Vətəndaşı "Tarzan" məmləkət... ..
6-12-2021, 08:02
Yenə vətəndaşların problemlərini işıqlandıran, liberal media susduruldu.
Yenə hara çalışdığı bəlli olmayan xarici blogerlər və Azərbaycanda çalışan, harada yetişdiyi bilinməyən, müxbirləri dirildi.
Yenə sosial problem mövzusu liberal medianın necə deyərlər kurasiyasından çıxdı. Yenə xarici media, blogerlər və beynəlxalq "hüquq müdafiə" təşkilatlarının əlinə keçdi.
Yenə Bakı küçələrində hay-haray, qışqırıq səsləri eşidilməyə başladı.
Yenə sürətlə dövlətlə vətəndaş arasında uçurum yaradılması işinə start verildi.
Yenə əlahəzrət məmurlar vətəndaşa haqsızlıqlara yol verməyə başladı.
Qırx dörd günlük müharibədən sonra, islahatlar da səngidi, çünki Qarabağ masadadır. Dövlətin var olmaq məsələsi gündəmdədir indi.
Və...illərdir deyirdik, vətəndaşı ələbaxım öyrətməyin!
Yalquzağa döndərməyin!
Dilənçilik öyrətməyin insanlara!
Ələbaxım və dilənçinin dövlət marağı, dövləti olmur, ola bilməz.
Əlinizdə bu xalq kimi zəhmətkeş və öyrənməyə meyilli, sadəlövh, minimuma qane olan insan "materialı" var. Ondan yaxşı vətəndaş yetişdirin. Hətta dövlət başçısı da çıxışlarında yaxşı vətəndaşın vacib şərt olmasına işarə edir. Amma hanı? Hara baxırsan,
Öyrənmək üçün, dərnəklər ödənişli!
Yaxşı musiqi məktəbləri ödənişli!
Muzeylərə giriş ödənişli!
Film zalları, teatrlarda bilet qiymətləri kütləni yetişdirməyə hesablanmayıb. Hər şey vətəndaş qazanmağa yox, vətəndaşdan qazanmağa yönəlib.
Üstəlik, vətəndaşa mədəniyyət, milli musiqi, tarix, dövlət, dövlətçilik, haqq, hüquq öyrədilməsi, yəni milli ideoloji xətt zədəli.
Qiymətlər bahalaşır, məmur vətəndaşın üzünə durur!
Şəhidin statusu verilmir, məmur deyir döyüşdə ölməyib!
Qazi müalicəsizdir, dövlət qurumu sənəd vermir. "Yaşad" fondunu hədəfə alırlar.
Yeri gəlmişkən deyim. O fond ianələrlə ayaqdadır və ondan maliyyə çalmaq mümkünsüzdür. Bəlkə də məsələ bu. Ordan çala bilməmək. Maliyə çıxarılışı yalnız rəsmi sənədlərə bağlıdır. Problemi orda yaradırlar, bir nazirlik əlillik sənədini, o biri döyüşdə iştirak etməsi haqda arayışı vermir. İstisnalar da eləmək olmur, çünki birinə ediləcək, on biri üstünə gələcək. Məsələ yenə ona dirənir ki, yazıq adamlar bu proseduru bilmir. Problemlər və ehtiyaclar da o qədər çox ki, öyrənib araşdırmağa nə zaman, nə imkan, nə də səbr var.
İndi deyəcəyimdən kimsə inciməsin. Azərbaycan vətəndaşı, mənə Tarzanı xatırladır. Çalışır, amma birtəhər yaşayır, sivil yox. Onu sivil olmağa qoymurlar. Düzü mən buna müharibənin yaratdığı məmur eyforiyası deyirəm. Yəni Qarabağ alındı, məsələ bitdi. Daha vətəndaş media, özü də liberal imzalar, lazım deyil. Adına aqressiv, radikal, müxalifət qoyaq vuraq, sıradan çıxaraq getsin.
Əslində o liberal media da lazımdır, sağlam VƏTƏNDAŞ da, əqidəli, dövlətçi, milli ruhlu məmur da.
İndi vətəndaşı belə olmalı məmləkətin. Gözəl əlbisəsinin altından, zirehli geyimli. Vətəndaşa hərbi geyimi unut, onu soyun demək olmaz. Ən azı indi olmaz. Çünki hələ savaş bitməyib. Ölkə proseslərin tən ortasındadır. Bu səddi Azərbaycan tarix boyu aşa bilməyib. Ona görə əsirlərdir əzilib, parçalanıb. İndi oranı, tarix boyu aşılmazı, aşmaq, həyati vacib şərtdir. Hələ ki, xırda məmur və sosiala yönəlik problemlərdən dolayı bu alınmır.
Əslində bunu tez zamanda anlamaq lazım, dövlətə sosial problemi çözülmüş, şəxsiyyəti tam vətəndaş gərəkdir. Bu prosesi əngəlləyən hər kəs, bir gün mütləq tarixin dar ağacından asılacaq.
Jalə Mütəllimova
Teref.az