Səfirin yalanı ayaq tutdu yeridi, şəkillər ''danşdı''
14-06-2018, 00:00

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev yenə gündəmə öz-özünü təkzib edən açıqlamalar, müsahibələrlə gəlməkdə davam edir. Ötən həftə səfir Azər Xudiyev haqqında yayılan ittihamları ilk əvvəl təkzib etdi, sonra isə daha geniş müsahibə verərək ilkin açıqlamada tanımadığı adamları tanımağa başladı. Beləliklə heç bir şərhə yol vermədən səfir Azər Xudiyevlə bağlı mediada əks olunan ittihamlara onun verdiyi cavabları ardıcıllıqla və faktlarla diqqətə çatdırırıq.
Birinci yalan. Ondan başlayaq ki, diplomatik nömrə satmaqda ittiham olunan Azər Xudiyev demokrat.az saytına açıqlamasında sənəddə ona məxsus (belə iddia olunur) olan “Porsche Cayenne” markalı DP 041002 (diplomatik) dövlət qeydiyyat nişanlı bahalı avtomobili idarə edən Orxan Qasımovu tanımadığını bildirir.
Səfirin açıqlaması aşağıdakı linkdə: http://demokrat.az/news/746
Bu açıqlamadan iki gün sonra məhz diplomatik nömrə qalmaqalı ilə bağlı izahat vermək üçün XİN-ə çağrılan Azər Xudiyev başqa bir sayta geniş müsahibə verərək əvvəlki açıqlamasında “tanımadığı” Orxan Qasımovu artıq nümunəvi iş adamı kimi vəsf edir. Təkrar edirik, aradan iki gün sonra…
Səfir deyir: “O yazıda Orxan Qasımovun adı çəkilir. Həmin adamı tanıyıram və ona böyük hörmətim var. Orxan Qasımov bacarıqlı iş adamı və ləyaqətli insan kimi tanıyıram. O, səfirliyin Ukraynada Azərbaycanla bağlı təşkil etdiyi bütün tədbirlərdə yaxından iştirak edir. Ukraynada açılacaq Azərbaycan Ticarət Evinin işinə bacarıqlı iş adamı kimi cəlb olunanlardan biri də Orxan Qasımovdur. Onun mənimlə bundan başqa heç bir bağlılığı yoxdur.”
Müsahibənin getdiyi saytın linki: http://olke.az/news/detail/hikmet-cavadova-gore-bir-nece-defe-ukrayna-xarici-isler-nazirliyine-cagirilmisam-sefirle-musahibe-127362
İkinci yalan. Səfir Azər Xudiyev ona qarşı səsləndirilən ittihamlarda adı keçən “Porsche Cayenne” markalı DP 041002 dövlət qeydiyyat nişanlı bahalı avtomobili çox ucuz qiymətə bir neçə il əvvəl konsul işlədiyi Sloveniyada aldığını bəyan edir: “O ki qaldı yazıda sözügedən avtomobillərə, o avtomobilləri Sloveniyada işləyərkən idarə etmişəm və yanacağı az sərf etdiyinə görə özümlə Ukraynaya gətirmişəm. Həmin avtomobillərin mənə məxsus olduğunu sübut edən sənədlər də var. Mən onları sizə təqdim edirəm. Onlar 2013-cü il istehsalı olan avtomobillərdir. Dərindən maraqlananlar üçün demək istəyirəm ki, bu avtomobilin birini o zaman, cəmi 4800 avroya almışam. Onun mühərriki çox kiçik olduğu üçün yanacaq sərfiyyatı çox azdır. Bu baxımdan sərfəli nəqliyyat vasitəsi kimi hərdən köməyimizə çatır. 2-ci avtomobili də məhz Sloveniyadan ucuz qiymətə alıb gətirmişəm. Şənbə-bazar günləri həmin avtomobillərdən istifadə edirəm”.
Müsahibənin getdiyi saytın linki: http://olke.az/news/detail/hikmet-cavadova-gore-bir-nece-defe-ukrayna-xarici-isler-nazirliyine-cagirilmisam-sefirle-musahibe-127362
Əziz oxucu! Səfir Azər Xudiyevin “Sloveniyadan alıb gətirmişəm” dediyi “Porsche Cayenne” markalı DP 041002 dövlət qeydiyyat nişanlı bahalı avtomobil əslində Ukraynada - Feyruz Qasımov adlı azərbaycanlıdan alınıb. Aşağıda təqdim etdiyimiz texniki pasportda sözügedən avtomobilin Azər Xudiyevə qədərki və ona satılandan sonrakı dövrə aid texniki göstəriciləri qeyd olunub.
Əlahəzrət fakt qarşısında əlavə şərhə ehtiyac duymuruq:
Üçüncü yalan. Səfir Azər Xudiyev ona qarşı yönələn ittihamda adı çəkilən Olqa adlı xanımı tanımadığını bəyan edir. http://demokrat.az/news/746) İki gün sonrakı müsahibəsində isə belə bir ifadə işlədir: “Mən boş və mənasız suallara cavab vermirəm. Bilirsiniz, hər deyilən belə mənasız suallara cavab versəm, gərək işimi-gücümü atıb kimlərinsə boş xülyaları ilə məşğul olum”.
Müsahibənin getdiyi saytın linki: http://olke.az/news/detail/hikmet-cavadova-gore-bir-nece-defe-ukrayna-xarici-isler-nazirliyine-cagirilmisam-sefirle-musahibe-127362
Biz isə səfirin Olqa xanım məsələsində yalan danışdığını, xalqı, oxucuları aldatdığını faktlarla diqqətə çatdırırıq. Belə ki, aşağıda təqdim etdiyimiz fotoda səfirin sağında dayanan, Azər Xudiyevin yağışdan belə qoruduğu xanım Ukrayna əsilli Olqa xanımdır. Azərbaycan səfiri tanımadığı bir xanımın başı üzərində necə çətir tuta bilər?
Səfirin yalanı ayaq tutdu yeridi, şəkillər ''danşdı''
Əlahəzrət fakt qarşısında əlavə şərhə ehtiyac duymuruq:

Və nəhayət. Səfir Azər Xudiyev şəxsi həyata toxunulmazlıqdan danışır, haqlıdır. Əlbəttə ki, şəxsi həyata toxunulmazlıq mühim məqamdır. Biz səfir Azər Xudiyevin şəxsi həyatına toxunmuruq, sadəcə bilmək istəyirik ki, Sloveniyadan Ukraynaya qədər onu müşahidə edən Olqa kimdir? Onu da bilmək istəyirik ki, Azərbaycan səfirliyinin iqamətgahında yaşayan, heç “kimlə” evli olmadığı halda üçüncü uşağını dünyaya gətirən müqəddəs Məryəm kimdir? Axı Xudiyev bizdən də yaxşı bilir ki, Azərbaycanın diplomatik korpuslarına məxsus iqamətgahlarda yalnız və yalnız milli diplomatik heyət yaşaya bilər.

Digər tərəfdən, Azər Xudiyev unudur ki, o sıradan biri deyil, statuslu, Azərbaycanı təmsil edən böyük bir diplomatik korpusun rəhbəridir. Onunla bağlı informasiyaların mətbuatda yer alması “şəxsi həyata müdaxilə kimi” qəbul olunmamalıdır. Ən nəhayət, biz media olaraq səslənən ittihamlara Xudiyevin verdiyi cavabların uyğunsuzluq təşkil etdiyini bəyan edirik.
Bakunews.az