ŞƏRTLƏR... VƏ ŞƏRTLƏRƏ SIĞMAYAN ŞƏRTLƏR - İRADƏ TUNCAY YAZIR

15-07-2020, 13:14           
ŞƏRTLƏR... VƏ ŞƏRTLƏRƏ SIĞMAYAN ŞƏRTLƏR - İRADƏ TUNCAY YAZIR
Məşhur bir ifadə var İkinci Dünya Müharibəsinə aid – Elbada görüş. Müttəfiq qoşunlar Almaniyanın sərhədlərini keçəndə görüşməliymişlər. Gizli əmr olur: kim olduğuna fikir vermədən əzib keçmək!!! Müttəfiqlər savaş dövründə Stalini çox aldatmışdılar – ikinci cəbhənin açılmasını uzatmaqla. Artıq müharibə sona yaxınlaşanda hazır tortun böyük tikəsini ələ keçirmək üçün qoşulurlar gedişata. Stalin təbii olaraq bunu bilirdi və ordu hissələrinə də elə müttəfiqləri guya tanımadıqları üçün alman-faşist əsgərləri kimi qırmaq əmri verilmişdi . Nə qədər çox irəli getsələr bir o qədər torpaq Qızıl Orduya aid olacaqdı. Uzun illər bu hadisənin üstündən sükutla keçdilər. Kimsəyə sərf eləmirdi açıqlanması...

Müharibənin öz şərtləri var – şərtlərə sığmayan şərtlər. Və təbii ki, güc diqtə edir çox şərtləri . Stalinlə razılaşmağa məcbur idilər. Şərqi Prussiya Sovetin nəzarətinə keçdi böyük miqyasda. Kalininqrad şəhəri haqqında çoxları eşidib, amma bu şəhərin qədim alman şəhəri Keniqsberq olduğunu nə qədər adam bilir? 1945-ci ilin aprelində şəhər güclü döyüşlər nəticəsində (fikirləşirəm nə yazım – işğalmı? İşğal deyil axı, kim çağırmışdı almanları başqa torpaqlara? Fəth deyim? Bu da alınmır ) ələ keçirilir ( bu daha uyğun olacaq). Müharibənin əvvəlində 370 min əhalisi olan şəhərin 1945-ci ildəki sayı 20 min idi . Bombardmanlarda həlak olanlar, qaçıb gedənlər... Və gəlirik əsas məsələyə - Potsdam konfransından sonra müvəqqəti olaraq sovetin nəzarətinə keçən şəhər az sonra qatılır sovetin tərkibinə. Bu dəfə həmişəlik. Əhalisi də Almaniyanın başqa bölgələrinə deportasiya olunur... Hamısı... 1947- ci ildə baş verir bu hadisə... İndi Kalininqradda 4 faiz alman qalıb. Onlar da yəqin o vaxtlar ruslarla evlənib qalanlardı...

Tarixdə belə gediş-gəlişlər o qədər olub ki ... Heç bilmirsən hansını xatırlayasan?! Fraqmentar gəlir yaddaşıma ...

Kipr... Bütün dəniz yollarının üstündə olduğu üçün diqqət çəkən bir yer olub... Qədim yunan və romalılardan tutmuş ingilis krallarına, venesiyalılara, Osmanlıya, Britaniya imperiyasına məxsus dövrləri ... 1960-cı ildə suverenitet qazanır, ardıyca etnik münaqişə ocağına çevrilir.1974-cü il Türkiyə Cumhuriyyəti desant yeridir adaya və iki yerə bölünür... Adamlar ev-eşiklərini qoyub qaçırlar... Hərə bir tərəfdə məskunlaşır... İndiyə qədər də bu yara qanayır...

Etnik münaqişələr mənə görə müharibələrin ən dəhşətlisidi.... İnsanları milli mənsubiyyətinə görə öldürmək hansı məntiqə sığır, anlaya bilmirəm... Lap son vaxtlar Yuqoslaviyanın parçalanmasını izlədik...Yaxın tarixdi ...O vaxta qədər dinc yanaşı yaşayan xalqlar anidən bir-birinin qanını içməyə başladılar... Dünən sevib evlənən adamlar bu gün körpələri öldürdülər... Böyük parçalanmalar həm də böyük faciə deməkdi... Biz də yaşadıq bunları... Kiməsə belə sərf edirdi deyə dağıtdılar və əzabı sadə insanlar çəkir... Mən belə fikirləşirəm – insan üçün könül rahatlığı, məişət rahatlığı hər şeydən önəmlidi. Övladları tox olsun, sağ-salamat olsun, qan-qadadan uzaq olsun... Qalan hər şeyə dözmək olar...

Müharibələrin sonu hər zaman sülhlə bitir. Deyirlər ki, lap ağır şərtləri olan sülh də müharibədən yaxşıdı... Bilmirəm, razılaşımmı bununla?

Bir vaxtlar Lenin Brest sülhünü bağlayanda onu ittiham edənlər çox olub – rüsvayçı şərtlərə razı olduğu üçün. İndiyə qədər də davam edir bu müzakirələr... Hər halda dağılmış ölkəni daha böyük parçalanmadan qurtara bildi. Əvvəldən azadlıq söz verdiyi ölkələr olub – Polşa, Finlandiya kimi. Başqa şərtləri isə zaman və məkan kontekstində həll edib. Məsələn, Atatürklə anlaşıb – 1877-ci ildən Rusiya imperiyasına aid olan Qars vilayətini və ətraf bölgələri verib Türkiyəyə (erməni mənbələri buraları "poteryannaya Armeniya” adlandırır). Halbuki rus əsgəri də qan töküb almışdı həmin yerləri. Qansız qaytardı, anlaşdılar... Bəlkə, anlaşmaq daha məqbuldu? Atatürkdən sonra uzaqlaşdılar bu prinsiplərdən – yurdda sülh, cahanda sülh – deyimindən. Uzaq hədəfləri görə bilmək hər siyasətçiyə xas deyil... Eqolar mane olursa, vətəndaşın zülm çəkəcək ...

Hərənin öz arşını var – hər balaca adamın da, hər böyük dövlətin də. Əgər hər kəs öz kefinə uyğun yox, ümumi qayda-qanuna uyğun yaşasaydı, dünyada hər şey düz olardı. Nə müharibələr olardı, nə dava-şava, nə də narazılıqlar. Ölçü hissini itirən hər hansı şəxsmi, qrupmu, rejimmi, dövlətmi ortaq standartlardan uzaqlaşır və bundan sonra əmələ gələcək münaqişələrə səbəb olur. Bir xalqa məqbul olan, digərinə yaddır. Hətta poetik obrazlar belə eyni qavranılmır. Deyək ki, dilimizin normalarından çıxış edərək kimisə qocaman palıda bənzədirik, ruscaya tərcümədə bunu kimə desək nəticəsi heç yaxşı olmayacaq. Ya da avropalının norma kimi qəbul etdiyi zarafatı şərqli təhqir kimi anlayacaq. Demək, nə qədər ümumi standartlardan danışsaq da hər bir insanın da, xalqın da, dövlətin də öz standartları var. Və hər kəs də öz işini bu ölçülərdən çıxış edərək qurur. Vay o gündən ki, hər hansı ümumi işə xidmət edən qurumların hərəsinin öz ölçüsü yaransın və bu da nəticədə hər kəsin özünün kef standartlarını, normativlərini meydana çıxarsın. Yəni, hər hansı bir yerdə "kefim belə istəyir" prinsipi ilə hərəkət edəndə nəticəsi nə olacaq, özünüz düşünün. Neçə min illərdir din kitabları insanları düz yola çağırır, bəşəriyyətin neçə faizi düzəlib? Neçə min illərdir ədəbiyyat, sənət insanları tərbiyə eləməyə çalışır, nə düzəlib? Konstitusiyalar, qanunlar, cəzalar insanların hansısa bir qismini nədənsə çəkindirə bilir. Böyük faiz öz bildiyini edir və bu şəkildə uğur da qazanır. Arşın kimin əlindədirsə, ədalətin, həqiqətin açarı da onun əlindədir. Ha çığırıb-bağırsanda ki mən haqlıyam, xeyri yoxdur. Güclü kimdirsə, haqlı da odur. İstər xarici siyasətdə, istər daxili. Bununla barışıb yaşamağı öyrənmək lazımdır. Deyə bilərsiniz ki, biz öyrəncəliyik – olsun. Bəzən standartdan kənar standartlara öyrəşmək ağrılı olur. Həmin vaxt atalarımızın bizə miras qoyduğu məsəlləri xatırlayın. Kişilər deyib gediblər, bəhrələnin. Ağa deyir sür dərəyə, sür dərəyə. Sonra da ağa durur, ağacan durur. Bir problem var ki, ağaların sayı çoxdur, hansının sözüynən oturub-durmaq məsələsi ortaya çıxacaq... Standartlardan kənar standartlarla yaşamağın çarəsini tapa bilsəydik ...

Şərtlər... Və onlara sığmayan şərtlər... Ən böyük şərt isə güclü olmaqdı... Və güc də gücdən fərqlənir...

(Yazarın arxivindən)
06 -04- 2016












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.