Müstəqim Məmmədov və "Qaçqınkom"un Tərtər rayon nümayəndəliyinin rəhbəri Nazim Səfərov qaçqınları yaddan çıxardıblar -FOTOFAKT
9-07-2018, 08:41
"Balaca bir təkan olsa, zəlzələ baş versə, ya erməni bir mərmi atsa, ev uçacaq"
Tərtər rayonunun Şıxarx qəsəbəsi cəbhənin bir neçə kilometrliyində yerləşir. Qarşı tərəfdəki dağların qoynu od tutub yanır. Düşmən tərəf otlaqlara od vurub yandırır. Xeyli sahəni əhatə edən alovun tüstüsü ətrafa yayılıb. Şıxarxdan ermənilərin ətraf mühitə, təbiətimizə vurduğu zərbəni aydınca görmək olur.
Məcburi köçkün Nəzakət İsmayılovanın evi
Şıxarx ermənilərin atəş mövqelərinə yaxın olduğundan yaşayış üçün təhlükəli olsa da, Azərbaycan dövlətinə olan güvən sayəsində qəsəbədə son illər geniş abadlıq, quruculuq işləri aparılıb. 1176 nəfər məcburi köçkün ailəsi üçün çoxmərtəbəli yaşayış binaları inşa edilib. Yeni inşa olunan qəsəbədə orta məktəb, musiqi məktəbi, uşaq bağçası, xəstəxana binaları da tikilərək sakinlərin istifadəsinə verilib.
Qəsəbədə tikilən binalarda, demək olar ki, məcburi köçkünlərin məskunlaşdırılması işi başa çatmaq üzrədir. Ancaq söhbətimiz zamanı məlum olur ki, məcburi köçkünlərin bir hissəsi bu yerləşdirmədən narazıdırlar. Onlar iddia edirlər ki, Qaçqınlar və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin Tərtər rayon nümayəndəliyinin keçmiş rəhbəri Nazim Səfərovun evlərin bölüşdürülməsini ədalətli aparmayıb.
Evin divarlarındakı çatlar
Sputnik Azərbaycan-a danışan köçkünlər deyirlər ki, mənzillər həyat şəraiti ağır olan məcburi köçkünlərə deyil, pul qarşılığında Bakıda və başqa şəhərlərdə evi-eşiyi olanlara verilib. İndi də həmin evlərin qapıları bağlıdır. Müşahidələrimiz zamanı da məlum olur ki, həqiqətən həmin ünvanlarda yaşayan yoxdur.
Uçmaq təhlükəsi ilə üz-üzə, divarları çat-çat olmuş evdə yaşayan məcburi köçkün Nəzakət İsmayılova da bizimlə söhbət zamanı gileylənir: "26 ildir belə bir yerdə yaşayırıq. İnanmıram ki, olduğum yeri dövlət məmurları görsünlər, ancaq laqeyd qala bilsinlər. Çiy kərpicdən tikilmiş köhnə ev çat-çat olub. Evin arxasındakı dəlmə-deşiklər daha böyükdür. Həyət qapısında belə, müharibənin dəhşətləri aydın görünür. Düşmənin atdığı mərmilərdən dəmir darvazada dəliklər əmələ gəlib".
Kəlbəcər rayonunun Bağlıpəyə kəndindən məcburi köçkün düşmüş Nəzakət İsmayılova Tərtər rayonu, Vasif Hüseynov küçəsi ev 12-də məskunlaşıb. Şıxarx kənd tam orta məktəbində müəllim işləyib.
N.İsmayılovanın ailəsi 6 nəfərdən ibarətdir. 4 övladından 2-si tələbədir. Həyat yoldaşı Arif Əkbərov polis sıralarında xidmət edib. Kəlbəcər işğal ediləndə A.Əkbərov girov götürülüb. Görülən təxirəsalınmaz tədbirlər sayəsində ailəsinə qovuşsa da, əsirlikdə aldığı işgəncələr sağlamlığında ciddi fəsadlar yaradıb. İndi əsəb-sinir sistemində yaranmış xəstəlikdən əziyyət çəkir. Psixotrop dərmanlardan asılı vəziyyətdə yaşayır.
Nəzakət xanım iki tələbə oxutduğunu, onların kirayə pulunu, xərcliklərini çətinliklə əldə etdiyini bildirir. Həyat yoldaşı Arif Əkbərova alınan bahalı dərmanlara da az pul xərcləmirlər: "Elə dərman var ki, qiyməti 300-400 manatdır. Ona görə də əlavə pul yığıb mənzil şəraitimizi yaxşılaşdıra bilmirik. Canını, sağlamlığını qurban verdiyi vətəndə dövlətin tikdiyi binada normal şəraitli evi həyat yoldaşıma qıymırlar. Bizə, ancaq qaranlıq, rütubətli, qəzalı daxmada yaşamağı rəva görürlər".
Məcburi köçkün dözülməz həyat şəraitləri barədə hakimiyyət orqanlarının da məlumatlı olduğunu deyir: "Ceyhun Səfərov Tərtər rayon İcra Hakimiyyətinin başçısı olanda mənzil problemimiz barədə xəbərdar idi. Yazdığımız məktuba cavab olaraq bildirmişdilər ki, gələcəkdə məcburi köçkünlər üçün tikiləcək binalarda mənzillə təmin olunacağıq".
Arif Əkbərova məxsus vəsiqələr
"Ceyhun Səfərovdan sonrakı başçı Müstəqim Məmmədova və "Qaçqınkom"un Tərtər rayon nümayəndəliyinin rəhbəri Nazim Səfərova da vəziyyətimiz barəsində xəbər vermişik. Ancaq onların heç biri problemimizi həll eləmək istiqamətində bir addım belə, atmayıb" – o deyir.
Nəzakət xanım iddia edir ki, mənzilə ehtiyacı olanlara ev vermirlər: "Amma Bakıda, Rusiyada, Tərtərdə villaları, şəxsi evləri olan yerli vətəndaşlar var ki, bizdən fərqli olaraq asanlıqla ev alıblar. Bunların maddi marağı nədir? Belə bir şəraitdə yaşayan zəlil vətəndaşa ev vermirlər".
Həmsöhbətimiz deyir ki, Kəlbəcər rayonundan gələndə ev növbəsi üçün siyahıda 20-ci adam olublar: "Ancaq bilmirəm ki, yeni salınan qəsəbədə evlər verilərkən hansı siyahıdan istifadə olunub. 20-ci olan adama ev verilmədiyi halda, 900 ya 1000-cilər necə açar ala biliblər?"
Tərtər rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş arayış
Hər an təhlükə ilə üz-üzə qalmış ailə bundan sonrakı aqibətlərinin necə olacağını bilmir: "Başımıza nə gələcək, bilmirik. Balaca bir təkan olsa, zəlzələ baş versə, ya erməni bir mərmi atsa, ev uçacaq. Təbii ki, hansımızsa və ya hamımız həyatımızı itirəcəyik".
Ümid edək ki, Əkbərovlar ailəsinin probleminə Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi və digər əlaqədar təşkilatlar biganə qalmayacaq.