Şamaxı başçısı və müavini dindirilə bilər: külli miqdarda mənimsəmə var - Detallar...
29-06-2018, 01:05
Şamaxının icra başçısı Asif Ağayevin sərəncama götürülməsinə az zaman qaldığı xəbəri var
Saytın media üzərindən yaydığı məlumatda belə deyilir.
A.Ağayevin Gədəbəyin, Binəqədinin və Tovuzun icra başçıları kimi yola salınacağı söylənir. Hətta üzərində külli miqdarda mənimsəmə olduğu iddia edilir.
Şamaxının icra hakimi yeyintilərə görə sorğu-sual oluna bilər. Onun və müavini Qasım Qasımovun ayağında büdcə korrupsiyası olduğu bildirilir.
Bununla bağlı anaxeber.az yazıb ki, A.Ağayev bu ilin ilk rübü ilə bağlı keçirilən iclasda yalan məlumatlar verib.
Həm dövlət başçısını, həm Şamaxı ictimaiyyətini aldatmağa cəhd etmiş A.Ağayevin yalanları elə öz çıxışında ifşa edilib.
Belə ki, icra hakimi rayonda iri taxılçılıq təsərrüfatları, yeni turizm obyektləri yaradıldığını qeyd edib, turizmin inkişaf etdirilməsi məqsədilə Şamaxının Dəmirçi kəndi ilə İsmayıllı rayonunun Lahıc qəsəbəsini birləşdirəcək 22 km-lik yeni avtomobil yolunun tikintisinin davam etdirildiyini diqqətə çatdırıb.
Hərçənd ki, bu işlərin heç birinin Şamaxı RİH-nin fəaliyyətinə aidiyyatı yoxdur. Nə turizm, nə aqrar sektorun inkişafı birbaşa İH-dən asılıdır, nə də bu struktur yol çəkir.
O baxımdan A.Ağayev konkret faktlar göstərmədən belə bu ilin birinci rübündə ayrı-ayrı qurumların gördüyü işi öz adına çıxarıb.
Onların başı biznesə, rayonun ən səfalı guşələrində torpaqların varlılara satılmasına, özlərinə villalar tikdirməyə qarışıb.
Sayt yazır ki, başdan-ayağa qırmızı yalanlar danışmış A.Ağayev rayon üçün heç bir iş görmür, aztəminatlı ailələrə kömək etmir, şəhid ailələrini dinləmir, vətəndaşlarla keçirdiyi görüşlər formal olur, kimsə dərd-sərini ona danışa bilmir.
FİA.Az-ın media üzərindən yaydığı məlumatda belə deyilir ki, icra başçısının müavini Q.Qasımov Şamaxını özəlləşdirib.
Onun qeyri-rəsmi səlahiyyətləri icra başçısından daha çoxdur. Q.Qasımov özünü qabağa verərək icra hakimini guya qoruyur. Ona görə bütün qanunsuz işlərdə adı keçir.
Qasım Qasımovun Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyevə yaxın şəxs olduğu bildirilir. Maraqlısı budur ki, Şamaxının sabiq icra başçısı Asif Məmmədov da elə Qasım Qasımovun güdazına gedərək vəzifəsini itirib.
Belə ki, onların arasında açıqlamasına lüaum görmədiyimiz məlum insidentdən sonra Asif Məmmədov icra başçısı postundan uzaqlaşdırmışdı.
Görünür, indiki icra başçısı Asif Ağayev də belə bir sitiuasiya ilə üzləşmək istəmədiyindən 1-ci müavininin nazı ilə oynamaq qərarına gəlib.
Yerli məmurlar və sahibkarlar artıq icra başçısından daha çox Qasım Qasımovla hesablaşırlar.
Məsələn, Şamaxı bazarının sahibi Qasım Qasımova o qədər güvənir ki, o hətta icra başçısına açıq-aşkar meydan oxumaqdan belə çəkinmir.
Bir müddət öncə vətəndaşların ənənəvi qəbulunu keçirən rayonun icra hakimiyyətinin başçısı Asif Ağayevlə bazarın müdiri arasında maraqlı polemika yaşanıb.
Belə ki, icra başçısı "sən kimsən ki, vətəndaşı bazardan qovursan? Bazar heç kimin dədəsindən qalmayıb"-deyə bazar sahibinə müraciət etsə də ikinci onun sözlərinə əhəmiyyət belə verməyib.
Başçının tapşırığına məhəl qoymayan “bazarkom” bazara qayıdan kimi onu gözləyən şikayətçiyə "mən qızıllarımı satıb bazar almışam, gedin başçıya deyin, sizə canı yanırsa, o da yığdığı qızılı satıb yer alıb sizə versin" deyib.
Bundan başqa, anaxeber.az yazıb ki, icra başçısı və müavini Q.Qasımovun Şamaxının Göylər kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsində ciddi yeyintiyə yol verdikləri deyilir.
Bu müqavilənin imzalandığı tədbirdə Şamaxı RİH başçısı, Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Teruyuki Katori iştirak ediblər.
Layihə üzrə müqavilə isə “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev və Səfir Teruyuki Katori tərəfindən imzalanıb.
Layihənin ümumi məbləği 90,118 ABŞ dolları təşkil edib. Bildirilib ki, Bələdiyyələr, tibb institutları və QHT-lərin təqdim etdiyi “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” layihələrinin birbaşa məqsədi Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılmasını dəstəkləməkdir.
Bu tipli layihələr yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin yüksəldilməsi ilə əlaqədar sahələrdə həyata keçirilə bilər.
Hazırkı layihə ilə bərabər bu vaxta qədər layihələr üzrə imzalanmış müqavilələrin sayı 226 və ümumi dəyəri isə 19,313,834 ABŞ dolları təşkil edir.
İddialara görə, bu layihənin icrası zamanı A.Ağayev və Q.Qasımov tərəfindən maxinasiyalara yol verilib.
Odur ki, Nağdəliyevə güvənən Qasımov öz əməllərini davam etdirir, Ağayev isə postundan çıxarılacağı üçün təşviş içindədir.
RİH-nin mövqeyini dərc etməyə hazırıq.