20 Yanvar milləti
20-01-2022, 07:44
Əsarətdə yaşayan toplumların əlamətdar cəhətləri olur. Ən böyük faciələri imperiyadan aldıqları zərbələr, ən möhtəşəm bayramları imperiyaya qarşı dirənişlərinin tarixi sayılır. Bizdə də belədi. 20 Yanvar hadisəsi də bu sıradadı. Aldığımız zərbə nə qədər ağrılı və acı olsa da, bunun istiqlal qabağı sonuncu ağrı olduğunu anladıq – məhz burdan baxanda 20 Yanvar həm də dirəniş, qələbə, qorxunu və köləliyi yenmə hekayəmizdi. Tarixə köçmüş və həyatda qalan bütün qəhrəmanlarımızı ehtiramla xatırlayırıq.
O hadisədən sonra Azərbaycan imperiya varislərinə lap zərurətdən də nə qədər ilıq münasibət sərgiləsə belə, Şəhidlər Xiyabanı durduqca Moskva da, biz də o hekayəni unutmayacağıq. Münasibətin əslini gizlədə bilməyəcəyik. Bu, vacibdi. Cari məsələlərdə siyasət və diplomatiya çox şey tələb edə bilər. Hətta biz də bu tələbləri səmimiyyət və ciddiyyətlə həyata keçirə bilərik. Amma tarixi və mental şüur işin əslini unutmağa qoymur, qoymayacaq. Biz fəlakətin səmtini tanıyırıq.
İmperiyaya qarşı və istiqlal uğrunda mübarizəni millət olaraq aparırdıq. İndi isə dövlət var, siyasət və diplomatiya dövrüdür, bunu da dövlət apar(ır) malıdır. Siyasət nəzəriyyəsində dövlətlərin haqqında, xüsusilə də azadlıqlar və hüquqlar baxımından, xeyli fərqli fikirlər mövcuddur. Dovlətləşməni inkar edənlər, ifrat liberalizm və ultra demokratizm tərəfdarları var. İnsan olan hər kəs hüquqları və onların ideal səviyyədə təmin olunmasını seçər, bu, təbii bir seçimdir. Yalnız unutmamalıyıq ki, biz dünyadan təcrid olunmuş şəkildə yaşamırıq. Nə qədər ki, dünya dövlətlər və toplumlar üzərindən siyasət aparır, biz də bu oyun qaydalarını, həm də üst səviyyədə qəbul edib, ona əməl etməyə məcburuq. Odur ki, bəzən fəlakət ünvanından gələn aşkar və gizli təzyiqləri, təhdidləri, təhlükələri adekvat dəyərləndirmək lazımdır. Dövlətin bu təhlükələrə yanaşmasının ölçü-biçili və realist olması nə qədər təbiidirsə, toplumun tarixi-reflektiv reaksiyaları və ideyalar üzərindən yanaşması da o qədər məqbul, anlaşılan və hətta zəruri sayılmalıdır. Əlbəttə, dövlətlə bağlı hissədə idarəçi komandanın – hakimiyyətin ifrat, istiqlalı zədələyəcək addımları heç bir halda reallıq adı altında pərdələnməməlidir.
Ölkədəki bütün çatışmazlıqlara, məyusluq doğuran hallara, hədləri keçən qarşıdurma epizodlarına baxmayaraq, hər il yanvarın 20-də, qoy olsun lap bircə günlüyə millət olmaq imkanı yaranır. Və bir-birinə iradı, haqlı-haqsız etirazı olan qüvvələrin və şəxslərin bu gün bir sırada düzlənməsi keyfiyyətcə yeni, geridə qalan 363 gündəkindən fərqli bir toplumun yaranması deməkdir. Hansısa siyasi qüvvənin deyil, özünün işi saydığı hər məsələdə – istiqlal yolunda, torpaq və bayraq uğrunda bir olmağı bacaran toplumun…
*
Hər il yanvarın 20-də gün doğanda ölkənin hər tərəfindən üzü Şəhidlər Xiyabanına sirli bir izdiham axır. Dünən gecə sonuncu rüşvətini alıb yatağına uzanan, sonuncu oğurluğunu edib evinə qayıdan, sonuncu pisliyini edib qələmini yerinə qoyan… hər kəs gün doğanda yuxudan millət kimi oyanır. Gün boyu Xiyabana axışan izdihamın içində hamı bir-birini rahatca anlayır, orda birlik də var, anlayış da, illərdi əlimizi atanda dadımıza yetməyən, tapa bilməyib əlimizi üzdüyümüz, yalnız kritik anlarda özünü göstərən toplum şüuru da… Orda hamı eyni şey haqda düşünür, eyni yolu gedir, yıxılana hamı kömək edir, öndə gedən arxadakının yolunu kəsmir, arxada gələn öndəkini təpikləmir… Bu mübhəm varlığın, canlı orqanizmin ömrü gün batana qədərdi. Günəş qürub edib qaranlığa uduzanda o nəhəng toplum da əriyib yoxa çıxır… Sabah yenidən dünənki kimi oyanmaq, dünənki kimi yaşamaq üçün… Bu sirli, nəhəng, birgünlük izdiham nə yanvarın 19-da mövcuddur, nə də 21-də. Bu, ayrı bir millətdi.
20 YANVAR MİLLƏTİ…
Qabil Abbasoğlu
pressklub