Ağa Məhəmməd şah Qacar bədii əsərlərdə - SON
29-04-2021, 08:30
“Ağa Məhəmməd şah Mustafa xanın Şamaxıda olan bütün əmlakını zəbt etdi, əsgərlərin ənamını isə öz cibindən verdi. Qacar xanının bütün şahlığı dövründə belə şey görünməmişdi. Əhali qarət olunmasın deyə o əsgərlərin ənamını özü verirdi. Sərdar da onu əsgərlər arasında bölüşdürürdü ki, etiraz səsləri ucalmasın. O, ömrünün axırlarında vergi barəsində əhalini heç çətinə salmırdı. Ölkənin hansı bölgəsində fəlakət üz versəydi o il həmin yer camaatını vergidən azad edərdi. Əgər zəruri xərc irəli gəlsəydi, varlılardan zorla pul almazdı, öz əli altında işləyib varlananların malına göz dikməzdi. İranın adi camaatı onun dövründə zülm görmədi. Bu yazılanların mənbəyi və məxəzi Avropa səyyahlarıdir. ...bu məsələdə bir xüsusi marağı olmayan əcnəbi səyyahlarına inanmamağa əsas yoxdur”....Avropa tarixçiləri və səyyahları ...şah Qacarı olduğu kimi təsvir edirdilər. Onun qəddarlığından danışdıqları kimi, camaata mülayim bir padşah olduğunu söyləyirdilər...”
Aşağıdakı mətndə isə müəllif bu barədə fikirlərini daha aydın şəkildə ifadə edərək tamamlayır (4, s. 619-20):
“...hökumət adamlarının məvacibləri müntəzəm surətdə ödənilirmiş. Əgər Qacar xanı xəsis olsaydı, saray adamlarının mallarına göz dikərdi, ancaq onun on səkkiz illik şahlığı dövründə bir dəfə də olsun, belə hadisə görünmədi. Ağa Məhəmməd şah Qacar ədalətli hökmdar idi. Heç bir günahı cəzasız, heç bir xidməti ənamsız qoymazdı... Bütün dövrlərin anlayışına görə Ağa Məhəmməd şah Qacar ədalətli hökmdar idi. ...Alimlər arasında xüsusi hörməti var idi. Ətrafındakılara həmişə şübhə ilə yanaşardı, ancaq səbəbsiz heç kimi incitməzdi. Onun yerinə hər kəs uşaq yaşlarından cürbəcür təhqirlərə, məhrumiyyətlərə məruz qalsaydı, hamıya qarşı mərhəmətsiz olardı. Ağa Məhəmməd şah Qacarın rəhimsizliyi o zamanın rəsminə görə olub ondan kənara çıxmırdı. ...o, qulluqçularının maaşlarını müntəzəm ödəyirdi. Maaşlar şahın öz cibindən ödənilirdi. ...Qacar maliyyə məsələlərində çox səliqəli idi və xəsislik etməzdi”.
Bununla bərabər müəllif şahın bəzən amansız olduğunu da qeyd edir və bunun bir səbəbi kimi məhz onun fiziki çatışmazlığını və bu çatışmazlığa görə təhqirlərə məruz qalmasını göstərir (4, s. 414):
“Ağa Məhəmməd xan təqdirəlayiq sifətlərinə və alicənablığına baxmayaraq xacəliyi ucundan gizli təhqirə və həcvə məruz qalırdı. Bu, onun ürəyində bir məlamət düyünü əmələ gətirmişdi, inkar etmək olmaz ki, onun bəzi amansızlıqları, bu ümidsiz dərdlə bağlı idi. Günahkar adam itaətlə onun qəzəbini söndürəndə Ağa Məhəmməd xan güzəşt edib onun qətlindən keçərdi”.
Müəllif şahın Kirmanda və Tiflisdə törətdiyi qarət və qətliamın onun müsbət cəhətlərinə tarix boyu kölgə salmış olduğunu təəssüflə qeyd edir və bunun səbəbini heç cür izah edə bilmir. Əsərdə şahın Kirmanda törətdiyi qətliam haqqında bu fikirlər deyilir (4, s.489):
“Qacarın Kirman əhalisini kor eləməsi bitərəf Qərb tarixçiləri üçün bir müəmma olaraq qalır. ...Əgər Ağa Məhəmməd xan Qacarın Kirman əhalisini kor etməkdə məqsədi tarixdə ad qoymaq idisə, o öz istədiyinə çatdı, bu əməli bütün yaxşı cəhətlərinin üzərinə elə kölgə saldı ki, indi Şərqdə Ağa Məhəmməd xan Qacarı bir alim kimi tanımırlar. Heç kim demir ki, o, iradəli, savadlı, hətta səxavətli adam olub. Ağa Məhəmməd xan ilk adam idi ki, Nadir şahdan sonra İranı vahid bir ölkə halına saldı. Ondan söz düşəndə hər şeydən qabaq Kirman əhalisini kor etməsi xatırlanır. Onun Kirman faciəsinə qol qoymağı, adını şərq tarixində elə ləkələdi ki, bu ləkə heç vaxt silinmədi. Özündən sonra gələn xələfləri ...də nə qədər çalışdılarsa Kirman faciəsinin qanlı ləkəsini yaddaşlardan silə bilmədilər”.
Lakin əsərin başqa bir yerində müəllif cavab tapmadığı bu sualı özü də cavablandırır, yəni Kirman qətliamının törədilməsinin səbəbini izah edir (4, s. 588):
“Ağa Məhəmməd şah öz xacəliyindən ruhi əzab çəkirdi, bu nöqsanı onun üzünə vuranın qanını tökərdi. Kirman müharibəsində kirmanlılar Ağa Məhəmməd şahı təhqir edib, çox yaraşmaz sözlər dedilər. Bütün təhqirlər də onun xacəliyi barəsində deyilirdi. Zabit və əsgərlərin gözünün qarşısında, onların qulaqları eşidə-eşidə söyüşləri, tənələri yağış kimi yağdırırdılar. Bədbəxt şah odsuz-ocaqsız yanır, tüstüsü təpəsindən çıxırdı. Ancaq əlindən bir şey gəlmir, təhqirlərin qabağını ala bilmirdi. Mühasirə müddətində onun batinində Kirman əhalisinə qarşı böyük ədavət əmələ gəlmişdi. Kirmana qələbə çalandan sonra fərman verdi ki, bütün Kirman kişilərinin gözü çıxarılsın”.
Əsərdə Tiflis müharibəsi haqqında da Kirman müharibəsi haqqında deyilənlərə oxşar fikirlər deyilir (4, s.522):
“Bu müharibə Ağa Məhəmməd xana şərəf gətirmədi və İranın şimal əyalətlərinin əldən çıxmasına şərait yaratdı. Qacar xanı Tiflisə varid olandan sonra əsgərlərinə qətl və qarətə izn verdi. Sonra da onun qabağına çıxan yetmiş nəfər Tiflis sakininin başını kəsdirdi. ...xanın əsgərləri heç kimə rəhm etmədilər”
Müəllif Tiflis qətliamının törədilməsini hətta Rusiyanı Qafqaza girməyə sövq edən amillərdən biri kimi göstərir və bu baxımdan həmin qətliamı Ağa Məhəmməd şahın strateji-siyasi səhvi kimi qiymətləndirir (4, s.536):
“Tiflisə hücum və əhalidə əmələ gələn nifrət, İbrahimxəlil xanın Ağa Məhəmməd xan Qacarın əleyhinə apardığı təbliğat, habelə, Gürcüstan əmirinin Yekaterinadan kömək istəməsi səbəb oldu ki, yarım əsrdən sonra rus imperiyası yenə də İran barədə fikirləşsin”.
Əsərdə Qacar şahının dini tolerantlığı da fakt və misallarla göstərilir (4, s. 621-22):
“Qacar xanı dindar adam idi. ...Başqa məzhəblərdə olanlara güzəşt edərdi, heç kimin haqqı yox idi ki, isəviləri və musəviləri incitsin. Bu qanunu taptayanlar şiddətli cəzalanırdılar. ... Ağa Məhəmməd şah Qacar icazə verdi ki, Tehranda kilsə tikdirib uca səslə tövrat oxusunlar”.
Əsər nə qədər realist bir əsər olsa da burada da şahın qətli haqqında verilən məlumat bəzi başqa mənbələrdə olduğu kimi o qədər də inandırıcı deyil. Belə ki, şahın ölüm cəzasına məhkum etdiyi üç saray adamı (Sadıq xan Nəhavəndi və adı məlum olmayan iki şəxs) cəmi bir keşikçisi olan, qıfıl vurulmamış, qapısı açıq otaqda bir yerdə saxlanılır. Bu şəraitdən və saraydakı nüfuzlarından istifadə edən bu şəxslər isə çox da çətinlik çəkmədən şahı qətlə yetirirlər. Burada müəllifin qatillərdən ikisinin adının məlum olmadığını qeyd etməsi onun mənbə kimi “Qarabağnamə”lərdən xəbərsiz olduğunu göstərir. Belə ki, Ağa Məhəmməd şahın qatillərinin Abbas bəy və Səfərəli bəy olduğu əksər “Qarabağnamə”lərdə eyniylə təkrarlanır. “Sadıq xan Nəhavəndi” adında şəxs isə (“Xacə şah” romanında bu şəxsin adı Sadıq xan Şəqaqidən başqa bir şəxs kimi çəkilir) bu mənbələrdə qeyd olunmur.
Beləliklə Ağa Məhəmməd şah haqqında ən iri həcmli bədii əsər olan “Xacə şah” romanında Ağa Məhəmməd şah şəxsiyyəti müxtəlif tərəflərdən – hərtərəfli elmi biliklərə malik müdrik və iradəli insan, çox bacarıqlı döyüşçü, sərkərdə və siyasətçi, gözəl idarəçilik qabiliyyətinə malik dövlət başçısı, mülayim, əliaçıq və ədalətli hökmdar kimi tamamlanır.
Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” romanında (1936-37) da hadisələr əsasən tarixi faktlara istinadən cərəyan edir və Kərim xan Zəndin ölümünə qədərki dövrdən (1770-ci illərdən) başlayır. Əsərin baş qəhrəmanları Qarabağ xanı İbrahim xan və onun vəziri şair Molla Pənah Vaqifdir. Əsərin əvvəlində Qarabağ xanlığı Şiraz (fars bölgəsi) hökmdarı olan və digər xanlıqları özündən asılı vəziyyətə salaraq dağılmış imperatorluq ərazisində qismən mərkəzi hakimiyyət yaratmış Kərim xan Zəndə tabeçiliyi qəbul etmiş durumda olur. Əsərdə Qarabağ xanlığı tərəfindən Kərim xan Zənd düşmən kimi qəbul olunmur və ona tabeçilik qanuni və təbii sayılır. Onun ölümündən sonra isə mərkəzi hakimiyyət süquta uğrayır və xanlıqlar arasında nüfuz uğrunda müharibələr başlayır. Bu xanlıqlardan biri də Qacar xanlığı olur. Əsərin bu yerlərində Ağa Məhəmməd xan haqqında öz ərazilərini genişləndirmək istəyən bir xan kimi danışılır. Yəni o, nə dost, nə də düşmən kimi qiymətləndirilir. Bu dövrdə Rus imperiyasının Şimali Qafqaza göz dikməsi isə Qarabağ xanlığı tərəfindən qəti etirazla qarşılanır və Rusiya qatı bir düşmən kimi qəbul olunur. Tezliklə Gürcü knyazı İraklininn Rusiya himayəsinə keçməsi (1783-cü il müqaviləsi ilə), sonra isə Rusiyanın daha ağır şərtlərlə Qarabağ xanlığını tabe etmək istəməsi İbrahim xanı hədsiz qəzəbləndirir: (7, s. 563):
“Mən dəfələrlə kömək vеrib, dardan qurtardığım İrakliyə tac gəlsin, pеşkəşlər gəlsin... Mənə də şərtsiz-şürurtsuz təbəəlik təklif оlunsun?! Mən bu günə qalmışam? Mən Pənah xanın оğlu, Ərğun xan övladı?.. Bütün Azərbaycan xanları mənim məsləhətimlə iş görsün, mən kafirə bоyun əyim, qul оlum? Fətəli qancıq, еlə düşmənçilik! Qalsın sənnən mənimki... Əbdilqədir qоduq da ayaq qaldırır. Bunlar hamısı о dönük İraklinin işidir. Yеdin İrəvandan və Gəncədən gələn tümənləri!..”
Lakin Rus-Osmanlı müharibəsinin (1787-91) başlanması Rusiyanın bir müddət Qafqazdan uzaqlaşmasına, yəni Qafqaz planının ertələnməsinə səbəb olur. Bir müddət sonra isə ərazilərini xeyli genişləndirmiş Ağa Məhəmməd xan quzey xanlıqlarından tabeçilik və bunun üçün girov tələb etdikdə Qarabağ Xanlığı bunu öncə qəbul etsə də sonra qəbul etmək istəmir. Əsərin bu yerlərində M.P.Vaqif Ağa Məhəmməd xan haqqında bu fikirləri deyir (7, s. 617):
“...Nadir yеrişi yеrimək istəyir. Parçalanmış İran mülklərini bir yеrə yığıb, özünü, görünür, şah еlan еtmək istəyir. ...Xanlığın mənafеyini güdərək bir yеrə mеyl еtməliyik. ...Mən ki nicatımızı İran kеşməkеşində görənlərdən dеyiləm!”.
Bu vəziyyətdə Qarabağ xanlığı Osmanlı himayəsinə keçməyi daha üstün tutur və danışıqlar üçun Osmanlı dövlətinə elçi göndərilir. M.P.Vaqif göndəriləcək elçiyə bu sözləri deyir (7, s. 618):
“Saniyən, Sultan həzrətlərinə məsələni ətraflı ərz еdəsən; dеyərsən ki, bizi iki оd arasından (əsərin adı olan “iki od arasında” ifadəsi bircə dəfə yalnız əsərin bu yerində işlədilir – Ş.Ə.) qurtaracaq yеganə çarə Оsmanlı himayəsidir. Tеzliklə əsgər göndərməsələr, Axta xan bizi həlak еdəcək və ümməti-islam qan dəryasında bоğulacaq”.
Lakin Osmanlı dövləti daha öncə Qacar şahı ilə Rusiyaya qarşı birgə mübarizə aparmaqda razılığa gəldiyindən Qarabağ xanlığının Qacara qarşı kömək almaq istəyini qəbul etmir. Əsərin bu yerindən başlayaraq Ağa Məhəmməd şah Qarabağ xanlığına bir düşmən obrazına çevrilir. Yəni indiyədək əsasən Zənd xanlığından asılılığı qəbul edərək yaşamış Qarabağ xanlığı indi Qacar xanından asılı yaşamağa razı olmur və onu düşmən kimi görür. Romanda təsvir olunan bu vəziyyət tarixi gerçəkliyi də əks etdirir. Lakin Qarabağ xanlığının bu ziddiyyətli mövqeyinin, yəni neçə illər fars xanlığından asılılığı qəbul etmiş olduğu halda öz soyundan olan türk-Qacar xanlığından asılılığı qəbul etməyib onu düşmən kimi görməsi, öncə Osmanlıya, sonra hətta xristian Rusiyaya meyl etməsinin səbəbi hələ də tarixçilər tərəfindən lazımınca araşdırılmamışdır. Fikrimizcə, Qarabağ və digər Quzey xanlıqlarının bu ziddiyyətli mövqeyinin əsas səbəbi Nadir şahdan sonra imperiya ərazisində vahid, daimi və güclü hakimiyyəti bərpa etmək cəhdlərinin bir neçə dəfə boşa çıxması və belə bir hakimiyyətin bir daha bərqərar olacağına inamın itməsi olmuşdur. Həmin xanlıqlar üçün Ağa Məhəmməd şah Qacar olduğundan daha zəif, Rusiya isə olduğundan daha güclü və hətta daha mülayim (daha yüngül şərtlərlə tabeçilik tələb edən) imperiya kimi görünmüşdür. Lakin tarixdən məlumdur ki, həmin xanlıqlar sonradan bu məsələdə hərtərəfli yanıldıqlarını özləri də anlamışdılar.
Əsərdə nəhayət Ağa Məhəmməd Şahın Qarabağa tarixdən məlum olan 1795-ci il yürüşü baş verir. Şuşanın 33 günlük mühasirəsindən sonra Qacar qoşunları Tiflisə yollanır. Burada böyük uğur qazanan şah Tehrana qayıdır. Bundan sonra İbrahim xan vəziri Vaqifin məsləhəti ilə yenə də müəyyən şərtlərlə Rusiyaya tabeçiliyi Ağa Məhəmməd Şaha tabeçilikdən üstün tutur. Belə ki, bu məsələ ilə bağlı İbrahim xanın çağırdığı müşavirədə Vaqif bu sözləri deyir (7, s. 637):
“Axta xandan qurtarmaq üçün təkcə bir çarə var: Urus himayəsi”.
Xan Vaqifin təklifini qəbul edir və Vaqif rus imperatriçası Yekaterinaya məktub yazaraq müəyyən şərtlərlə rus himayəsini qəbul etdiklərini və rus qoşunlarının Qafqaza gəlməsini istədiklərini bildirir. Təklif qəbul olunur və qraf Zubovun komandanlığında rus qoşunları Qafqaza daxil olur. Lakin rusların əsl məqsədinin Qarabağ xanlığını ləğv еdib оrada Rusiyaya tabе bir еrməni əyaləti düzəltmək olduğu xan və vəzirinə bəlli olur. Bundan sonra xanlıq rəhbərliyi ruslara tabe olmamaq qərarına gəlir. Hətta Zubova sui-qəsd də hazırlayırlar. Lakin sui-qəsd baş tutmur və üstü açılır. Bundan sonra yenidən Vaqifin məsləhətiylə xanlıq tərəfindən Yekaterinanın yanına elçiər göndərilir və müəyyən şərtlərlə ona tabeçiliyi qəbul etməyə hazır olduqları bildirilir. Yekaterina təklifə müsbət cavab verir və hətta Vaqifə qiymətli əsa da hədiyyə edir. Lakin Yekaterinanın gözlənilmədən ölməsi rus qoşunlarının geri dönməsinə səbəb olur.
Bu hadisələrdən sonra – 1797-ci ildə Ağa Məhəmməd şahın Qarabağa ikinci yürüşü baş verir. Əsərdə bu yürüş tarixi reallıqlardan bir qədər fərqli təsvir olunur. Belə ki, burada İbrahim xanın öz dəstəsi ilə Qarabağı tərk etməsindən əvvəl şəhərin mühasirəyə alınması haqqında məlumat verilmir və xanın şəhəri tərk etdiyini eşidən Ağa Məhəmməd şahın müqavimətsiz şəhərə daxil olduğu deyilir. Bu və digər hadisələrin təsviri əsərdə əsasən “Qarabağnamə”lərə istinad edildiyini göstərir.
Romanda daha sonra Ağa Məhəmməd şahın Şuşada qətlinə qədərki hadisələr öz əksini tapır. Şuşaya daxil olan Ağa Məhəmməd şah arıq, cılız, 15 yaşlı uşağa oxşayan, tükü tökülmüş, üzü qırış, gözündən daim su axan bir adam kimi təsvir olunur. Həmçinin o, həddən artıq qəddar, zülmkar, amansız bir hökmdar kimi göstərilir. Hətta onun İbrahim xanın yaxın adamlarına hansı ağır və biabırçı işgəncələri verməsi də açıq təsvir olunur. Bu əsərdə də şahın qətlinin təsviri Ə.Haqverdiyevin pyesindəki səhnəyə oxşardır, yəni reallıqla götürüldükdə inandırıcı görünmür.
Müəllif Ağa Məhəmməd şahın qoşununda türklərin əsas yer tutduğunu əsərin bir yerində qeyd edir (7, s. 630):
“...Оrada əlvan gеyimli, əlvan sifətli, əlvan dilli xalqlar vardı. Türklər, farslar, kürdlər, lоrilər, ərəblər... bir-birinə qarışmışdı. Yaşlılarla bərabər cavan uşaqlar da vardı. İran tоrpağında əli silah tutanların hamısını buraya tоplamışdılar....”.
Yəni müəllif Ağa Məhəmməd şahın bir türk sərkərdəsi, türk hökmdarı olduğunu dolayısı ilə göstərir, lakin onun düşmən yox, türk birliyinə xidmət edən, türk dövlətinin bütövlüyünü bərpa etmək istəyən bir hökmdar olduğu, tarixdən məlum olan elmli, müdrik, siyasətcil, dözümlü, iradəli, vətənpərvər cəhətləri vurğulanmır.
Əlbəttə, böyük yazıcı və ictimai-siyasi xadim Y.V.Çəmənzəminlinin türkçülüyə xidmət edən bir ziyalı olduğuna şübhəmiz yoxdur. Bu romanda Ağa Məhəmməd Şahın şəxsiyyətinin birtərəfli təqdimatı yəqin ki, əsərin məhz sovet dövrünün ideoloji məhdudiyyətləri şəraitində yazılması ilə əlaqədar olmuşdur. Hər halda “İki od arasında” romanında Ağa Məhəmməd şah S.Vurğunun “Vaqif” dramındakı kimi həqarətə məruz qalmamışdır.
Səməd Vurğunun “Vaqif” mənzum dramının (1937) məzmunu ümumilikdə o dövrün tarixinə əsaslansa da, əsərdə təsvir olunan hadisələrin çoxu tarixi reallıqları əks etdirməyərək şairin öz təxəyyülünün məhsuludur. Əsərin baş qəhrəmanları Qarabağ xanı İbrahim xanın vəziri şair Molla Pənah Vaqif və hakim təbəqələrə qarşı sinfi mübarizə aparan üsyançı qaçaq Eldardır. İbrahim xan isə bir zülmkar hökmdar kimi mənfi obrazdır. Eldarla yaxın dost olan Vaqif onun mübarizəsini dəstəkləyir və hətta onun həbsdən azad edilməsinə imkan yaradır. Buna görə xan Vaqifi vəzirlikdən çıxarır və ailəsini dağıdır.
Əsərdə Qarabağa yürüş edən Ağa Məhəmməd Şah Qacar Azərbaycana düşmən, hədsiz dərəcədə zülmkar, vicdanını tamamı ilə itirmiş, bütün bəşəriyyətə nifrət edən, yalnız qan tökməklə həzz alan bir hökmdar kimi təsvir olunur. Şahın bu sifətlərə malik olması həqarətli sözlərlə onun öz dilindən də tez-tez təkrarlanır (6, s. 89):
Ana qarnındakı o qandanam mən...
Bütün kainata qan olsun kəfən!
Mənim vicdanım da, qəlbim də qandır,
Dünya qan üstündə bir xanimandıır.
Onun fiziki çatışmazlığı isə əsərdə yeri düşdükcə həqarətlə vurğulanır. Qəd-darlığının da məhz bu çatışmazlığından doğduğu göstərilir. Buna görə sanki, bütün bəşəriyyətdən qisas almaq istəyir (6, s. 70):
...Bir boynu olsaydı bəşəriyyətin
Onu bir qılıncla vurardım yəqin.
...Məni uşaq vaxtı axtaladılar
Üzüldüm dünyanın hər nemətindən,
Qisas almalıyam bu dünyadan mən!
Müəllif Ağa Məhəmməd şahın Azərbaycanlı olduğunu onun vəzirinin dili ilə bildirir. Lakin guya şah bu adı öz üstündən atır, yəni o, vətəninə və soyuna – Azərbaycana və türklüyə dönük çıxmış bir hökmdar kimi təqdim edilir (6, s. 72):
Qacar:
Yox bir, patavalı çoban bir ölkə
Böyük Firdovsilər yetirdi bəlkə...
Vəzir:
(qorxa-qorxa)
Şahım, siz özünüz... azərbaycanlı...
Qacar:
Nə?.. Mən... Mən.. Mən?
Çoxdandır atmışam onu üstümdən.
Vaqiflə görüşündə də Ağa Məhəmməd şah bir daha türk dilinə qarşı olan, bu dili sevməyən, farspərəst bir hökmdar kimi göstərilir (6, s. 101):
Qacar:
...Ancaq bir şərtim var.
Vaqif:
Buyurun görək!
Qacar:
Gərək fars dilində yazsın sənətkar.
Ağa Məhəmməd şahın Qarabağ xanlığına tabe olmaq haqqında göndərdiyi məktuba Vaqif hələ vəzirlikdən çixmadığı vaxt belə bir həqarət dolu cavab yazır (6, s. 73-74):
Aldıq məktubunu Məhəmməd Qacar
Tərlan oylağında sar ola bilməz.
Bu dünya qalmamış ulu şahlara
Zülm də, zalım da var ola bilməz.
Göydən başımıza odlar da yağsa
Bu ellər baş əyib xar ola bilməz.
Mayan turş ayrandır, zatın qırıqdır,
Söyüd ağacında bar ola bilməz.
Basma ayağını bizim torpağa,
İlandan, əqrəbdən yar ola bilməz!
Şuşaya daxil olmuş və Vaqifi əsir etmiş Qacar şahı ona cəza verilməsini əmr edəndə Vaqif yenə də şaha həqarət edir (6, s. 105):
...Eyb etməz, sizə də çatar bir əvəz,
Qatır cinsisiniz, doğub törəməz.
Qacar şahının Qarabağa yürüşü zamanı Eldarın dəstəsi Vaqifin məsləhəti ilə vətən yad ələ – Qacarın zülmü altına keçməsin deyə ona qarşı da mübarizə aparmağa başlayır və Qacar qoşunlarına hücumlar edir.
Dramın sonunda Qacar şahının öldürülmə səhnəsi tarixi reallıqlardan tam fərqli olaraq müəllifin öz təxəyyülü ilə yazılmışdır. Belə ki, Qacar şahı Vaqifi və oğlu Əli bəyi edam etdirdiyi yerdə üsyançı Eldarın dəstəsi yetişərək onları xilas edir. Hətta Eldar şahın özü ilə də qılınc davasına çıxır, onu yaralayır və qılıncını əlindən salır. Bu vaxt qapıçı şahı arxadan vurub öldürür. Əsərin bu sonluğu sovet ideallarına uyğun olaraq xeyirin şərə, yəni istismar olunan sinfin istismarçı sinfə qalib gəlməsi anlamını daşıyır.
Ümumiyyətlə əsərdə sinfi mübarizə aparan qaçaq Eldar obrazı, onun üsyançı dəstəsi, Vaqifin dinə qarşı çıxması, Ağa Məhəmməd şahla Vaqifin görüşü və b. səhnələr tarixi reallıqları əks etdirmir.
Onu da qeyd edək ki, heç bir başqa bədii əsərdə Ağa Məhəmməd şah Qacar “Vaqif” əsərindəki qədər aşağılanmamış və təhqirlərə məruz qalmamışdır. Bu əsər Sovet dövründə xeyli populyarlıq qazanmış, dillər əzbəri olmuş və nəticədə xalqımızın tarix şüurunda əslində fəxr olunası bir hökmdarımız haqqında çox mənfi, düşmən bir obraz formalaşdırmışdır. Təəssüf ki, Ağa Məhəmməd şahın həmin obrazı şüurlarda hələ də qalmaqdadır.
Aqil Abbasın “Batmanqılınc” romanında (1983) hadisələr Nadir şahın hakimiyyəti dövründən Ağa Məhəmməd şahın qətlinə qədərki zaman kəsiyində cərəyan edir. Əsərdə döyüş səhnələrinin təfərrüatlı təsvirləri xüsusi yer tutur və bu cəhətdən eyni dövrə aid olan digər bədii əsərlərdən seçilir. Burada hadisələrin əsas mərkəzi Qarabağ olsa da, Ağa Məhəmməd şah Qacarın mübarizə yolu və şəxsiyyəti haqqında da xeyli məlumat verilir. Müəllif əsərdə Ağa Məhəmməd şah Qacarın Azərbaycan türkü olduğunu, qoşununun Azərbaycan-türk qoşunu, qurduğu dövlətin də Azərbaycan-türk dövləti olduğunu dəfələrlə vurğulayır. Məsələn, onun siyasi mübarizəsinin tarixi mahiyyəti belə açıqlanır (1, s. 68):
“Kərim xanın ölümündən sonra ...hadisələrin necə şəkil alacağı çox qaranlıq idi. ...Məhəmmədhəsən xanın oğlu Ağa Məhəmməd ...Azərbaycan tayfalarının içində qoşun toplamaqla məşğuldu. Kərim xanın oğlu (əslində qardaşı nəvəsi – Ş.Ə.) Lütfəli xan Zənd də ...şahlıq eşqiylə fars torpaqlarında özünə tərəfdar axtarırdı. Fars tayfaları da onu hakimiyyətə gətirmək üçün hər şeydən keçməyə hazır idi. İran tarixi yaranandan bu günədək neçə yüz illər idi şahlıq taxtı-tacında azərbaycanlılar oturmuş, bütün yüksək vəzifələr də azərbaycanlıların əlində olmuşdu. Kərim xanın hakimiyyətə gəlməsi ilə necə deyərlər, farsların ulduzu parlamışdı və indi hakimiyyəti asanlıqla əldən vermək istəmirdilər”
Romanın başqa bir yerində müəllif həmin fikirlərini daha da konkretləşdirərək Ağa Məhəmməd xanın Zəndlərlə mübarizəsini iki böyük millətin mübarizəsi kimi qiymətləndirir (1, s. 78-79):
“...dağılmış imperiyanı yenidən bərpa edəcək bir kimsə hələ ki, meydanda yox idi. Lakin tarixi şərait belə bir şəxsiyyəti yetişdirməkdə idi. ...Kərim xanın qəfil ölümü həmin şəxsin qılıncını sıyırıb meydana atılmasına bir təkan oldu. ...Taxt-tac uğrunda yenidən şiddətlənən qanlı davalar artıq sülalələr arasında deyil, iki böyük millətin – azərbaycanlılarla farsların arasında gedirdi. Fars tayfalarının başında Kərim xanın oğlu... Lütfəli xan dururdu. ...azərbaycanlılar isə Qacarın qızılbaş bayrağı altında hərəkət edirdilər... Kərim xanın yanında neçə illər ömrünü kitablara bağlayaraq hər bir sirrə dərindən yiyələnən Qacar tez bir zamanda güclü və nizami qoşun yarada bilmişdi”.
Bütün bu fikirlərin məntiqi davamı kimi yazıçı əsərdə Qacar qoşunu ilə Qarabağ xanlığı qoşunu arasında olan döyüşlərin eyni millətin və eyni yurdun övladları arasında getdiyini dönə-dönə və təəssüflə vurğulayır. Məsələn (1, s. 7 və s.143):
“Bir göyün altında, bir adada yaşayıb, bir anadan doğulanlar, bir kişinin belindən gələnlər idi bu qırıb-qırılanlar. Qardaş qardaşı qılınclayırdı, qardaş qardaş balasını nizəyə keçirirdi, doğulduğu obaya od vururdu”.
Digər yerdə (1, s. 114):
“...qana susamış qılınclar qınından sıyrılmışdı... Bir himə bənd idi ki, eyni yurdun bu qanlı igidləri bir-birlərini ac qurd kimi parçalasın... cəmi düşmənləri xoşbəxt eləsin”.
Yenə də bu fikirlərin məntiqi davamı kimi müəllif Azərbaycan xanlarının apardığı siyasəti tarixi məntiqlə bu cür qınayır (1, s.87):
“İndi Azərbaycan xanları qılınclarını birləşdirmək və boş qalmış İran taxt-tacına yiyələnmək (məhz bunun üçün, “düşmənə qarşı mübarızə aparmaq üçün” yox – Ş.Ə.), vahid bir dövlət yaratmaq haqqında deyil bir-birilərinin torpaqlarını ələ keçirmək barədə düşünürdülər”.
Burada müəllif incə bir məqama toxunub. Xanların biri-biri ilə düşmən olması sovet tarixşünaslığında da pislənir, amma başqa tərəfdən. Belə ki, onlar birləşib işğalçıya – İran şahı Qacara (halbuki Qacar düşmən deyildi, onlardan biri idi) qarşı mübarizə aparmamaqda ittiham edilir. Burada isə müəllif Azərbaycan xanlarını İran taxt-tacının özünü ələ keçirmək iddiasında olmamaqda ittiham edir. Yəni xanların başqalarının ərazisini işğal etməsinə o vaxt bəraət qazandırmaq olar ki, onlar bunu şahlığı ələ keçirmək, dağılmış imperiyanı bərpa etmək məqsədi ilə etsinlər, əks halda bu vahid dövlətçiliyimizə qarşıdır. Yəni gücün varsa, onu ara müharibələrinə sərf etmə, imperiyanı bərpa et, şahlığı ələ keçir, özün şah ol. Buna gücün yoxdursa ölkəni birləşdirmiş şaha itaət etməlisən. Bu mövqeyi ilə müəllif Azərbaycan dövlətçiliyinin xanlıq səviyyəsinə endirilməsinə qarşı çıxmış olur və Azərbaycan xalqının imperiyalar qurmuş və məhz imperiyaya layiq bir xalq olduğunu bildirir. Bu yeni tarixi-konseptual baxışları ilə A.Abbas əsərin yazıldığı dövrü, o dövrün tarixşünas¬lığını çox-çox qabaqlamışdır və roman bu cəhəti ilə hər cür tərifə layidir!
Əsərdə Ağa Məhəmməd şah həmçinin bacarıqlı sərkərdə və dövlət başçısı, ağıllı, müdrik, ədalətli, mərd, sözü bütöv, könüllü itaət edən əhaliyə toxunmayan, namus məsələsində biqeyrətlik etməyən bir hökmdar və şəxsiyyət kimi təqdim olunur.
Onun dövlət quruculuğu siyasəti əsərdə aşağıdakı kimi təsvir olunur (1, s. 81):
“Qacar qarşısına qoyduğu böyük amala çatmaq üçün bir neçə vacib məsələni təxirə salmadan həyata keçirməyi lazım bilirdi.
Birincisi, bütün xalqları və məşhur nəsilləri tamamilə öz iradəsinə tabe etmək və ölkəyə Qacar hökmranlığının sonsuz olduğunu bildirmək. Qacar gözəl başa düşürdü ki, ...çoxu məcburiyyət üzündən onun şahlığını qəbul ediblər, ...yenidən onun düşməninə çevrilə bilərlər.
İkincisi, ...köhnə hökumət üsul-idarəsinin yerində, ölkəni ağılla idarə edə biləcək yeni bir hökumət yaratmaq...
Üçüncüsü, uzun sürən müharibələr xalqı boğaza yığmışdı. Xüsusiylə xanların özbaşınalıqları, zülmləri və ölkədəki qanunsuzluqlar kəndliləri zinhara gətirmişdi. ...xalqın narazılıqları gün-gündən artır, yerlərdə kəndli üsyanları baş verirdi. Bu işləri yoluna qoymaq və hardasa xalqın ürəyini ələ almaq lazım idi.
Axırıncı, ən başlıcası isə ölkəni birləşdirmək, vahid, qüdrətli bir dövlət yaratmaq. Xanların bir çox hüquqlraını ləğv edərək bütün hakimiyyəti mərkəzləşdirmək.
Bütün bunları isə yalnız qılınc gücünə eləmək mümkün deyildi. O, nə qədər sərt və qəddar olsa da hərdən güzəştə getməyi də lazım bilirdi. ...Qacar onu da bilirdi ki, insan deyilən məxluq zülmə tabe olsa da, zülm çox çəkməz. Elə ki zülm ərşə dirəndi, xalqın qəzəbini heç bir qılınc boğa bilməz. Ona görə də şahənşah bəzən qılınc kəsməli olduğu şeyi ağıl ilə kəsirdi”.
Əsərdə Qacarın Nadir şahla müqayisəsi də verilir və dövlət idarəçiliyində Nadir şahın buraxdığı səhvləri Qacarın buraxmadığı göstərilir (1, s. 97):
“Nadir şah ölməkdə olan İran imperiyasını yenidən dirçəltmiş, ucsuz-bucaqsız böyük bir dövlət yaratmışdı. Lakin Nadir şahın ölümüylə bu böyük dövlət parça-parça olmuşdu. Qacara görə əgər şahın ölümündən sonra dövlət məhv olurdusa, demək şah öz siyasətində hardasa hiss olunmayan incə bir səhv buraxıb. İndi Qacar Nadir şahın buraxdığı həmin səhvi təkrar etməmək üçün gecə-gündüz yollar axtarırdı. ...hələ ki, səhv gedişlər eləməmişdi”.
Romanda Ağa Məhəmməd şahın Qarabağa yürüşü bir yadellinin işğalçılığı kimi qiymətləndirilmir, əksinə bu yürüşün ölkənin bir hissəsində baş qaldırmış separatizmin qarşısını almaq, dövləti bütövləşdirmək və daha da güclü etmək məqsədi daşıdığı əsərin bir neçə yerində vurğulanır (1, s.192):
“...Qacar təkcə qılıncla deyil, bacarıq və siyasət hesabına bütün maneələri dəf edərək tezliklə hakimiyyəti əlinə keçirmiş, parça-parça olan İranı birləşdirərək güclü bir dövlət yaratmışdı. ...Lakin Araz çayından yuxarı xanlıqlar heç cürə Qacara rahatlıq vermirdilər. Bu xanlıqların mənəm-mənəm çağları keçsə də, ...Qacarla birləşmək istəmirdilər. ...Bu xanlıqların Allahı bir idi özləri ayrı... Qacar da bu ayrı-ayrı xanlıqları birləşdirmək, bir bayraq altında yığmaq eşqiylə yaşayırdı. Onda Qacarın qarşısında heç bir dövlət duruş gətirə bilməyəcəkdi. Bunun ətraf ölkələrin hökmdarları da hiss eləmişdi. Ona görə də bütün gücləri ilə... araya nifaq salmağa çalışırdılar.”
Qacar şahının bu amalı onun öz dilindən də ifadə olunur (1, s.182):
“Heç o boyda Tiflisi darmadağın edib, oda qaladım, bir belə adamım qırılmadı ki, bu xaraba Şuşada qırıldı. ...türk ki türk! Nə ölümdən qorxurlar, nə də Allahdan. Kaş onları da öz qoşunuma qata biləydim. Onda bir kimsə önümdə duruş gətirə bilməzdi. Eh, biçarələr, hardan bilsinlər ki, mən onlara nicat gətirmışəm. Görünür mənim adamlarım zəifdirlər, fikirlərimi xalqa yaxşı çatdıra bilmirlər. Mənim onlara məhəbbətim olmasaydı, Qarabağı da Tiflis kimi od qoyub odlayardım da. ...mən Qarabağı Azərbaycanın ən cənnət guşəsinə çevirmək istəyirəm. Şuşa mənim ikinci paytaxtım olmalıdır. Burdan baxanda bütün Azərbaycan görünür. ...Bütün Azərbaycansa mənə hay verməkdənsə mənimlə vuruşur. Kafirlər gəlib kəsdiriblər qulağımızın dibini, ...bunları Azərbaycandan qovub çıxarmaq lazımdır! Amma necə? Bu qoşunla onların qabağına çıxmaq olmaz, ...Gərəkdir ki, bütün səltənət mənim əlimdə cəmlənsin və vahid dövlət yaransın. ...Necə olur-olsun yaradacağam. Yanı Şah İsmayıl qılıncı mənimkindən kəsərliydi?! Yoxsa monqollar mənim döyüşçülərimdən igid olublar?! Ya ulu Teymur məndən ağıllıydı. Allah... Sən bu müsəlmanların ürəyinə işıq və məhəbbət sal ki, məni qoyub özgəsinin ətəyindən yapışmasınlar...”
Cəsur döyüşçü, Qarabağ qoşununun əsas sərkərdəsi olan Məmməd bəy Cavanşirin məhz Qacar ordusunun sərkərdəsi olmağa layiq olduğu və Qacarın bunu arzu etdiyi də əsərin bir neçə yerində vurğulanır (1, s.184):
“...Yəqin ki, belə bir igid (Məmməd bəy nəzərdə tutulur – Ş.Ə.) onun sərkərdəsi olsa, qoşunlarını yürüşə aparsa, Qacarın zəfər döyüşləri saya gəlməzdi”.
Əsərdə Ağa Məhəmməd şah müharibədə düşmən tərəfin ailə namusuna toxunmayan mərd bir hökmdar kimi təqdim olunur. Belə ki, Şuşaya daxil olmuş Ağa Məhəmməd şah Qarabağ xanının qardaşı oğlu Məmməd bəyin könüllü təslim olmayacağı təqdirdə onun bacılarını sərbazlarının ixtiyarına verəcəyini deməsinə Məmməd bəyin özünün münasibəti bu cür olur (1, s.184):
“Əslində Məmməd bəy çox yaxşı bilirdi ki, Qacar heç vədə namərdlik edib onun bacılarına qarşı binamus iş tutmaz, sadəcə olaraq Qacar onun damarını tutub, – qeyrət damarını. Məmməd bəyi yanına gətirmək üçün bundan yaxşı vasitə ola bilməzdi və bəy bunu çox gözəl başa düşürdü”.
Qacar şahının bu mənəvi keyfiyyəti onun öz vəziri ilə dialoqunda da özünü göstərir. Şuşaya daxil olmuş Qacarın qoşununa arxadan hücumlar edən və hətta əsgərlərinin qulaqlarını kəsən Məmməd bəy haqqında şah bu sözləri deyir (1, s.182):
...Mən mərdlik elədim, onun heç bir qohum-əqrabasına, əyalına toxunmadım bu da onun əvəzi...
Vəzir qorxa-qorxa dedi:
- Qibleyi-aləm, bacıları ki, sənin əlindədir!
Qacar ...üz-gözünü turşutdu:
- Oğraş-oğraş danışma!
Şahın qətlinin təsviri bu əsərdə də digər mənbələrdə olduğu kimi o qədər də həqiqətə uyğun görünmür. Belə ki, şah qoşun başçısı Sadıq xan Şəqaqini, təslim etdiyi Məmməd bəy Cavanşırı və iki saray adamını – Abbas bəyi və Səfərəli bəyi sabah öldürəcəyini deyir (hansı səbəbdən bu qərarı verdiyi bilinmir). Bunu təsadüfən eşidən Səfərəli bəy şahın dediyini ölümə məhkum olunmuş digər üç nəfərə çatdırır. Onlar isə sarayda nüfuz sahibləri olduqlarından asanlıqla şaha qarşı sui-qəsdi təşkil edirlər.
Beləliklə, demək olar ki, A.Abbas bu əsərində həm o dövrün tarixi hadisələrinin, həm də Ağa Məhəmməd şah Qacar şəxsiyyətinin layiqli qiymətini köklü bir şəkildə vermişdir. Bu cəhətdən əsər yüksək səviyyədə tərifəlayiq bir əsərdir.
Nüsrət Kəsəmənlinin “Yaddan çıxmaz Qarabağ” poemasında (1991) Ağa Məhəmməd şah həddən artıq qəddar, Azərbaycana düşmən, işğalçı, müharibədə əsirlərlə çox amansız rəftar edən bir hökmdar kimi təsvir olunur (5, s. 12-13):
...Qana susamışdı o qatil, qana,
Doldurub doyunca içə bilmirdi.
...Soyuq baxışlarla süzdü onları
O qızıl libaslı ilandı, nədi?
Hiddətlə göstərib yaralıları
– Qulaqları boyda doğrayın, – dedi.
....Od tutub alışan vəhşi qəlbinə
Çilənən bir ovuc sərin suydu bu,
– Doğrayın!!! Doğrayın!!! – deyirdi yenə,
Bir xalqı doğramaq arzuzuydu bu.
Əsərdə Ağa Məhəmməd şahın yatağında öldürülməsi onun öz vəhşi əməllərinə görə layiqli cəzası kimi qiymətləndirilir. Yəni, onun qətli ilə bir növ haqq-ədalətin öz yerini tutduğu göstərilir (5, s. 13-14):
Qan ilə dolmuşdu qılıncın qını,
Başa gətirdiyi başına gəldi.
Nəfəsi soyudan buz yastığını
Son dəfə qanıyla isidə bildi.
...Karvanın önündə bir tabut gedir
Qoşun nə aparır ölümdən qeyri.
Tabutun içində bir kabus gedir,
Qanlı başı yatıb bədəndən ayrı.
Lirik-dramatik bu poemanın əsas qəhrəmanı Qarabağ xanının qızı Ağabəyim ağadır. O, Ağa Məhəmməd şahın qətlindən sonra paytaxt Tehranda şahlıq taxtında oturmuş Fətəli şah Qacara məcburi ərə gedir və orada öz “vətən”inə – Qarabağa həsrət qalır. Əsərin əsas mövzusu da məhz Ağabəyim ağanın nakam taleyi və onun “vətən həsrəti”dir. Burada sovet tarix konsepsiyasına uyğun olaraq “vətən” anlayışına separatçı mövqedən yanaşma özünü göstərir, başqa sözlə “vətən” anlayışı kiçildilərək xanlıq səviyyəsinə endirilir. Əslində Qacarlar dövləti də bizim öz dövlətimiz, şahları da öz şahlarımız olduğu kimi, paytaxtı da vətəndən kənar bir yer deyildi. Qarabağ vətən yox, vətənin bir bölgəsi ola bilərdi.
Poemada nəinki bu yanaşma özünü göstərmir, hətta Qacarlar dövləti düşmən və işğalçı bir dövlət kimi qəbul edilir və quzey xanlıqlarının birləşib ona qarşı mübarizə aparmaması təəssüflə vurğulanır. Məsələn, əsərdə Qarabağ xanı İbrahim xan hələ Tehrana getməmiş qızı Ağabəyim Ağa ilə belə bir söhbət edir (5, s. 15-16):
–Sevinmək tezdir hələ
Düşmən başsız qayıdır,
Kim isə şah olacaq
Bilirsiniz qaydadır...
Qoyacaqlarmı bizdə
O ilanın qanını?
Bundan sonra qılınclar
Çətin tapa qınını.
Dalğa kimi geriyə
Çəkilərək hiddətlə,
Qabarıb gələcəklər
Daha quduz nifrətlə.
Bizsə yorğun düşmüşük,
Daşlar da yaralıdır...
–Az olmağın dəhşəti
Görürsən, ata, budur.
İttifaq bağlansaydı
Qonşu xanlıqlar ilə...
–Öz başını qoruyur,
Birliyin qüdrətini
Duymayır millət hələ...
Əslində isə tarixdən məlum olduğu kimi Qacar şahının Arazdan quzeyə olan birinci yürüşündə Gəncə, Şəki və Dərbənd xanlıqlarından başqa qalan xanlıqlar ona qarşı qismən də olsa birləşmişdi. Bu yürüşdən sonra isə Dərbənd xanlığından başqa bütün xanlıqlar Qafqaza daxil olan Rus qoşunlarına müqavimət göstərməyərək Rusiya himayəsinə keçməyi üstün tutmuşdular. Bu, sovet tarix konsepsiyasına görə vətəni işğalçıdan qorumaq kimi qiymətləndirilsə də, əslində separatizm idi.
Ümumiyyətlə, poemada təsvir olunan Ağa Məhəmməd şahın Şuşaya girə bilməməsi, şəhərdən kənarda öz çadırında öldürülməsi və cənazəsinin öz qoşunu ilə geri qayıtması hadisələri real tarixi hadisələrdən kəskin fərqlənir.
Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” pyesində (2005) Ə. Haqverdiyevin yuxarıda haqqında danışdığımız pyesindəki kimi Qacar şahınının şəxsiyyəti müsbət tərəfdən qiymətləndirilir. O, hərtərəfli elmi biliklərə malik, həmişə ədaləti gözləməyə çalışan, dövlətin möhkəmliyini və daimiliyini hər şeydən üstün tutan, nəfsini boğan, fiziki qüsurunu uca əməlləri ilə unutmağa çalışan müdrik bir hökmdar kimi təqdim olunur.
Ağa Məhəmməd Şahın bir hökmdar kimi verdiyi cəza və mükafatların ədalətə söykəndiyi onun öz dilindən belə izah olunur (3, s. 534):
Qacar: Bütün İran bilir ki, Ağa Məhəmməd şah Qacar nahaq cəza vermir, nahaq da mükafatlandırmır. Xəyanətə öz çəkisində cəza, xidmətə isə xidmətin özündən qat-qat üstün mükafat. Budur mənim ədalət tərəzim.
Ağa Məhəmməd şahın hərbi uğurlarına görə bəlkə də ən çox borclu olduğu şəxs olan cəsur və sədaqətli qardaşı Cəfərqulu xanı sonradan öldürtməsi onun həyatda bəlkə də ən bağışlanılmaz günahı, ən ədalətsiz hərəkəti kimi bilinir. Cəfərqulu xanın həqiqətən bu cəzaya layiq olub olmaması tarix üçün həmişə bir sual olaraq qalır. Doğrudanmı, şaha həmişə sadiq qalmış Cəfərqulu xan ona xəyanət etmiş və şahlıq iddiasına düşmüşdü? Doğrudanmı şah onu öldürtməsəydi dövlətin bütövlüyünə xələl gələrdi? Doğrudanmı məsələni başqa cür həll etmək mümkün deyildi? Bu suallara Cəfərqulu xanın özündən dəqiq heç kim cavab verə bilməzdi. Əsərdə həmin suallara məhz Cəfərqulu xanın dilindən şaha bəraət qazandıran cavab verilir. Belə ki, Cəfərqulu xanın ruhu anası Ceyran xanımın və şahın yanında öz xəyanətini etiraf edir və şaha haqq qazandırır. Yəni əsərdə Qacar şahına ən mübahisəli bu məsələdə də bəraət qazandırılır.
Pyesdə Qacar şahının hakimiyyət hərisi olmadığı, ilk növbədə dövlətin möhkəmliyini, bütövlüyünü və daimiliyini düşündüyü xüsusi vurğulanır. Belə ki, Qarabağda qazanacağı qələbədən sonra dövlətin bütövlüyünə nail olacağını, yəni öz əsas missiyasını yerinə yetirmiş olacağını düşünən şah, artıq şahlıqdan əl çəkəcəyini, tacı öz vəliəhdinin başına qoyacağını, özünün isə ömrünün sonuna kimi mütaliə ilə, kitab yazmaqla məşğul olacağını deyir (3, s. 547-548):
Qacar: Qarabağ səfərindən sonra şahlıq tacını qoyacam əziz vəliəhdimin başına. Adın da olacaq Fətəli şah Qacar. ...Qalan ömrümü ibadətə və kitablar yazmağa sərf edəcəyəm...
Sonra Şah öz vəliəhdi Xanbabaya ədalətli dövlət idarəçiliyi haqqında öz müdrik məsləhətlərini verir (3, s. 548):
Qacar: ...Xanbaba, yola düşməzdən əvvəl sənə bir para nəsihətim var. Əvvəla, ədalətli ol, əhalini vergi ilə boğma, həddi bil. Saniyən, günahı cəzasız, xidməti mükafatsız qoyma. Məcbur olmasan müharibə aparma.
Qacar şahının öz xalqını sevən, ona qılınc çəkməyən, xalqına əziyyət vermiş düşmənə qarşı isə amansız davranan bir hökmdar olduğu onun Şuşa şəhərinin axundu ilə söhbətindən bəlli olur. Söhbətdə Axund şəhərin müqavimətsiz təslim olacağı təqdirdə şəhər əhalisinə qarşı qırğın və talançılıq törədilməyəcəyinə təminat almaq istəyir. Şah isə ona özünün ədalət və xalqına sədaqət prinsipləri ilə cavab verir (3, s. 551):
Axund: Şəhər əhli şəhriyarın qəzəbindən qorxur.
Qacar: Bu qorxunun əsası nədir? Mən elçilərim vasitəsiylə bildirmişəm ki, Şişə camaatı ilə işim yoxdur, mənim haqq-hesabım İbrahimxəlil xanladır ki, o da qaçıb. Mən qanı qanımdan, dili dilimdən olan müsəlman camaatına divan tutacaqdım nahaqdan?
Axınd: Şəhriyarın Tiflisə tutduğu divan camaatımıza bəllidir. Şəhərdə vahimə var.
Qacar: Gəncə əhlini qılıncdan keçirib ağır şərtlərlə bütün Gəncəbasarı özünə tabe eləyən, Urusiyyət məlikəsinə güvənib İrana meydan oxuyan İraklinin başına tumar çəkməliydim mən? Mən axı dedim ki, Şişəni könüllü təslim etsəniz camaatınız mənim amanımdadır. Deməmişdimmi, şeyx Cəfər?
Nadir şahdan fərqli olaraq Ağa Məhəmməd şahın sui-qəsd nəticəsində öldürülməsindən sonra dövlətin öz bütövlüyünü uzun illər qoruyub saxlaması digər əsərlərdə olduğu kimi bu əsərdə də Ağa Məhəmməd şahın dövləti daha möhkəm və etibarlı təməllər üzərində qurmuş olması ilə əlaqələndirilir. Qacar şahının bu üstünlüyü şahın öz dilindən belə ifadə olunur (3, s. 554):
Qacar: Xudavəndi-Aləm, verdiyin sənindir deyib, vermədiyinsə heç kimin, necə ki, Nadirin xəzinəsini Zəndiyyələr darmadağın elədilər. Amma mən israfçılıq da eləmədim. Xanbaba Cahanbaniyə dolu bir xəzinə və saat kimi işləyən elə bir üsuli-idarə, vəhdəniyyət tapmış elə bir xanəgah qoyub gedəcəyəm ki, uzun illər şahlıq tacını başında saxlaya bilsin, inşallah!
Pyesin sonunda Qacar şahının nitqində onun ağıllı, fəhmli, bacarıqlı, güclü, cəsarətli, iradəli, ədalətli, nadır və dahi bir şəxsiyyət olması ümumiləşdirilərək bir daha təqdim olunur (3, s. 562):
Qacar: ...mən təslim olmadım taleyin istehzasına, ...mən öz naqisliyimin əvəzini hakimiyyət, hökm, şahlıq taxtına sahib olmaqla xudavəndi-aləmdən mükafat kimi aldım. Mənə ...həqarət edənləri zəlil elədim, qanı qanımdan olan insafsız qardaşlarıma, fürsət düşən kimi mənə diş Qıcayan Qacarlara sübut elədim ki, kişi olmaq üçün uşaq əkmək azdır, kişilik təpər, cəsarət, ağıl və fənddədir. Necə ki, bütün kürreyi-ərzdə şahlıq taxtına çıxan yeganə xacə mən oldum. Bütün deyilənlərə rəğmən on səkkiz ildir adına İran deyilən bir məmləkətdə Farsı və Azərbaycanı bir elədim, elə bir vəhdəniyyət yaratdım ki, uzun illər xalqı zinhara gətirmiş hərc-mərcliyə xitam verdim. Bu yolda zalımlara daha zalım, adillərə daha adil oldum, amma çifayda... Vücudumdakı naqisliyi unutmaq istədiyim halda düşmənlərim də, dostlarım da onu yadıma salmaqdan həzz duydular, şah adıma xacə sözü pərçim elədilər. Üzümə adil hökmdar deyib, xəlvətdə qəddar, xünxar söylədilər, səbəbini də xacəliyimdə gördülər. Bir oğlunun boynunu vurdurub, ikisinin gözünü tökdürən Şah Abbasa, vəliəhdi Rzaqulu xanın gözlərinə mil çəkdirib kor eləyən Nadir şaha qəddar demədilər. Bu minvalla mənim xeyirə, mərhəmətə açıq qəlbimi daşa döndərdilər. ...ruhumun kamilləşməsi yolunda görəcəyim işlər çıxdı yadımdan. Gecələr dua elədim, ...gündüzlər baş kəsdim, qan tökdüm, ...günahlar yığdım üstümə, amma bu ...mənim taqsırım deyildi, bu hər bir hökmdarın tale yazısıdır, zira hakimiyyət və mütləq ədalət, bunlar bir-birindən nə qədər uzaqdır...
Əgər S.Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd Şah hər cəhətdən pislənir və aşağılanırsa, Ə.Əmirlinin bu pyesində Qacar şahının demək olar ki, bütün əməllərinə bəraət qazandırılır, o, bir hökmdar kimi ideallaşdırılır. Yəni bu əsər “Vaqif” əsərinə layiqli bir əks-alternativ kimi çıxış edir. Hesab edirik ki, bir tarixi şəxsiyyət kimi Qacar şahı məhz ikinci münasibətə layiqdır. Ona görə də Ə.Əmirlinin bu əsəri də ən yüksək səviyyədə tərifəlayiq bir əsərdir.
Ədəbiyyat:
1. Aqil Abbas, Batmanqılınc. Roman. Bakı-1995.
2. Əbdürrəhim bəy Haqverdiyev, Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı-2005. Səh. 152-197: “Ağa Məhəmməd Şah Qacar” faciəsi.
3. Əli Əmirli, 15 pyes. Bakı-2006. Səh. 518-563: “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd Şah Qacar” pyesi.
4. Jan Gevr, Xacə şah. Tarixi roman. Bakı-2012.
5. Nüsrət Kəsəmənli, Seçilmiş əsərləri. Bakı-2004. Səh. 12-36: “Yaddan çıxmaz Qarabağ” epik-dramatik poeması.
6. Səməd Vurğun. Seçilmiş əsərləri. 5 cilddə. IV cild. Bakı-2005. Səh. 7-135: “Vaqif” mənzum dramı.
7. Yusif Vəzir Çəmənzəminli, Əsərləri. 3 cilddə. II cild. Bakı-2005. Səh. 451-662: “İki od arasında” romanı.
Şirvani Ədilli
Teref.az