Bakıda böyüyən yazıçının Avropada bestsellər olan romanı - O, rus çarına niyə "dünyanın ən bədbəxt adamı" deyirdi?

2-07-2020, 19:36           
Bakıda böyüyən yazıçının Avropada bestsellər olan romanı -
Nicat Kazımovun "Qurban Səid və Çar II Nikolay : İnqilab Qarşısında" yazısını təqdim edirik.

Rusiyanın ən qaranlıq illəri yaxınlaşmaqdadır.

Qızıl tac Çarın ayaqları altında yuvarlanır.

Azadlıq eşqi alovlarla sona çatır.

Çoxlarını aclıq və bədəxtlik gözləməkdədir.

Vəba tərk edilmiş kəndlərdən keçəcək.

İnsanlar xarablıqlardakı evlərindən qaçacaqlar.

Və aclıq bir çox ac insanı öldürəcək.

Göllər yanğın alovlarının işıltısı ilə parlayacaq.

Lermontov hələ İnqilabdan bir əsr qabaq 1829-cu ildə ''Peyğəmbərlik'' adlı poemasında belə yazırdı. Onun şeirindəki təsviri Məhəmməd Əsəd bəy yüz il sonra bütün dünyaya tarixi kitab halında yazdı. Amma bu dəfə hamısı tarixin gerçək üzü idi.

"Çar uşaqları ilə oynamalı, çiçəklərinin qayğısına qalmalı, ancaq İmperiyanı idarə etməməlidir" – çar ailəsinin qeyri-rəsmi baş vəziri Rasputin belə deyirdi.

***

Əsəd bəy obyektiv bir araşdırma etdi və bütün Avropanın böyük maraqla oxuduğu bestselleri – müəllifin dili ilə desək ''dünyanın ən bədbəxt insanı'' Çar II Nikolay haqqında bioqrafik kitabı yazdı.

Öncə bir imperatora - dünyanın ən zəngin insanına, sərvətinin və dövlətinin ucu bucağı olmayan Çara ''dünyanın ən bədbəxd insanı'' deməsinə görə onu qınasaq da, bu qəddar gerçəkliyi Əsəd bəy ''İnqilab qarşısında'' əsəri ilə sübuta yetirdi.

İndiyə kimi Nikolay haqqında bütün dünya ölkələri proqramlar hazırlayıb, tarixçilər kitab yazıb. Qısası, bu mövzu yeni deyil. Bizim mövzumuz Nikolayın həyatını bütün dünyaya çatdıran öz yazıçımız gələcəkdə özünə Qurban Səid ləqəbini götürəcək Əsəd bəydir. Onun yazdığı kitabdır.



Bu gördüyünüz kitabı alman dilindən fransız dilinə Moris Tenin tərcümə edib. 1935-ci ildə tanınmış “Payot” nəşriyyatı tərəfindən nəşr olunub. Fransız oxucu Əsəd bəyi artıq uzun zamandır tanıyır, oxuyur və təqdir edirdi. Bu kitab ilə bir daha Əsəd bəy Avropadaki oxucuları üçün yeni bir böyük iş görmüşdü.

Əsəd bəy bir rəssamın fırçasından çıxan sehrli rənglər kimi Çar II Nikolayın psixoloji portretini çəkə bilmişdi. Çünki ancaq o, çar və sıravi insanın arasındakı uçurumdan, uğursuzluğa düçar olmuş çardan, lakin eyni zamanda ideal bir atadan bu səviyyədə gözəl kitab yaza bilərdi. O, tək Nikolayın portretini Avropalı oxuculara çatdırmırdı. Əsəd bəy 15 yaşınadək Çar Rusiyasında yaşadığından, ölkəyə və əhaləsinə bələd idi, keçmişi onun yaddaşına hopub qalmışdı. Buna görə o, Qızıl Meydanı, altun rəngli qübbələri olan kilsələri, sarayları, opera və balet teatrlarını, amma eyni zamanda dar ağacları qurulan küçələri, şimalın qarlı çöllərini, Kırımın günəşli sahillərini, dumanlı meşələri, generalları, rahibləri, polisləri və inqilabçıları doğru təsvir edə bilirdi. Kitabın strukturunu da gözəl və məntiqli qurmuşdu.

O, kitaba II Aleksandırın dinamitlər vasitəsi ilə törədilən sui-qəsdin nəticəsində öldürülməsi ilə başlayır, daha sonra taxta keçməsi ilə uzun həyəcan verici və keşməkeşli bir Çar həyatından bəhs edir, sonda içə Çar və onun ailəsinin İpatievin evinin zirzəmisində qətliamı ilə bitirir.

Mövzu çox böyükdür. Çünki Əsəd bəy, bəlkə də öz iradəsinə qarşı olsa da, möhtəşəm tarix kitabını yazdı. 1868-ci ildən 1918-ci ilə qədər bütün Rusiyanı, bütün tarixin ən böyük sosial transformasiyasını II Nikolayın timsalında göstərə bilmişdi. Avropalı tarixçilər kitabın bir məqamını tənqid edir: Əsəd bəyin əminliklə mühakiməsini. Yəni, Əsəd bəy bu kitabda ''bəlkə'', ''ya da'' sözlərinə yer buraxmır, dəqiq yazdığını hesab edir. Bu da, təbii ki, mütləq mühakimə etməkdən daima çəkinən tairxçiləri bir az narahat edir. Çünki, Əsəd bəy heç vaxt Çarı görməmişdi və bu səbəbdən psixoloji halını, Nikolayın əhval ruhiyyəsini dəqiq yazmaq qeyri-mümkün idi.



Bəzi tarixçilər Əsəd bəyin Nikolayın şəxsiyyətinə obyektiv yanaşmayacağından da narahat idi. Buna səbəb birinci yazımda danışdığım Əsəd bəyin anasının kommunist olması məsələsi idi. Çünki Əsəd bəyin kitabları dünyaca bestseller olduğunda onun şəxsi həyatı ilə maraqlanan çox insanlar olurdu və o dövrdə Əsəd bəyin verdiyi müsahibələri, yazdığı köşə yazılarını oxumaq Avropalı tarixçilər, romançılar və sıravi oxucular üçün fantastik bir şey idi. Belə ki, artıq Avropalı oxucular çox yaxşı bilirdi ki, Əsəd bəy neft milyonçusu ailəsində doğulub, anası inqilabçıların dostu radikal kommunist olub, özü Qafqazlı mühafizəkar olub. Bütün bunlara görə Əssəd bəyin bu əsərin obyektivlikdən uzaq hesab oluna bilərdi. Lakin zaman keçdikcə hər kəs anlamışdır ki, bu kitab tam bioqrafik tarixi bir əsərdir. Amma o dövrdə Nikolayın hisslərini necə təsvir etməsi daima sual altında qaldı.

Mən bu kitabı oxuyanda və Əsəd bəyin də şəxsi həyatı ilə tanış olduğumda əslində hiss etmişdim ki, Nikolayın timsalında Əsəd bəy öz hisslərindən yazaraq dahiyanə ədəbi bir manevr etmişdir. Amma bunu dilə gətirməyə çəkinirdim. Çünki belə bir şeyə əmin olmaq qeyri mümkün idi.
Məsələn bir məqamda Əsəd bəy II Nikolayın babası II Aleksandrın amansız suiqəsdi nəticəsində öldürülməsi ilə bağlı onun zehnində və ürəyində qalan hisslər ilə bağlı yazır:
“Nikolayın gənc ağlı, sarayın çölündə bombaların, suiqəsdlərin və ölümün olduğuna inanmağa başlamışdı. Babasının suiqəsd ilə amansızca öldürülməsi, özünün də az yaşı olmasına baxmayaraq şahid olduğu intriqalar əlbəttə uşaq ruhunda və şüuraltında sirr dolu izlər buraxacaqdı”.

Bu cümlələr olduqca təsirlidir. Çünki bu II Nikolayın deyil, Əsəd Bəyin özünün hissləri idi. Əsəd bəy həmin vaxt 9 dilə tərcümə olunmuş, beynəlxalq bestseller olduğu üçün məşhurlaşmışdı və bioqrafik əsərlər yazırdı. Amma kitabda üstüörtülü bir tərzdə öz portretini çəkmişdi. Özünü yəhudi bir mühacirdən göstərişli bir müsəlman yazıçı və macəraçı kimi təqdim etsə də, əslində Nikolay ilə öz arasındakı oxşarlıqları dərinləşdirirdi.

Əsəd bəyin bir məktubunda - artıq bu fikirlərin bir mülahizə yox, dəqiq olduğunu görə bilirik. Belə ki, Əsəd bəyə heyran olan bir qadın var idi. O, yarı alman, yarı italyan Mussolini ailəsinə yaxın birisi idi. Şəkildə gördüyünüz qadın elə Pima Andreadır.



Biz Əsəd bəyi araşdırdığımızda Pima Andrea ilə aralarında intellektual bir sevgi münasibəti olduğunu görürük. Aralarındakı münasibət çox yaxın olmasına baxmayaraq, Əsəd bəy öz əsl kimliyini, yəni yəhudi olduğunu, əvvəllər adının Lev Nissimbaum olduğunu ona belə bildirmirdi. Əsəd bəy ölənə kimi öz kimliyini hətta ona dəlicəsinə aşiq olan qadından da gizlətmişdi.

Gördüyünüz məktub Əsəd bəyin nadir əl yazmasıdır. Əsəd bəyin kolleksiyaçısı, dostum alman naşir Hans Jurgen Maurerin arxivindən bu məktubu, həmçinin Əsəd bəyin nadir şəkillərini tapa bildim və şəxsən ilk dəfə Əsəd bəyin öz əlyazması ilə yazılmış məktubu görə bildim.



Gələk məktubumuza. Əsəd bəyin 1940-cı ildə Pima Andreaya yazdığı məktubda deyilirdi:

“Çar ilə mənim xarakterim eynidir. Mən də olsam, onun kimi edərdim”.

Sizinlə paylaşdığım məktubdan bu kiçik fraqmentdən də artıq məlum olur ki, Əsəd bəyin II Nikolay haqqında yazdığı bioqrafik kitab ona görə çox böyük uğur qazanıb ki, o öz xarakterini Nikolayda yazmışdı. Hər ikisi əzab çəkirdi, hər ikisi zənginlikdən yoxsulluğa düçar olmuşdu, hər ikisinin canında xəstəlik var idi, hər ikisi suiqəsdlərə şahid olurdu. Əsəd bəy Bakının kapitalist mədəniyyətinin sarsılması ilə başladığı 1905-ci ilin oktyabr ayında anadan olmuşdu. Həmin ayın 17-də isə Çar II Nikolay artan inqilabçı tələblərin qarşısını almaq üçün xalqına konstitutsion bir sistemə keçəcəyi ilə bağlı saxta söz verir. Ölkənin hər küncündə üsyanlar, yağmalar və qətliamlar yaşanmaqdaydı. Robert Tuckerin yazdığı “Stalin as Revolutionary” kitabından da tanış oluruq ki, Bakı küçələrində Kazaklar at sürür, guya ictimai asayişi qoruyacaqlar deyə Bakı xalqına divan tuturdular. Hələ təzə təzə göz oxşamağa başlayan Bakıda tikilən yeni vilallar əgər arxası zəif olan varlı bir şəxsin idisə, rahatlıqla yağmalanılırdı. Əsəd bəy elə bir anda andan olmuşdu ki, Bakının hər küçəsindən barıt qoxusu gəlirdi, hər addım başı qətliamlar törədilirdi. Bu şərtlər altında qoca neft milyonçusu Nuissimbaum oğlu balaca Əsədi ən yüksək səviyyədə qoruyur və təhsilindən geri qoymurdu. Eyni ilə Nikolayın böyüldüldüyü kimi. Əsəd bəy özünü Nikolay ilə eyni səviyyədə hiss edirdi. Buna görə ən məhrəm hisslərini belə Nikolayın timsalında göstərərək Avropalı oxucuları əsərə heyran buraxmışdı və dövrün tarixçilərini bu əsərlə mat qoymuşdu.

Araşdırdığımızda görürük ki, elə Moris Tenin kimi avropalı ziyalılar bu kitabın təbliğatı ilə məşğul olur ki, I Dünya müharibəsindən sonra monarxları əvəz edən diktatorlar bu kitabdan dərs çıxarsın. Bizim tariximizi dünyaya çatdıran Əsəd bəyin kitabı dövrün dövlət başçılarını belə maarifləndirirdi.

Dostlar bu kitabı da Fransanın arxivindən ona görə əldə etmişdim ki, Fransada yenidən nəşr edim. Bunun üçün kitabın üzünü köçürmək lazım idi. Belə bir faydalı və gözəl işi öz həmyerlilərim ilə etmək istəmişdim. Bu səbəbdən sosial şəbəkədə üz köçürmə ilə bağlı status yazdım və qısa zamanda 30 nəfər könüllüdən müsbət cavab aldım. Bu yoldaşlar Azərbaycan Xarici Dillər Universitetinin, Gəncədəki fransız dili fakültəsinin tələbələləri və müəllimləri idi. Kitabı 7 hissəyə böldüm və səhifə-səhifə skan prosesindən keçirib könüllülərə göndərdim. Onların hamısı kitabın üzünü köçürüb mənə göndərdilər. Bu faydalı işdə öz əməyini əsirgəməyən, heç vaxt tanımadığım dəyərli şəxslərə təşəkkür edirəm. Kitabın üz qabığı belə hazırdır. “Post Covid” dövründə artıq nəşri proqramlaşdırılıb.

Yenidən mövzumuza qayıdaq. Əsəd bəy Nikolayın və ailəsinin qətliamı səhnəsini sənədlərə əsasən yazıb və bu səhnəni ədəbi peşəkarlıqla elə təsvir edib ki, yəqin yazarkən özü də təsir altında olub. Hətta onun qələmi o anda necə tutmasını belə düşünə bilmirəm. Maraqlı gəldi ki, həmin dövrdə fransız qəzetlərində bu kitab haqqında nələr yazılıb. Bunun Fransadakı qəzetlərin toplandığı arxivə, Qallicaya baş vurdum və 1935-ci il 23 noyabr tarixli - dövrün ən çox oxunan “Les Nouvelles Litteraires” - yəni ədəbi xəbərlər qəzetində tənqid bölməsində Əsəd bəyin bu əsərinin fransız tənqidçilər tərəfindən məqalə yazıldığını tapa bildim. Tənqid müsbət idi və bir neçə cümlə də sirli yazıçının həyatından yazmışdılar.

Nikolay haqqında çox filmlər çəkilib, amma bunlardan ən çox bəyəndiyim “Netflix”də yayınlanan ''The Last Tsar'' versiyası oldu. Mən kitabı oxumuş, həmçinin həmin 6 hissəli mini seriala baxan birisi kimi ehtimal edirəm ki, filmin ssenaristləri Əsəd bəydən Çar II Nikolay haqqında yazdığı kitabdan bəhrələniblər. Belə deyim, hadisələrin axarı ilə bağlı qurğu eynidir. Otaqlar eynən Əsəd bəyin yazdığı kimi bəzədilib və filmdəki qətliam səhnəsində, qan damcılarına kimi Əsəd bəyin kitabda təsvir edildiyi kimi verilib. Həmin seriala baxmağınızı tövsiyə edirəm.

Bu yazı ilə bağlı sualınız olarsa, şərhə yazmağı unutmayın. Dostlar, bu kimi mövzularda hazırda “YouTube” kanalımda videolar hazırlamaqdayam. Azərbaycan ədəbiyyatını, tarixini, həm öz dilimizdə, həm də fransız dilində alt yazılı “YouTube” kanalıma yerləşdirirəm. Bu səbəbdən yazımı oxuyan yoldaşları kanalımla da tanış olmağa dəvət edirəm.

Növbəti yazıda və videoda Əsəd bəyin həyatı üzrə araşdırma etmiş, alman ekspertlə müsahibəmi oxuya və eləcə də "YouTube" kanalımdan baxa bilərsiniz.

Şəkillər və məktub Hans-Jurgen Maurerin kolleksiyasına aiddir.(kulis.az)

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.