmazdır. Bu baxımdan Poladovun işdən azd olunması təqdir olunmalıdır.

Həmin şəxs əvvəllər Xətai şöbəsində işləmiş, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin məlum əməliyyatından sonra Sabunçu şöbəsinə keçirilib.

Pensiya məsələləri üzrə mahir maxinator, eyni zamanda məhşur Pirhəsənli kəndinin sakini və Səlim Müslümovun ev xidmətçisinin oğludur. Yəni Səlim Müslümovun himayəsində olan bir şəxsdir.

Belə çıxır ki, ya bu adamın yeni “dayısı” meydana çıxıb və yeni nazirə F.Əliyevi mələk kimi təqdim edib. Ya da yeni nazirin kadr siyasəti sələfinin də olduğu kimi sadəcə imitasiyadır.

Başqa bir fakt: İntiqam Nizam oğlu Əliyev İmişlidə DSMF-yə müdir təyin olunan kimi rayon arxivi ilə əlbir olaraq, kolxozların arxiv kitablarını dəyişdiriblər.

Bütün kolxozlar barədə az məlumatlı olsaq da, Muradxanlı kəndinin sabiq S.Vurğun adına kolxozun 1987-1993-cü illərin arxiv kitabları ləğv olunub.

Əvəzində 7 il üçün broşüraya bənzər bir "arxiv" yaradılıb və həmin "arxiv"də əksini tapan əmək haqqı və adam-günləri dəyişilərək saxta əmək haqqı yazılmışdır: xətt və ruçka fərqi uzaqdan bilinir, ekspertizaya ehtiyac belə yoxdur!

Bu "kitab"da elə adlara rast gəlinir ki, həmin adamlar Muradxanlı kəndinin və S.Vurğun adına kolxozun harada yerləşməsini belə bilmirlər və çoxu da həmin kəndin sakini deyil!

DSMF-nin İmişli rayon şöbəsində "doplata" deyilən bir termin var. Pensiyaçıların plastik kartlarını "işbazlar" seyid Rəsulun vasitəsiylə alıb, kolxozların son hesablaşma kitabları saxlanılan arxivində düzəlişlər edərək, onların hesabına guya əvvəlki illərin alınmamış fərq məbləğlərini yazaraq hər ay 50 min manatdan çox pulu bir dəfəyə çıxarırlar. Halbuki vətəndaşların bu pullardan xəbəri yoxdur!

Əgər korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə idarəsinin marağında olarsa, rayon şöbəsinin kompüter sisteminə girib bunu çox asanlıqla əldə edə bilər.

Qarşı tərəfi dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.