“BƏYAZ QURDLAR” “QONUR AYI”YA QARŞI və ya “QIŞ MÜHARİBƏSİ”
27-08-2020, 08:26
15 iyun 1807-ci ildə Napoleon Bonapart Fridland yaxınlığında Prussiyaya yardım edən rus ordusunu darmadağın etdikdən 10 gün sonra Fransa ilə Rusiya arasında Tilzit sülhü imzalandı. Sülhün şərtlərinə əsasən Fransa Balkanlarda və Finlandiyada rusları, Rusiya isə Qərbi Avropada fransızların fəaliyyət azadlığını tanıdı. Finlandiyanı ələ keçirmək üçün İsveçlə aparılan müharibədə ruslar qalib gəldilər. % sentyabr 1809-cu ildə İsveçlə imzalanan müqaviləyə əsasən Rusiya Finlandiyanı işğal etdi. Rusiyada çarlıq üsul-idarəsinin süqutu nəticəsində 6 dekabr 1917-ci ildə Finlandiya öz müstəqilliyini elan etdi.
23 fevral 1918-ci ildə fin ordusunun komandanı Qustav Mannerheym Şərqi Kareliyanı da ruslardan təmizləyəcəyinə “qılıncına and içdi”. Estoniya və Şərqi Kareliyanın Rebol əyaləti finlər tərəfindən azad edildi. Geri oturdulan ruslar 14 oktyabr 1920-ci ildə Tartu müqaviləsinə əsasən əzəli fin torpaqlarının xeyli hissəsindən çıxarıldı.
6 noyabr 1920-ci ildə finlərin Kareliyanın şərqini tamamilə azad etmək uğrunda mübarizəsi uğursuzluqla nəticələndi. İkinci rus-fin müharibəsi 21 mart 1922-ci ildə Moskvada sovet-fin sərhədlərinin toxunulmazlığını təsdiq edən sülh müqaviləsinin imzalanması ilə başa çatdı.
Üçüncü rus-fin müharibəsi 30 noyabr 1939-cu ildə sovet qoşunlarının müharibə elan etmədən Finlandiyanı bombardman etmələri ilə başladı. Müharibənin əsas səbəbi rusların finlərdən öz sərhədlərini “Leninqraddan 90 kilometr uzaqlaşdırmaq xahişlərinə rədd cavabı” almaları oldu. Bu dövrdə əhalisi 170 milyon olan SSRİ-nin Finlandiya ilə sərhəddində 1 milyona yaxın canlı qüvvəsi, 3 min tankı, 3800 təyyarəsi olduğu halda, finlərin 350 minə yaxın canlı qüvvəsi (onlardan 12 mini başqa ölkələrdən gəlmiş könüllülər idi), I Dünya müharibəsindən qalmış 30 tankı, 2 zirehli maşını, 114 təyyarəsi var idi.
Tarixdə “qış müharibəsi” adlanan müharibəni tez bir zamanda qalibiyyətlə başa çatdıracaqlarına arxayın olan ruslar, hətta gələcək Finlandiyanı idarə etmək üçün kommunist Otto Kuusinenin başçılıq edəcəyi “hökumət kabineti” də təşkil etmiş, SSRİ ilə bu oyuncaq hökumət arasında “dostluq və əməkdaşlıq haqqında müqavilə” də imzalanmışdı. 3 həftəyə finləri məğlub edəcəklərini güman edən ruslar, böyük itkilər hesabına “ Mannerheym xətti”ni yalnız fevralın 11-də keçə bildilər. Heç bir xarici dövlətdən yardım ala bilməyən, istər sayca, istərsə də hərbi sursat baxımından özlərindən bir neçə dəfə güclü düşmənlə üz-üzə qalan finlər və ağır itkilər verən ruslar sülh danışıqlarına başladılar. 12 mart 1940-cı ildə Moskvada imzalanan müaviləyə görə ərazisinin az bir hissəsini itirən finlər öz müstəqilliklərini qoruyub saxladılar. Rus tarixçilərinin “buz cəhənnəm” adlandırdıqları bu müharibədə SSRİ 333084, Finlandiya isə 25904 nəfər hərbiçi itirmişdi. SSRİ tərəfində yaralıların sayı 246 min, finlərdə isə 43 minə yaxın olmuşdu.
Bu təcavüzkar hərəkətinə görə SSRİ Millətlər Liqasından qovuldu.
Kərəm Məmmədli.
Teref.az