Aqil ABBAS: BƏLKƏ RUS DİLİNİ QADAĞAN EDƏK?
6-09-2021, 18:06
Təhsil eksperti Kamran Əsədov məsələ qaldırıb ki, 1-4-cü siniflər üçün rus məktəbləri bağlansın. Əvvəla, 4 il Azərbaycan dilində oxuyan cocuq 4 ildən sonra rus dilini necə mənimsəyə bilər?
Bunu atdım kənara. Ümumiyyətlə, söhbət gedir ki, rusdilli məktəblər bağlansın, bizə lazım deyil. Guya bu, vətənpərvərlikdi. Deməli, ingilisdilli, fransızdilli, almandilli məktəblər işləyə bilər, çünki bu məktəblər oliqarxların və imkanlı adamların övladları üçündü. Bu məktəblərdə təhsil haqqı eləsi var ki, 15 min dollardı. Ən ucuzu deysən, 4-5 min dollardı. Heç bir adi, sıravi vətəndaşın bu məktəblərdə oxuma imkanı yoxdur. Deməli, onlar gedib oxumalıdırlar, qalan camaat onların övladları üçün bağbanlıq, sürücülük, dayəlik, bir sözlə, nökərçilik etməlidi.
Ulu Öndər Heydər Əliyev 1969-cu il hakimiyyətə gələnədək elə belə idi. Vacib universitetlərdə və vacib fakültələrdə yalnız imkanlı adamların övladları oxuyurdu. Ulu Öndər bunu kökündən dəyişdi. Hətta hüquq fakültəsinə, şərqşünaslıq fakültəsinə vəzifəli adamların övladlarının götürülməsini qeyri-rəsmi yasaqladı.
Bundan başqa, hər il Rusiyanın müxtəlif ali təhsil müəssisələrində təhsil almaq üçün 2 minə qədər imkansız ailələrin övladlarını oxumağa göndərdi, özü də imtahansız. Sonra gənclər qayıtdılar və ölkənin aparıcı kadrlarına çevrildilər və bu gün də həmin kadrların çoxu ləyaqətlə bu dövlətə qulluq edir.
Rus bölmələrində adətən orta təbəqənin və aşağı təbəqənin övladları oxuyur. Çünki təhsil pulsuzdu.
Hörmətli Kamran müəllim məsələni başqa cür qoymalı idi. Niyə?
Heç kimə sirr deyil ki, rus bölməsindəki təhsil Azərbaycan bölməsindəki təhsilin səviyyəsindən iki və bəlkə də daha çox artıqdı. Və imkansız adamlar da bunu nəzərə alıb övladlarını rus bölmələrində oxudurlar, həm təhsilin səviyyəsinə görə, həm də lazım olarsa Rusiyanın yüksək ali təhsil müəssisələrində övladlarını oxuda bilsinlər.
Kamran müəllim, buyur, məsələ qaldır ki, Azərbaycan Təhsil Nazirliyi təhsilimizin səviyyəsini qaldırsın.
Görün təhsilimizin səviyyəsi nə gündədir ki, 700 ballıq sistemdə 200 balla və ya daha aşağı balla universitetlərə qəbul olmaq mümkündür. 200 balla universitetə daxil olan sabah necə mütəxəssis olacaq və bu ölkəyə nə xeyir verəcək?
Bundan yapışmaq lazımdı, təhsilimizin səviyyəsini qaldırmaq lazımdı.
Kamran müəllim, məsələ qaldıra bilərmisiniz ki, ingilis, fransız, ya almandilli məktəblər bağlansın?
Sağ olun, Allah işinizi avand eləsin və nə isə…
Və heç kim məni qeyri-vətənpərvərlikdə təqsirləndirə bilməz.