Postamentsiz "el atası" müzakirələrində "haqlı" və "haqsız" tərəf...

20-01-2022, 18:20           
Postamentsiz "el atası" müzakirələrində  "haqlı" və "haqsız" tərəf...
Nəhayət müstəqilliyimizin 31-ci ilində Azərbaycan xalqının inkişafı üçün əlindən gələni əsirgəməyən böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş heykəli Bakının mərkəzində - “İçərişəhər” metrostansiyasının qarşısında quraşdırıldı. Heykəlin açılış mərasimindən sonra sosial şəbəkələrdə heykəl haqqında müxtəlif fikirlər səsləndi. İzləyicilərin təxminən 70 faizindən çoxu heykəlin böyük messenant Tağıyevə layiq olmadığını dilə gətirdi.
4-cü hakimiyyət nə deyir?
Aygün Muradxanlı: Niyələr çoxdur… Biri də “niyə rus çarının verdiyi ordenlərlə”dir. 100 il öncənin Bakısında siyasəti, elmi, mədəniyyəti Hacı Zeynalabidin Tağıyevsiz təsəvvür etmək mümkün deyildi.
Bu, Bakının mərkəzinin az qala yarısını tikən, şəhərə su çəkdirən, qız məktəbi, mətbəə açan, gəncliyi elm dalınca Avropaya göndərən, ünlü dünya memarlarını Bakıya gətirən, nefti şəhərin, ölkənin, millətin həyatında rifaha çevirmək üçün durmadan çalışan, qara qızılın hesabına iqtisadiyyatın digər sahələrini inkişaf etdirərək yeni kənd təsərrüfatı, sənaye sahələri yaradan, hamamdan teatra qədər hər nəsnənin lüksunu quran millət fədaisinin obrazıdır?
Heç də…
Ləman Əliəşrəfqızı: Bəyəndinizmi Tağıyevi? Daha möhtəşəmini haqq etmirdimi?
İlqar Rəsul: Əslində Tağıyevin heykəlinə xəsarət yetirilməsinin faydalı mesajı var. Cəmi bir gün keçməmiş bu hadisənin baş verməsi onu göstərir ki, heykəl digərləri kimi hündürdə - podstament üzərində qoyulmalıdı. Bu halda həm toxunulmaz olar, həm də əzəmətli görünər. İndiki vəziyyətində isə kim istəyir, gəlib əlini Tağıyevin çiyninə qoyub, onunla şəkil çəkdirəcək (Torqovıdakı çətirli qızla olduğu kimi). Düzdü, Tağıyev el arasından çıxmış adamdı, böyük xeyriyyəçidi, amma day hamının gəlib dirsəklənəsi biri də deyil.
Axı adam medallarını sinəsidən asıb şəhəri gəzməyə çıxmaz. Amma hündür bir yerdə dayanıb, tikdiyi, gözəlləşdirdiyi şəhərini hər cür geyimdə və əda ilə seyr edə bilər.
Xəbərlərdə danışığına diqqətlə baxanda aydın görünürdü ki, heykəltəraş da onun podstament üzərində qoyulmasını istəyirmiş ("podstament üzərində olmalı idi, amma olsun, belə məsləhət gördülər, yerdən qoyduq" dedi). Hər halda hündürdə qoyulması gec deyil (Bu halda ona xəsarət yetirmişləri "faydalı nadinclər" də adlandırmaq olardı). Yəqin ki, heykəl belə də, yerdən qalacaq və bir də ona xəsarət yetirəcəq qədər toxunan olmayacaq. Amma podstamentə qaldırılsa, yaxşı olardı. Bir vaxtlar təhsilhaqqını ödədiyi Nərimanov və digərlərinin heykəli kimi...
Hansısa səyin heykələ xəsarət yetirməyinə görə bütövlükdə milləti "vəhşi" adlandıranları da anlamıram düzü. Heykəli camaatın arasında qoyulmuş Tağıyevdən danışarkən özünü millətdən kənarda tutub ona vəhşi demək...
Hər halda məncə əsl vəhşilik heykələ xəsarət yetirmək yox, millətə "vəhşi" deməkdir...
Elnurə Abuşova: Yer niyə belədir? Eyni döşəmək olmazdımı? Ya da birləşən yerləri bərabərləşdirmək?Nəsə proporsiyalar düz gəlmir yerdə. Bəyənmədim
Şəxsən heykəli mən də bəyənmədim . Zənnimcə, Zeynalabdin Tağıyev elə bir şəxsiyyətdir ki, ona adi, sıradan bir heykəl yox, abidə kompleksi yaradılmalıydı . Həmin abidə kompleksdə Bakı-Şollar su kəmərinin tikintisi, neft buruqları, sənaye və təhsil ocaqları, Bakının imicini gözəlləşdirən arxitekturası möhtəşəm olan binalar öz əksini tapmaliydı.
Heykəltaraş nə deyir?
Təbii ki, heykələ olan münasibət heykəlin müəllifi heykəltəraş,Xalq Rəssamı Xanlar Əhmədovu hərəkətə keçirdi.O açıqlama verdi. “Orada memarlar da çalışırdı. Təkliflər var idi ki, heykəli postament üzərinə qoyaq. Dairəvi, düzbucaqlı, kvadrat olsun, yəni müxtəlif fikirlər və təkliflər var idi. Sonra qərara alındı ki, Tağıyev xalqın atası olduğuna görə, yerdə, xalqın içində olsun, onlarla təmasda olsun. Bu fikirlə heykəl bu cür qoyuldu. Heykəldi, yerdən də qoyula bilər. Burada hansısa bir problem yoxdur. Avropada postamentsiz heykəl nümunələri çoxdur”
Əlbəttə, bu heykəltaraşın şəxsi fikridir. Bütün heykəlləşən insanlar xalqın içərisindən çıxır və ümummilli məhəbbət sayəsində heykələ dönürlər.Buna görə heykəli postamentsiz qoymaq olarmı?
Nazirdən "heykəli bəyənməyənlərə" cavab...
Məsələyə mədəniyyət naziri Anar Kərimov da laqeyd qala bilmədi.O, bildirdi ki, Zeynalabdin Tağıyevin heykəli açıq müsabiqə yolu ilə hazırlanıb: “Açıq müsabiqədə bir çox layihə eskizləri təqdim edilmişdi. Ekspert komissiya seçimlərində çox səslə hazırkı əsər qalib gəlmişdi. Tənqidlərə gəldikdə isə tənqid hər zaman var. Əgər heykəl başqa bir formada olsaydı, onda da tənqidlər olacaqdı. Ona görə də biz çalışmalıyıq ki, hər tərəfin mövqeyini nəzərə alaq”
Son olaraq: tarix də, gediaşat da, zaman da göstərir ki, azlıq, çoxluğa tabedir...Azlığın çoxluğun sözünü qəribçiliyə salmaqdansa, yanlışlıqları düzəltsə, daha yaxşı olar... O zaman nə Zeynalabdin Tağıyevin təsbehi qırılmazdı, , nə də heykəli zərər görməzdi...
Əntiqə Rəşid
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.