Yeni nazirə müraciət: “Cənab Muxtar Babayev, əgər təbiətin qəsdinə duranları…” – Meşələr necə doğranır? + VİDEO
20-06-2018, 00:00
Əlmaniz Ələkbərli,
Azərbaycan Jurnalistlər və
Yazıçılar Birliyinin üzvü.
***
Müstəqilliyini qazandığı qısa bir vaxtdan sonra Azərbaycan xalqı Ümummilli liderimizin ideyaları, onun uzaqgörən siyasəti sayəsində yalnız irəli gedir. Ulu öndər Azərbaycan dövlət müstəqilliyinin itirilməsi təhlükəsini aradan qaldırdıqdan dərhal sonra kadr islahatlarına başladı. Səriştəsiz kadrları daha peşəkarları ilə əvəzlədi. Ümummilli liderimizin gənc kadrlara xüsusi diqqət yetirdiyi hələ sovetlər birliyi dövründə Azərbaycana rəhbərlik etdiyi dövrdən çoxlarına bəllidir.
Bu gün Azərbaycan respublikasının bir çox qurumlarındakı əsas kadrları, vaxtilə Ulu öndərin Rusiyaya göndərdiyi gənc tələbələrdən ibarətdir. Düzdür, Heydər Əliyevin bu siyasəti bu gün də davam etdirilir.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə hər il dünyanın aparıcı təhsil müəssisələrinə bir çox azərbaycanlı balaları da, oxumağa, təhsilini artırmağa gedirlər. Bu təqdirəlayiq hadisədir. Lakin nədənsə bir çox sahələr də vardır ki, gənc kadrların yerinə təqaüddə olan polis rəisləri vəyaxud adı həmişə pul maxinasiyasında hallanan “Voenkomlar” gətirilir.
Əslində, bu sualın cavabı hamıya gün kimi aydındır. Məntiqlə düşünəndə, ağıllı adamın ağlına ilk gələn yalnız və yalnız maddiyyatdır.
Məsələn, 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlikram Qasımov. İllərdir Sabirabad, Qax və bir çox rayonlarda hərbi komissar işləmiş bu insan bir ildir ki, gecə-gündüz yatmadan “dövlət qulluğu” imtahanına hazırlaşır. Lakin imtahandan keçə bilmir ki, tutduğu vəzifəyə təminat alsın.
Yəni hazırda Ekologiya sahəsində rəhbər vəzifəsini müvəqqəti əvəz etdiyi üçün yerini tam bərkidərək, bölgənin təbiətinə tam qənim kəsilə bilmir. Ancaq öz köhnə əməllərindən də, əl çəkə bilmir.
Məsələn, bu günlərdə mənim yazdığım tənqidi yazıdan sonra “Maşın yuma məntəqələrinə” elçi göndərərək onların hər birini minlərlə manta cərimə etməyi tapşırmışdı. Həmin vaxtı Ekologiya işçilərini küçədə görüb onlarla xeyli söhbətləşdim. Məlum oldu ki, Əlikram Qasımov yenə də savadsız rəhbər olduğunu öz əməlləri ilə isbatlayır.
Əziz oxucular, sual edirəm 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlikram Qasımov Şəki, Qax Zaqatala və Balakən rayonları ərazisində fəaliyyət göstərən “moyka”lar (maşınyuma məntəqələri) işlədiyi müddətdə neçə dəfə cərimələyib? Səbəbini göstərə bilərmi?
Aldığımız məlumata görə, belə faktlara bir illik fəaliyyəti dövründə heç kim rast gəlməyib. Yaxşı, bəs indi nə oldu? Nə dəyişdi? Gözləyirdiniz ki, mən tənqidi yazı yazım, sonra?
Hörmətli ETSN Muxtar Babayev, sizə bir təklifim var. Onsuz da ağac kəsəni mən tuturamsa, maşın yuma məntəqələrindəki problemləri mən tapıramsa, Qum daşıyanları, təbiətimizə zibil ataraq münbit torpaqları bərbad hala salanları mən tapıb aşkar edəcəyəmsə bəs onda 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlikram Qasımov nə işlə məşğul olacaq?
Özünün də şəxsən mənə dediyi kimi, mənim aşkarladığım faktlarla bağlı kimlərisə yalnız cərimələməklə məşğul olacaq?
Hörmətli Muxtar müəllim, bu qədər işçi yalnız bir qəbz yazaraq, kimlərisə cərimələməklə məşğul olmaqla öz işini bitmiş hesab edirsə, sizdən rica edirəm, dövlətimizin büdcəsini havaya sovurmayın.
O qəbzləri mən də yaza bilərəm, bununla da dövlətimizin büdcəsinə xeyli qazanc da, gəlmiş olardı.
…Zaqatala rayonunda uzun illər işlədiyim üçün məni çox adam tanıyır. Bir iki dost-tanış yazdığım tənqidi məqalələrə görə mənə minnətdarlıq edərək, ekologiya sahəsinə xüsusi diqqət ayırmağımı xahiş etdilər. Ancaq söz arası mənə dedikləri iki-üç kəlmə söz məni yaman tutdu: ”Müəllim, keçmiş hərbi komissar hər yerdə deyir ki, mən yeni naziri də görmüşəm, daha mənə ölüm yoxdur. Kim nə yazır yazsın… Jurnalistin işi yazmaqdır, qoy yazsın, bu yazdıqlarına görə məgər mənə irad tutan oldu ki, bundan sonrası da olsun?”.
Əslində, mən Muxtar Babayevi şəxsən tanımasam da, onun rəhbərlik etdiyi sahədəki bir çox insanlarla tanışlığım var. Onlarla söhbət edərkən mənə dedilər ki, Muxtar müəllim çox ciddi adamdır, əgər o, desə ki, meşəni kəsmək olmaz, deməli olmaz! Yüz Əlikram kimi keçmiş komissar gəlsə belə, naziri heç bir vasitə ilə ələ ala bilməz!
Görünən budur ki, yeni nazirin bölgədən qəti xəbəri yoxdur. Əks halda bir komissiya göndərərək, qanunsuzluqların başında kimlərin dayandığını araşdırardı. Hamıya məlumdur ki, Zaqatala-Balakən bölgəsinə də təqaüddə olan keçmiş polis polkovniki rəhbərlik edir. Lakin çox maraqlıdır ki, keçmiş polis rəisinin nəzarət etdiyi qoruq ərazisində polis idarəsi tez-tez əməliyyat keçirməyə məcbiur qlaraq, orada narkotik bitkilər aşkarlayır…
Əslində Ulu öndər meşələrimizə qənim kəsilənlərə qarşı çox ciddi mübarizə aparırdı. Hətta iş o yerə çatdı ki, Ümummilli liderimiz Heydər Əliyev dedi: “Ağac kəsən sanki mənim qolumu kəsir”
Bəli, neçə ki, Ulu Öndər sağ idi, bu məsələ xeyli sakitləşmişdi. Lakin sonradan ETSN-də elə bir sistem quruldu ki, bununla da nə palıda, nə də ki, digər qiymətli ağaclara ürək yandıran tapıldı. Əgər çox hörmətli nazirimiz Muxtar Babayev kəsilən meşələrlə tanış olmaq istəyirsə, mən şəxsən özüm də kömək edərək, onlara bəzi meşələrin necə bərbad hala salındığını göstərə bilərəm.
Aldığım qeyri-rəsmi məlumata görə, bu günlərdə ETSN-nin yeni aparat Vüqar Kərimov meşə mühafizəsi və bərpası müəssisələrinin direktorlarını nazirliyə çağıraraq test edib. Diqqətçəkən odur ki, MMBM direktorları bu testdən “çox razı” qalıblar…
Görəsən, yeni nazirimiz də sələfi kimi “dovşana qaç, tazıya tut deyəcək?!”…
mia.az