"Sabah vətəni də satarsan" – Ən xarizmatik aktyorlarımızdan biri haqda 10 MARAQLI FAKT

21-06-2021, 18:57           
"Sabah vətəni də satarsan" –
Azmarka.az özünün böyük oxucu marağına səbəb ola "Unudulmuş unudulmazlar" rubrikasında hazırda 89 yaşında olan və Azərbaycan kinosunun ən xarizmatik aktyorlarından biri sayılan Tofiq Mirzəyev haqqında maraqlı faktları təqdim edir.

***
1
Tofiq İbrahim oğlu Mirzəyev (Tofiq Mirzə) 1932-ci ildə Gədəbəydə anadan olub. Moskvada konservatoriyanın nəzdində filarmonik məktəbdə, Azərbaycan Dövlət Konservatoriyasının klarnet şöbəsində (1964) təhsil alıb. Daha sonra Mərkəzi Televiziyanın rejissorluq kurslarında oxuyub.

Azərbaycan televiziyasında 25 il fəaliyyət göstərib. Səs rejissoru, daha sonra rejissor olub.

Xarici film istehsalçılarının “Cinahsız cəbhə” (1974, rejissor İqor Qostyev / Rusiya), “Cəhbə arxasında cəbhə” (1977, rejissor İqor Qostyev / Rusiya), “Düşmən arxasında cəbhə” (1981, rejissor İqor Qostyev / Rusiya, Çexoslovakiya, ADR) filmlərində Həsən Əliyev rolunda, “Müsahibə alan adam” (1986, rejissor Yuri Maruxin / Belarus) filmində çəkilib.

1976-cı ildən Əməkdar artist olan Tofiq Mirzəyev hazırda İsraildə yaşayır.

2
Tofiq Mirzəyevin İsrailə köçməsinin və burada yaşamağa başlamasının səbəbi anası Bellə İlyinşinanın əslən yəhudi olması idi.

3
Tofiq Mirzəyev kinodakı rolları ilə yaddaşlarda iz buraxmasına baxmayaraq, kinematoqrafiyayadək onun peşəkar musiqi karyerası olub. O, Azərbaycan Konservatoriyasının klarnet sinfini bitirib. Əvvəlcə Bakıda, sonra Moskvada Böyük Niyazi onu klarnet ifaçısı kimi görərək Dövlət simfonik orkestrinə dəvət edib və T.Mirzəyev maestronun rəhbərliyi altında orkestrin tərkibində Azərbaycan və dünya simfonik musiqilərini ifa etməyə başlayıb.

Onun rus və Avropa bəstəkarlarının klassik musiqilərinə, Q.Qarayevin, C.Hacıyevin, F.Əmirovun, Niyazinin özünün əsərlərinə dərindən bələd olması da məhz buradan qaynaqlanır. Lakin Tofiq Mirəzyev lap gənc yaşlarından klassik musiqi ilə yanaşı, cazla da maraqlanıb. Üstəlik, bununla da kifayətlənməyərək Pərviz Rüstəmbəyov, İsmayıl Kələntərov, Vaqif Mustafazadə, Tofiq Şabanov kimi adlı-sanlı Azərbaycan cazmenləri ilə birlikdə caz musiqiləri ifa edib.

4
Tofiq Mirzəyev xatirələrində təmsil olunduğu nəslin caza olan həvəsi barədə belə yazır: "Məhz 50-ci illərdə bizlər, müharibədən sonrakı dövrün uşaqları "Günəşli vadinin serenadası", "Dinki-Cazdan olan Corc"un ovsununa düşdük, ispan, italyan, fransız mahnılarının sədaları Bakı küçələrini bürüdü. Elə o vədələrdə də ilk dəfə radio məlumatlarına qulaq asmağa başladıq. Var-gücləriylə o səsi batırırdılar, amma bu hay-küyün və cırıltının içində belə bizim cavan qulaqlarımız "Amerikanın səsi"nin Tanjer vasitəsiylə bütün dünyaya yayımladığı bir saatlıq proqramını tuta bilirdi. Yeri gəlmişkən, məncə, böyük caz ifaçısı Pərviz Rüstəmbəyov Bakıda müharibə illərində öz qəbuledicisini təhvil verməyən yeganə insan idi. Onun evində inqilabdan əvvəlki nəhəng palıd şkaf var idi. O, qəbuledicini gizlədib bura lampa quraşdırıb keçirmişdi və gecələr caza qulaq asırdı... Bizlər, cazla maraqlananlar kifayət qədər risk edirdik. Çünki caz qadağalar altında idl. "Bu gün caz ifa etsən, sabah da vətəni satarsan". Təbii ki, biz çox ehtiyatlı idik və çalışırdıq ki, öz içimizə heç kimi buraxmayaq".

5
T.Mirzəyevin ehtiyatlılıq barədə dedikləri təsadüfi deyil. Çünki özü də dediyi kimi bu həmin dövrdə "vətənə xəyanət" kimi qiymətləndirilir.

Bunun nəticəsidir ki, hətta Pərviz Rüstəmbəyov repressiya olunmuşdu. Həmin repressiya cazsevərlərin arasına qoşulan çekist sayəsində gerçəkləşmişdi.
Haqqında danışılan çekistin kimliyi T.Mirzəyevə təxminən otuz il sonra məlum olmuşdu. Bir az da konkretləşdirsək, 80-ci illərdə Moskvada Tofiqlə artıq DTK polkovniki rütbəsində görüşən həmin adam etiraf edir ki, hər halda o, heç kimi satmayıb. Lakin əvəzində özü də cazın qızğın pərəstişkarına çevrilib və hazırda caz musiqilərindən ibarət sanballı kolleksiyaya malikdir.

6
Qeyd edək ki, sağlamlığında qəfil yaranan problem onun musiqi karyerasına son qoyub. Belə ki, Tofiq Mirzəyev 1960-cı ildə ağır xəstələnir və həkimlər ona klarnetdə ifa etməyi qadağan edirlər.

7
Peşəsini dəyişmək məcburiyyətində qalan Tofiq Mirzəyev çox sevdiyi televiziya işini seçir. Bu məqsədlə Moskvaya oxumağa gedir və Mərkəzi Televiziyanın rejissorluq kurslarına daxil olur. Kursları bitirdikdən sonra rejissor peşəsinə yiyələnir.

Ardından Azərbaycan Televiziyasında işə düzələn Tofiq Mirzəyev burada 25 il fəaliyyət göstərir. O, Azərbaycan Televiziyasında ilk musiqi proqramlarını hazırlamağa başlayır. Rejissor, həmçinin burada bir neçə film-konsert ("Abşeronun nəğmələri", "Niyazinin simfoniyası" və s.) nümayiş etdirib. Həmin dövrdə AzTV-nin baş rejissoru olan Arif Babayev ona televiziyada ilk addımlarında, sonra isə kinoda kömək edib.

8
Tofiq Mirzəyevin kinoda ilk təcrübəsi olan "Uşaqlığın son gecəsi" filmi olub. Bu filmdə oynadığı rol sayəsində tamaşaçı rəğbəti qazanıb və yaddaşlara əbədi həkkk olunub.

Yazıçı Anarın dediyinə görə, kinostudiyanın Bədii Şurasının sözügedən filmə baxışından sonra o, həyəcanlı imiş. Kinostudiyanın direktoru, incəsənət məsələlərində heç bir güzəştə getməyən Ədil İsgəndərov onu kabinetinə çağırır.

"Hə, indii deyəcək ki, get, get öz işinlə məşğul ol, səndən aktyor çıxmaz" - direktorun qəbuluna gedərkən Tofiq belə düşünürmüş. Ədil İsgəndərov isə cəmi bircə kəlmə deyib: “Sən çəkiləcəksən!"

Bundan sonra Tofiq Mirzəyev 35 filmə çəkilib, özü də təkcə "Azərbaycanfilm"də yox, (əlbəttə, əsasən orada), həm də "Mosfilm"də, Dovjenko adına kinostudiyada...

9
Özünü "dünyanın vətəndaşı" adlandıran Tofiq Mirzəyev, əvvəl də qeyd etdiyimiz kimi, hazırda İsraildə yaşayır və ictimai fəaliyyətlə məşğul olur. Aktyor burada fəaliyyət göstərən Hayfa-Bakı cəmiyyətinin üzvüdür.

Yenə yazıçı Anarın bildirdiyinə görə, həyat yoldaşı Elmira Səfərovanın ölümü Tofiq Mirəzyevə dəhşətli sarsıntı yaşadıb: “Həyat yoldaşının vəfatından sonra Tofiq, şərait elə gətirdi ki, İsraildə məskunlaşmalı oldu (onun mərhum anası Bellə İlyinşina yəhudiydi). Amma Bakı - dünyaya gəldiyi, işlədiyi, məhəbbətini, dostlarını tapdığı bu şəhər onu həmişə özünə çəkir”.

10
Aktyor Tofiq Mirzəyevin Teymur adlı oğlu var və o da Avropada yaşayır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.