Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi: Səfər Mehdiyev kimdir?
19-06-2018, 07:47
Dövlət Gömrük Komitəsinin son zamanlar atdığı bəzi addımlar geniş müzakirə predmetinə çevrilib. Xüsusilə də gömrük-keçid məntəqələrində vətəndaşların gediş-gəlişinin müəyyən qədər asanlaşdırılması qurumun işində müsbətə doğru müəyyən dəyişikliklərin olduğundan xəbər verir. Lakin bəzi açıqlamalar heç də ürəkaçan deyil.Cumhuriyyet.az bildirir ki, DGK-nin Maliyyə, tariflər və valyuta nəzarət Baş İdarəsinin Gömrük tariflərinin nizamlanması Şöbəsinin rəisi Əzizağa Hüseynov maraqlı məqama toxunub. Komitə yetkilisi idxal məhsullarına tətbiq olunan tariflərin artırılacağını istisna etməyib. Bunun da ilk növbədə kənd təsərrüfatı, maşınqayırma və digər sənaye sahələrinə şamil olunacağını deyib. Məlumdur ki, Gömrük Komitəsinin əsas vəzifələrindən biri də daxili bazarı qorumaqdır. Lakin daxili bazarı qorumaq üçün daxili istehsalın olması əsas və vacib şərtdir.
Yeni gömrük şefinin ziyanlı islahatı
Ancaq bəllidir ki, Azərbaycanda yerli istehsal daxili bazarı təmin etmək iqtidarında deyil. Rüsumların artırılmasında heç bir məntiq yoxdur. Elə sosialyönümlü məhsullar var ki – məsələn, dərman preparatları- Azərbaycanda istehsal olunmur, amma onlardan da gömrük rüsumu tutulur. Burada heç bir məntiq yoxdur. Yerli istehsal olmayan, daxili bazarda ehtiyac duyulan məhsullara rüsum tətbiq etmək heç bir məntiqə uyğun deyil. Bu baxımdan, bəzi idxal məhsullarının gömrük rüsumu ya sıfırlanmalıdır, ya da minimuma endirilməlidir ki, bazarda bolluq yaransın və qiymətlər ucuzlaşsın. Bu baxımdan rüsumların artırılması bazarda bahalaşmaya səbəb olacaq və zərər vətəndaşa dəyəcək. Axı daxili istehsal o səviyyədə deyil ki, bütün tələbatı ödəyə bilsin və xaricdən gətirilən mallara ehtiyac qalmasın. Azərbaycanda daxili bazarı tam şəkildə təmin edən yerli məhsul yoxdur. Beləliklə, yeni komitə sədrinin islahatlarının da pərdəarxası üzə çıxır. Bu arada cumhuriyyet.az olaraq Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev haqda media üzərindən apardığımız araşdırmalarda da maraqlı məlumatlara rast gəldik.
Generalın kolxozdan başlayan fəaliyyəti
General-leytenant Səfər Mehdiyev 12 ildən artıq idi ki Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini postunu tuturdu. Gömrük xidməti general-leytenantı 1973-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. 1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirib. Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kənd kolxozunda başlayıb. Bir müddət sonra isə gömrük sistemində işə keçib. 1999-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışıb. Tezliklə S.Mehdiyevin bu sistemdə vəzifə pilləsi daha da böyüyüb. O, 2004-cü ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində işləyib. 2006-cı ilin fevral ayından Səfər Mehdiyevə daha yüksək etimad göstərilib və o, komitə sədrinin birinci müavini vəzifəsinə, 20180ci ilin fevralında isə Dövlət Gömrük Komitəsinin sədri postuna təyin olunub.
Qaranlıq keçmış və ya Komitə necə işğal olunub?
Səfər Mehdiyev Gömrük Komitəsinin birinci müavini olduğu müddətdə əlindəki geniş imkanlardan istifadə edərək özünün bütün yaxın-uzaq qohumlarını işlə təmin edib. Yəni demək olar ki, DGK başdan-başa onun qohumlarından ibarətdir. Bildirilənə görə, Dövlət Gömrük Komitəsinə işə qəbula Səfər Mehdiyevin qayınatası Qulu Tarquliyev rəhbərlik edir. Yeri gəlmişkən bununla bağlı cumhuriyyet.az olaraq yerli mediuada gedən bir məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “Səfər Mehdiyevin qaynatası zamanında mərhum prezident, ulu öndər Heydər Əliyevə qarşı səngərdə yer alıb. 1991-ci ilin sentyabrın 3-də keçirilmiş Naxçıvan MR Ali Məclisinin sessiyasında Heydər Əliyev Naxçıvan Muxtar Respublikanın rəhbəri seçildi. Həmin dövrün stenoqramasına baxılarsa, Qulu Tarquliyev mərkəzin tapşırığı ilə Heydər Əliyevə ”sən xalqa bəla gəlmisən” dediyi sözlərin şahidi olarıq. Bu gün Qulu Tarquliyevin övladları Əli Tarquliyev, Zeynal Tarquliyev, İlham Tarquliyev Gömrük Komitəsində müxtəlif vəzifələr tutmaqla qısa müddət ərzində bahalı maşınlar, dəbdəbəli villalar sahibidirlər”. Yazılanlara görə, Səfər Mehdiyevin qardaşları, bacısı övladları yüksək vəzifələrdə çalışırlar. Əksəriyyəti guya Gömrük Komitəsinə test üsulu ilə qəbul olunublar. Hətta iddia olunur ki, Səfər Mehdiyevin bacısının əri də Gömrük Komitəsində meydan sulayır, orta təhsillidir, heç bir savadı yoxdur.
Kapital xəritəsi
Zamanında qaynı İlham Tarquliyevi «Gilan» Holdinqdə inşaat sahəsinin maliyyə idarəsinin başına gətirən Səfər Mehdiyev qohumunu böyük talandan sonra oradan kənarlaşdırdı. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda rastlaşdığımız məlumatlara görə səbəb İlham Tarqluiyevin yol verdiyi böyük yeyintiləri olub: “Əgər Kəmaləddin Heydərovun bundan xəbəri olsaydı, İlham Tarqluiyev Səfər Mehdiyevin əli ilə təkrar olaraq vəzifəyə gətirilə bilməzdi. Beləcə qohumunun cinayətlərinə rəğmən yenidən Səfər Mehdiyev qaynını fövqəladə hallar nazirliyinin tikinti şöbəsinə rəis gətirdirir”. Həmin məlumatlarda bildirilir ki, bu vəzifəyə keçəndən sonra İlham Tarquliyevin yeni talanları başlayır. Belə ki, zəlzələ, sel fəlakətləri zamanı dövlət büdcəsindən ayrılan milyonlarla vəsaiti xırıd edən İlham Tarqluiyev bunun müqabilində özünə böyük sərvət toplayır. Bu gün də talan davam etməkdədir.
Bundan əlavə, Səfər Mehdiyev İlham Tarquliyevlə ortaq tikinti şirkəti yaradıb ki, bu gün də gömrüyə aid tikinti işləri onların şirkətinə verilir. Tendersiz, filansız…
Mənbə bildirir ki, Səfər Mehdiyevin işləri tək bundan ibarət deyil. Bir başqa qohumunu – Gündüz adlı yaxınını Xırdalandakı ət-toyuq idxalı müəssisəsinin başına gətirdir və həmin şəxs də eyni zamanda Binəqədinin icra başçısı Xaləddin İsgəndərovla qudadırlar. Gündüzün oğlu isə Sumqayıtdakı tekstil fabrikinin başına gətirdilir. Bütün bu işləri həyata keçirən Səfər Mehdiyev beləcə özünün həm də Fazil Məmmədovla bağlarını da möhkəmlətmiş olur.
Mənbə Səfər Mehdiyevin sərvətinin bir hisəsi barədə də məlumat verir. Onların bəzilərini diqqətinizə təqdim edirik:
– Qusarda, Şamaxıda, Mərdəkanda villalar
– Onkologiyanın yanında supermarket
– Mərasim zalları
– Gömrük Komitəsinin Hospitalının yanında diş klinikası – bacanağının oğlu işlədir
– Badamdarda villası
Və daha nələr, daha nələr…