Hansı hallarda sığorta şirkətləri zərəri qarşılamır?

Bu gün, 08:44           
Hansı hallarda sığorta şirkətləri zərəri qarşılamır?
İnsanlar avtomobil və əmlakını sığortlayaraq gələcəkdə ola biləcək zərərlər zamanı sığorta ilə özlərini zəmanət altına aldıqlarını düşünürlər. Lakin bəzi hallarda sığorta şirkəti dəymiş zərəri qarşılaya bilmir. Bəs sığorta şirkəti hansı hallarda zərəri qarşılamır?

Sığorta eksperti Kamran Babayev Valyuta.az-a açıqlamasında bildirir ki, sığorta növləri fərqlidir və hər sığortanın öz qaydalarına görə ödənişdən imtina etmə halları var: “Avtonəqliyyat vasitələrinin könüllü sığortası iki növ olur: fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası və hüquqi şəxslərə (şirkətlərə) məxsus avtonəqliyyat vasitələrinin sığortası. Bu iki növdə ödənişdən imtinanın əsasları və istisnaları fərqlidir. Fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası üzrə sığorta qaydaları requlyator tərəfindən hazırlanıb və bütün sığorta şirkətləri bu qaydalardan istifadə etməlidir. Həmin qaydalarda ödənişdən imtina halları konkret olaraq qeyd edilib”.

Bəs hansı hallarda sığorta ödənişdən imtina edə bilər?

“Bu hallarda sığorta şirkəti ödənişdən imtina edə bilər: avtomobilin texniki təyinatı üzrə istifadə edilməməsi, avtomobili alkoqolun, narkotik vasitələrin, psixotrop, toksik və güclü təsir göstərən digər maddələrin təsirindən sərxoş vəziyyətdə olan və ya onu idarə etməyə hüququ olmayan şəxsin idarə etməsi, avtomobilin sığorta ərazisindən kənarda istismar olunması, avtomobilin sığortaçının ailə üzvləri, işçiləri və ya ona xidmət edən şəxslər tərəfindən qaçırılması, talanması və ya bunlara cəhd edilməsi və s. Tam siyahı ilə "Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları"-nın 17-ci, 23-cü və 30-cu maddələrində tanış olmaq olar”- deyə ekspert qeyd edir.

Ekspert hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası üzrə isə hər sığorta şirkətinin özünün hazırladığı qaydalar olduğunu və bu səbəbdən də sığorta ödənişindən imtinanın əsaslarının fərqli olduğunu deyir: “Sığortalanmamışdan əvvəl mütləq bu qaydalarla tanış olmaq lazımdır. İcbari sığorta növlərində isə istisnalar azdır, çünki sosial sığorta növlərinə aiddirlər. Məsələn, avtonəqliyyat vasitələri sahiblərinin üçüncü şəxslər qarşısında icbari sığortası növündə avtomobil sahibinin məsuliyyəti sığortalanır. Hər bir vətəndaş məsuliyyətini sığortalamağa məcburdur, çünki söhbət üçüncü şəxsə dəyən zərərdən gedir. Özünə dəyən zərər haqqında hər kəs özü qərar verə bilər – istəyər zərəri bərpa edər, istəməzsə bərpa etməz. Amma üçüncü şəxs münasibətində bunu deyə bilməz, çünki dəyən zərərə görə tam məsuliyyət daşıyır. Bu növdə istisna halları yoxdur, subroqasiya halları var. Daşınmaz əmlakın icbari sığortasında isə istisna hallar qanunun 21-ci maddəsində və Mülki Məcəllənin 50-ci fəslində qeyd olunub. Amma yenə də qeyd edim ki, icbari sığortada istisna halları çox azdır”.

Nəticə etibarı ilə hər bir halda, avtomobilini və ya əmlakını könüllü qaydada sığortalamaq istəyən hər bir vətəndaş sığorta qaydaları ilə diqqətlə tanış olmalıdır. Əgər ehtiyac olarsa, təcrübəli sığortaçıların xidmətlərindən istifadə etməlidirlər. Əks halda hadisə olduğu zaman problemlərlə üzləşə bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru