NATO ölkələri Rusiyadan neft almaya bilərmi?
Bu gün, 10:06

ABŞ prezidenti Donald Tramp deyib ki, NATO ölkələri Vaşinqtonun Moskvaya sanksiyaları sərtləşdirməsini istəyirlərsə, Rusiyadan nefti almağı dayandırmalıdır. AzadlıqRadiosunun aparıcı müxbiri Rey Förlonq radionun macar xidməti ilə birlikdə hazırladığı məqalədə bunu gerçəkləşdirməyə həm vaxt gedəcəyini, həm də çətin bir proses ola biləcəyini yazır.
Hazırda NATO-nun üç ölkəsi Rusiyadan xam idxal edir: Macarıstan, Slovakiya və Türkiyə. Ən böyük idxalçı isə Türkiyədir.
Ən böyük idxalçı NATO ölkəsi Türkiyədir
Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin (CREA) Vilnüsdə yaşayan analitiki Petras Kanitas AzadlıqRadiosuna deyib ki, əllərindəki data Türkiyənin dünyada Rusiya neftinin üçüncü ən böyük alıcısı olduğunu göstərir.
"Türkiyə Rusiya neftini ciddi endirimdə olduğu üçün alır. Türkiyə Rusiya xam neftini emal edib yanacaq məhsullarını Avropaya satmaqdan da qazanır", – o söyləyib.
Tramp Rusiya neftini idxal edən ölkələrə ikinci dərəcəli tariflər tətbiq etmək ideyasını da irəli sürür. O, Hindistana oxşar tariflər elan edib.
Tramp sentyabrın 13-də "Truth Social" postunda NATO ölkələrinin hamısını belə idxalı dayandırmağa çağırıb.
"İndiyədək Trampın hədələri, əsasən, Hindistana, müəyyən qədər də Çinə yönəlmişdi. Türkiyənin adı çəkilmirdi. Ona görə də bu, maraqlı gəlişmədir", – Kiyevdə yerləşən KSE İnstitutunun baş iqtisadçısı Bencamin Hilqenstok deyir.
Məqsəd Rusiya iqtisadiyyatını əsas ixrac mənbələrinin birindən məhrum etmək, Kremli 2022-ci ildə Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibəni dayandırmaq üçün ciddi danışıqlara məcbur etməkdir.
Hilqenstok deyir ki, Türkiyəyə ixracı itirmək Moskvaya böyük problem yaradar. Amma Türkiyənin emal zavodları xam neftin 90 faizini Rusiyadan alır və bunu bir gecəyə dəyişmək mümkün deyil. Türkiyə həm də Rusiya neft məhsullarının böyük idxalçısıdır. Bir məsələ də var ki, Türkiyə Avropa İttifaqının (Aİ) üzvü deyil, yəni Macarıstan, yaxud Slovakiya qədər təzyiqə məruz qalmır.
İradə məsələsi
Budapeşt və Bratislava isə dəfələrlə bildiriblər ki, "Drujba" boru kəməri ilə axan Rusiya neftindən asılıdırlar.
Avqustda Ukraynanın hava zərbələri bu kəməri dəfələrlə sıradan çıxarıb. Onda Macarıstanın xarici işlər naziri Peter Siyarto deyirdi ki, "Drujba" ilə nəql uzun müddət mümkün olmazsa, o zaman Macarıstan və Slovakiyaya neft tədarükü də alınmayacaq.
Amma Avropa İttifaqı 2027-ci ilə qədər Rusiyadan enerji idxalını tamamilə dayandırmağı hədəfləyib. Bu, Aİ-nin daxili bazar qaydaları ilə gerçəkləşdiriləcək, Macarıstan və ya Slovakiya bu qərara veto qoya bilməyəcək.
Analitiklərin fikrincə, hər iki ölkə Xorvatiya üzərindən Trans-Adriatik boru kəməri ilə neft idxal edə bilər.
"Diversifikasiya texniki baxımdan həllolunmaz problem deyil, daha çox siyasi və iqtisadi iradə məsələsidir", – bunu "Erste Bank"ın neft və qaz üzrə analitiki Tomaş Pletser bu ayın əvvəlində AzadlıqRadiosunun macar xidmətinə deyib.
"Bu, yanacağın qiymətini artıra bilər, amma azad bazar olduqca çatışmazlıq yaşanmaz", – o əlavə edib.
CREA-dan Kanitas Çexiya Respublikasının bu ilin əvvəlində Rusiya neft tədarükündən tamamilə imtina etməsini misal çəkir: "Onlar sözlərinə əməl etdilər".
İkinci dərəcəli tariflər
Trampın NATO ölkələrini Çini Rusiyanın müharibəsinə dəstəyinə görə cəzalandırmaq üçün bu ölkəyə 50-100 faizlik tariflər qoymağa da çağırıb.
Tramp indiyədək dəfələrlə yeni ticarət şərtlərini qəbul etməsi üçün Çinə verdiyi son möhləti uzadıb. Amma Çin heç geri çəkilməyə meyl göstərməyib.
Respublikaçı senator Lindsi Qrem də Trampın bəyanatını dəstəkləyib. O, Rusiyanın ticarət tərəfdaşlarına sərt tariflər tətbiq olunması ilə bağlı qanun layihəsini irəli sürüb.
Amma Avropa artıq Vaşinqtonla yüksək tariflərlə işləyir deyə, Çinlə ticarəti davam etdirməyə daha çox ehtiyac duyur.
Sentyabrın 15-də Çinin Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Çinə tariflər tətbiq edərsə, sərt cavab tədbirləri görüləcək.
Hazırda Avropa liderlərindən heç biri tarifi artırmaqdan danışmayıb. Rusiya neftinin idxalının azaldılması yönündə də elə bir addım atılmayıb.
Hilqenstok deyir ki, belə bir addımın atılması üçün Tramp Macarıstan, Slovakiya və Türkiyə liderləri ilə şəxsən danışmalıdır: "Bu, Trampın dostları – Viktor Orban, Robert Fitso və Rəcəb Tayyib Ərdoğanla şəxsən aparmalı olduğu bir söhbətdir".