“Bundan sonra Rusiyadakı həmvətənlərimizin əsas vəzifəsi öz hüquqlarını qorumaq olmalıdır...”
Bu gün, 11:57

“Tatarlarla, qazaxlarla, qırğızlarla, özbəklərlə, taciklərlə və s. birgə həmrəyliyin daha da gücləndirilməsi də vacibdir...”
“Rusiyada yaşayan həmvətənlərimizin öz haqq və hüquqlarını qoruması məsələsində onu da nəzərə almaq lazımdır ki, Rusiyadakı azərbaycanlılar digər türk və müsəlman kökənli diaspor təşkilatları ilə birgə fəaliyyət göstərərək, bir çox istiqamətlərdə daha çox təsir gücünə malik ola bilərlər. Bu baxımdan tatarlarla, qazaxlarla, qırğızlarla, özbəklərlə, taciklərlə və s. birgə həmrəyliyin daha da gücləndirilməsi də vacibdir”.
Bu fikri Moderator.az əməkdaşının “Hazırda artıq Rusiyadan Azərbaycan diaspor liderlərinin də deportasiya edildiyi bir şəraitdə belə çıxır ki, Rusiyadakı həmvətənlərimizin bundan sonrakı əsas vəzifəsi öz haqq və hüquqlarını müdafiə etmək üçün bütün qüvvələrini birləşdirmək olmalıdır?” sualını cavablandırarkən AzVP sədri Akif Nağı dilə gətirib.
“Əvvəlki illər ərzində diaspor təşkilatlarımızın əsas fəaliyyəti Azərbaycanın təbliğatı üzərində qurulmuşdu. Biz dünyaya ölkəmizin gücünü, mədəniyyətini, tarixini tanıtdıq. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın müddətdə öz soydaşlarımız arasında vətənpərvərlik duyğularını təşviq etdik, digər xalqlar arasında isə Qarabağın Azərbaycana məxsusluğu barədə təbliğat apardıq. Ancaq indi bir addım da irəliləməliyik. İndi artıq vaxtıdır ki, oradakı soydaşlarımız öz haqq və hüquqlarını açıq şəkildə müdafiə etsinlər. Bunu Rusiya da başa düşməlidir. Bütün dünya miqrantların hüquqlarını müdafiə etmək üçün mübarizə apararkən azərbaycanlılar da öz hüquqlarımızı müdafiə etməkdən çəkinməməlidir”, -davamında partiya sədri diqqətə çatdırıb.
“Düşünürəm ki, burada bir paralel də çəkə bilərik. ABŞ-da Donald Tramp prezident kürsüsünə əyləşdikdən az sonra miqrantlara qarşı sərt siyasətlər yürütdü. Lakin Birləşmiş Ştatlardakı miqrantlar birləşərək, sarsılmaz bir iradə ilə öz haqlarını müdafiə edərək, Trampı xeyli dərəcədə geri çəkilməyə məcbur etdilər. Bu da Rusiyadakı soydaşlarımıza bir dərs olmalıdır. Onlar da hər zaman öz haqlarını müdafiə etməlidirlər, çünki onlar haqlıdırlar”, - deyə Akif Nağı yekunlaşdırıb.
Sultan Laçın