Dəmir Qapı Dərbənd… İndi o dəmir qapıda… yenə gözyaşları axır… yenə ölüm-itim var…
8-07-2020, 14:49
Bir az uzaqdan gəlim: Dərbəndə niyə dəmir qapı demişlər, bilirsiniz…
Əfsanə deyir… bu qapıdan “yəcuc-məcuc” ( bəzi araşdırmaçılar onları indiki rusların əcdadı sayır) tayfalar hücum edib rifah içində olan yerli xalqı talan edirmiş. Bu üzdən xalq Makedoniyalı İskəndərə şikayət edir.
Dövrün Qüdrətli İskəndəri vəhşi tayfanın yolunu dəmir bəndlərlə kəsir… məkanın adı o gündən bu günə Dəmirqapı Dərbənd qalır…
O dəmir qapı bu gün bağlıdı… amma düşmən üzünə deyil…
Bu yerdə qeyd etməsəm olmur… Makedoniyalının Azərbaycan ərazisində izləri çoxdur… Tərtər çayı üzərində tikdirdiyi bəndin qalıqları bu yaxına kimi qalırmış. Həmin körpünün quruluş tərkibi və qalıqları barədə Həmidə xanım Cavanşirin qeydləri var.
İskəndərin Nüşabə şahla görüşü bir ayrı aləmdi…
Sovet elmi və təhsili şahların bu görüşünün Nizami Gəncəvinin uydurması olduğunu israr edirdi. Böyük Şeyx, Böyük Alim Nizami… tarixi bilmirmiş… uydururmuş… bizim tariximizi "bilən" Lenindi, Stalindi… bir də Putin…
Bizim milli tariximizə işğalçı niyə uydurma deyir, bilirsiniz… bizim məkanda ən qədim zamanlardan belə dövlətin olması, dövlətin başında öz elmi, hikməti, ədaləti ilə qadir bir qadının durması yadelliyə sərf etmirdi.
İskəndərə belə müdrikliyi ilə dərs verən Ana Şah… xanım şahımız vardı... bu, sənin adının belə tarixdə olmadığı zamanlar idi...
Bu gerçəkliyin üstünü torpaqlamaq istəyirdi sovetlər.. Tariximizin milli güvənc səhifələrini pozmaq istəyirdi…
Çünkü tarixində güvən yeri olan milləti, tarixi kimliyini bilən insanı kölə etmək çətindir…
Şah Anamızı, Şah İsmayılı, Cümhuriyyəti… çox nəsnəni… kimlik pasportumuz olan nə varsa danırdılar… və danırlar…
Mətləbdən yayınıb uzaqlara getdim… qüsura baxmayın… yaralı yerimdi…
Sözümün canı… Dəmirqapı Dərbənd… bu gün o qapı yəcuc-məcuc tayfaların üzünə deyil, düşmən qapısında hamballığa vadar olmuş, yumuşaq desək, çörək dalıyca getmiş… indi də geriyə dönməyə məhkum edilmiş soydaşlarımızın üzünə qapalıdı…
Dəmirqapı Dərbənd… evinə dönməyə məhkumların üzünə bağlıdı…
Həftədə 1 dəfə, çərşənbə günlərində 250 nəfər buraxılırmış… amma sırada minlərlə insan gözləyir… aralarında gözləməkdən ölən var. Özü dəmir qapını aça bilmədi. Meyidi açdı…
Döyülüb… yerə sərilənlərimizi də gözlərinizlə gördünüz… Rusiya ləyaqətimizi ayağı altına düzüb göz dağı verdi… iqtidar… qaşını belə çatmadı…
Və yaxın vaxtda Dəmirqapı Dərbəndə axınanların sırası milyona dönüşəcək… əmin olun…
Başqa yolu varmı?
Rusiyada nə qədər əmək mühacirimiz var? Bilirsinizmi? Rəqəmlər rəngarəngdi… Hələ illər öncə “Turan” agentliyinin araşdırmaları 4 milyon deyirdi…
4 milyon!!!
Sizcə o dörd milyonun neçə milyonunu pandeminin gətirdiyi bu bəla vuracaq? Neçə soydaşımız işsizliyin tüğyan etdiyi evinə - Azərbaycana dönmyə məcbur olacaq? Neçə milyon çarəsiz insan özünü bəladan bəlaya vuracaq? Nə sayda qardaşımız, ana-bacımız, balamız… o dəmir qapıda boynunu büküb evinə alınmağı gözləyəcək?
Həftədə bir dəfə 250 nəfərin içəri alınması ilə… bu yara sağalarmı? O karvan o qapıdan keçib bitərmi?
O hesabla o dəmir qapıda neçə yaz, neçə yay, neçə güz… keçər…
İmzasız bir araşdırma yazır:
“Rusiya tərəfi 2020-ci il martın 27-dən sərhədləri bağladı. COVİD-19-un yeni-yeni yayılmağa başladığı mart ayının 18, 19, və 20-də Moskvadan Bakıya təşkil olunan çarter reyslər demək olar, boş yola salındı.”
Araşdırmaçılıq sənətinin indiki dönəmi jurnalistika tarixində belə qalacaq: onlar hökuməti haqlı, vətəndaşı haqsız çıxarmaq üçün dəridən-qabıqdan çıxdılar.
Mart ayında başlayan karantində heç kəs… ən ünlü kahinlər belə proqnoz edə bilməzdi ki, bu iş bu qədər uzanacaq. Bildiyimiz dünyanın görmədiyi bir təcrübədi bu pandemi.
Rusiyaya mühacirət etmək zorunda qalmış azərbaycanlı əmək emiqrantları bu müəmmalı durumda... səfirin çağırırşı ilə... həmən şələ-külələrini yığıb, əzab-əziyyətlə qurduqları işi-gücü, ev-eşiyi buraxıb… onlara işsizlik, yoxsulluq… vəd edən vətənə necə dönəydilər? Əllərində bu günü, bu yazını ehtimal edəcək bir dəlil vardımı?
Onlar ümidli idilər… bütün dünya insanları kimi… ümid edirdilər ki bu da keçər… yaxın bir zamanda həyat əvvəlki axarına dönər. Amma… olmadı… ağlagəlməz işlər oldu…
Beləcə, günlər həftə, həftələr aya döndü… karantin bitmədi… iş yerləri iflas etdi. Əlində olan birikimlə keçinən Azərbaycan vətəndaşının son ümidi öldü… və o, Dərbəndə üz tutmalı oldu…
Dərbənd bu dəfə söydaşımızı bəndə düşmüş qapısı ilə qarşıladı…
İşin faciəli üzü də bu qapıda başladı…
Səfir Bülbüloğlu vətəndaşa çağırış etdi: Sərhədlər bağlıdı gəlməyin…
Vətəndaş dedi: İş yerim bağlandı. Ev kirayəsini verə bilmədim. Katya məni evdən atdı. Son pənahım evə dönmək oldu... Başqa nə edim? Nə məsləhət görürüsən?
Səfir susdu.
Almaniyada mühacir olan qardaşım qızı deyir:
- Almaniyada iş yerləri bağlanıb. Çox adam kirayəsini ödəyə bilmir. Amma ev sahibləri heç nə demir… əksinə, təsəlli verirlər… deyirlər, eybi yox, sıxılma, işlər qaydasına düşər, ödəyərsiniz…
Əlbəttə, Rusiya ilə Almaniyanın bənzəri yoxdu… almanla rusun kültürü fərqlidi…
Qəzetlər yazır: "bu günə kimi 10 000 minə yaxın soydaşımız qapıdan içəri alınıb. İndi vəziyyət sabitdir. Qapıda qalanlar çadırlarda yerləşdirilib"
Dəmir qapıda gözləyənlərdən biri - Xəyal deyir: “Mən Rusiyanın Omsk şəhərindən gəldim. İşimiz dayandı, Azərbaycana qayıtmaq üçün yeganə çıxış yolu kimi sərhədə üz tutdum. Bir az qazancımız vardı onu da burada xərclədik. Artıq iki aya yaxındır ki, Azərbaycana keçmək üçün gözləyirəm”
Taleh deyir: “Mən fəhlə adamam. İş olmadıqdan sonra Rusiyada qalmağın nə mənası var, qalmağa yer də yoxdur. İki aydan çoxdur sərhəddəyəm. Bəzən dünən gələnləri buraxırlar, amma biz qalırıq. Belə olmaz”.
Əhməd deyir: “Bəzilərinin burada vəziyyəti çox ağırdır. Xəstələr var, hətta bir nəfər burada vəfat etdi. Özü gedə bilmədi, amma cənazəsi Azərbaycana aparıldı.”
2 ay dövlətin qapısında qalıb gözləmək nə deməkdi… gözləməkdən ölmək nə deməkdi... anlaya bilirsinizmi?
Bu insanlar nə vaxtacan bu işkəncəni çəkəcəklər?
Ayıb deyilmi?
Günah deyilmi?
Dünyada elə bir nümunə varmı ki, vətəndaş 2 ay dövlətinin qapısında oturub içəri alınmasını gözləsin?
Əgər bunu qəsdən... axını yavaşıtmaq üçün edirsinizsə… mümkün deyil… axışıb gələcəklər…
Qayıdış milyonla olacaq…
Bu reallıqla bağlı dövlət proqramı olmalıdır…
Belə bir proqramın olması dövlətin məsuliyyətidir… borcudur… vəzifəsidir…
Dövlət və onu idarə edənlər məsuliyyətlərini yerinə yetirməlidir…
Məcbur olub vətəni tərk etmiş bu insanlar çalışqan, çapalayan, daşdan çörək çıxaran, zəhmətkeş insanlardır… onlara şərait yaradın…
Onların qayıdışını fürsətə çevirin, istehsalı, kənd təsərrüfatını canlandırın… ölkənin idxal asılılığını azaldın… onsuz da qarşıdan pandeminin körüklədiyi qara qış gəlir…
O insanların yardıma ehtiyacı yoxdur… sadəcə, içəri alın, karantinə götürün…
Həftədə 250 "icad"ına son verin… hər gün alın… modul barınaklara yerləşdirin…
Sonra da işləmək fürsəti verin bu insanlara…
Dövlət vətəndaşına qarşı bu qədər qəddar ola bilməz… olmamalıdır…
Özünüzü o dəmir qapıların arxasında hiss edin…
Dərbəndin dəmir qapılarını açın... o gələn bizimkilərdir... soydaşlarımızdır... çarəsizlərimizdir... yəcuc-məcuc deyil...
Mehriban Vəzir
Teref.az